» » İdmançılarımız dünya çempionu oldu

İdmançılarımız dünya çempionu oldu

Müəllif: Səma Zərdablı
//
Tarix: 18 iyun 2019
//
Bölmə: İdman



Tunisin Hammamet şəhərində Fransız boksu - Savat döyüş növü üzrə dünya çempionatına yekun vurulub. Kombat versiyası üzrə keçirilmiş mundiala 54 ölkədən 450 idmançı qatılıb. Azərbaycan sözü gedən yarışa Federasiya prezidenti və millinin böyük məşqçisi Rafiq Əliyevin rəhbərliyi altında 3 idmançı ilə qatılıb. Həmyerlilərimizdən Nurlan Qədimovla Tural Bayramov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıblar. Nəticədə hər iki idmançımız avqust ayında Koreyada keçiriləcək döyüş növləri üzrə dünya oyunları və noyabr ayında Fransada baş tutacaq qala döyüşlərinə vəsiqə qazanıblar. Nurlan Qədimov 5, Tural Bayramov isə 4 döyüşdə qalib gələrək öz çəkilərində ən güclü adını qazanıblar. Digər idmançımız Bəhruz Çıraqov isə 75 kq çəki dərəcəsində ən güclü üçlüyü tamamlayıb.

Savat idman növünün kombat versiyasının qaydalarına əsasən dünya çempionatında hər döyüşdə qalib gələn tərəf 3, məğlub olan isə 1 xal qazanır. Səhv zərbələrə görə aktivdən 1 xal silinir. Döyüş zamanı 3 cərimədən sonra kənarlaşdırılan idmançı məğlubiyyət almaqla yanaşı ümumi hesabından da 1 xal itirir. Yekunda ən çox xal toplayan idmançı qalib sayılır. Qeyd edək ki, Fransız boksu olan Savat döyüş növü 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına salınıb.