» » Meyitlərin altından sağ çıxan dünyaca məşhur azərbaycanlıdan İNANILMAZ SÖZLƏR: 27 il öncə Şuşada...

Meyitlərin altından sağ çıxan dünyaca məşhur azərbaycanlıdan İNANILMAZ SÖZLƏR: 27 il öncə Şuşada...

Müəllif: Səma Zərdablı
//
Tarix: 14 iyun 2019
//
Bölmə: Müsahibə
Meyitlərin altından sağ çıxan dünyaca məşhur azərbaycanlıdan İNANILMAZ SÖZLƏR: 27 il öncə Şuşada...


Dünya şöhrətli fotoqraf, savaşları obyektivindən susduran Reza Deqatinin vətəndə növbəti sərgisinin açılışı oldu. “Odun ruhu” adlanan sərgidə şöhrətli fotoqrafın yalnız Azərbaycanda çəkdiyi 60 foto nümayış olunur.

İstinadən Publika.az dünyanın ən məşhur fotojurnalistlərindən olan həmvətənimiz Reza Deqati ilə müsahibəni təqdim edir.

- Reza bəy, bir müddət əvvəl Qarabağda çəkdiyiniz fotolardan ibarət sərginiz təşkil olunmuşdu. Fotolar sosial şəbəkələrdə yayılandan sonra Bəhram adlı gənc özünü tanıyır. Həmçinin bildirir ki, bu, onun uşaqlığının yeganə fotosu, Şuşadan qalan tək xatirəsidir. Görüşünüz baş tutdumu?

- Bu 40 il ərzində o qədər uşaqların bəlkə də ilk və son şəkilini çəkmişəm ki, xatırlayanda ürəyim qanayır. Həmçinin Bəhram adlı bu oğlanın taleyi də... Mənə xəbər yolladılar ki, bir nəfər sənin çəkdiyin fotoda özünü, daha doğrusu, itirilmiş uşaqlığını tapıb. Oxudum, gözlərim doldu. Dedilər niyə ağlayırsan? Dedim çox gözəl hadisə baş verib. Bəhram 27 il sonra sərgimə gəldi və həmin foto vasitəsilə Şuşadakı uşaqlığına toxundu. Bu, o qədər kədərli, bir o qədər də sevincli duyğudur ki, yalnız gözlərlə ifadə etmək olur.

- “Soul of the fire” (Odun ruhu)... Sərgilərinizin adları da sənətiniz kimi dərin və təkrarsızdır.

- Düşünürəm ki, hər bir cismin ruhu var. Odun da həmçinin...

- Odun ruhunu nə rəngdədir?

- Qəribədir ki, ocağa, oda baxmaqdan zövq alıram, rahatlıq tapıram. Odun da rəngi bir, yaxud iki deyil. Minlərlə, milyonlarla çaları var. Dünyanın bütün rənglərini odda tapmaq mümkündür.

- Ümumiyyətlə, düşünürəm ki, biz oda digər xalqlardan daha çox bağlıyıq. Bəlkə də bir vaxtlar sitayiş etdiyimiz üçün genetikamıza hopub.

- Milyon illərdən bəri dünya insanı, ilk icmalar odun yörəsində toplaşıblar. Od adəm oğlunun ilk tapıntısıdır. Oda məhəbbət insanın DNT-sində var. Çünki ocaq deyəndə gözümüzün önündə ailə, istilik, süfrə, doğmalıq anlayışı canlanır. Bu yöndən yanaşsaq, od hamı üçün müqəddəsdir. Amma bizim zərdüştlükdən qalma inanclarımız, torpağımızdan od çıxması ocaq məhəbbətimizi daha çox alovlandırıb.

- Madam ki, din mövzusuna toxunduq, bəlkə də qeyri-etik sayılan sual verəcəm. Reza Deqati kimi kosmopolit, dünya insanına eyni gözlə baxan şəxsiyyət üçün din nəyə xidmət etməlidir?

- Heç vaxt insanları din, yaxud mədəniyyətlə bölməmişəm. Bu, yolverilməzdir. Hər birimiz 99 faiz insan qəlibindən ibarətik. Cəmi bir faizimiz isə din, dil, mədəniyyət, yoxsulluq, zənginlik adınadır. Bu bir faiz insanı ya vəhşiləşdirə, ya da aliləşdirə bilər. Dinlə bağlı cavabını axtardığım bir sual var. Necə olur ki, hamı tək Allaha inandığını, ibadət etdiyi halda başqa dindən olanlara sənin tanrın yanlışdır, mənimki doğrudur deyir. İnsanlar arasında yeganə müşkül budur. Bu düyünü açmasaq, yetkinliyə çatmasaq, dünyada savaşlar susmayacaq. Mənim Allahım səninkindən üstündür, doğrudur, deyən insan allahsızın ən böyüyüdür. Qəlbində tanrı sevgisi bəsləyirsənsə, hər kəsə eyni mərhəmətlə yanaşmalısan. Hamını bir gözlə görməyi bacarmalısan. Bizsə bunun əvəzinə dinlərin içində belə yeni təriqətlər yaradıb bir-birimizə düşmən kəsilirik.

- Reza Deqati planet insanına həmin vahid Tanrını, Allahı, Yaradanı göstərmək istəsəydi, nəyin, yaxud kimin fotosunu çəkərdi?

- Elə məqamlar var ki, onu foto ilə, yazı ilə göstərmək mümkün deyil. Bu, insanın öz qəlbində ola bilər. Bəziləri nəfəs alır, amma ürəkləri ölüb. Onlara nüfuz etmək çətindir.

- Reza bəy, onlarla müharibənin episentrində olmusunuz. Ölü canları əbədiləşdirmək, kadra həkk etmək fotoqrafa hansı duyğuları yaşadır?

- 40 illik fəaliyyətim dövründə savaşlarda bəlkə on minlərlə cəsəd görmüşəm. Bəzən öz canımı qurtarmaq üçün ölülərin altında gizlənmişəm. Bu ağrıları, vəhşəti yaşayandan sonra dünyaya, dünya malına başqa gözlə baxmağa başlayırsan. Ən böyük istəyin silah səslərini susdurmaq olur.

- Sülhü oyatmaq üçün dünyaya hansı mesajı vermək istərdiniz?

- Fotolarıma baxan seyrçi mütləq çatdırmaq istədiyimi duyur. Amma bir insan kiməsə qarşı addım atanda düşünməlidir ki, eyni şeyi mənə etsəydilər, necə olardım. Malımı, pulumu, oğurlasaydılar, övladımı incitsəydilər, acı çəkəcəkdim. Bəs mən nə haqla kimisə incidirəm?!

- Sizi yaradıcılığa ən çox sövq edən əsrarəngiz məkan, şəhər varmı?

- İllərim yollarda, ölkələrdə, müharibənin qaynar nöqtələrində keçib. Ayağını basdığın torpaq sənin üçün doğma olmalıdır. 115 ölkənin minlərlə şəhərində olmuşam. Bax, indi Bakıdayam. Təsəvvür et ki, deyirəm, kaş Parisdə olardım. Ora daha romantikdir, məni işləməyə daha çox motivə edir. Axı onda Bakının gözəlliyini görə bilməyəcəm. Çox dərin və fəlsəfi məsələdir. İnsanlar bunu anlaya bilsəydilər, hər anın mənasını, dəyərini bilərdilər. İngilislərin belə bir kəlamı var: “Yesterday was history, tomorrow is a mystery, today is a gift. That's why we call it present”.

- Bunu dilimizə hərfi mənada çevirəndə mənası itirəcək amma yenə də cəhd edək...

- (gülür) Keçmiş tarixdir, gələcək sehrdir. Bu gün isə bəxşişdir. Ona görə, ingilis dilində indiki zamanla hədiyyə sözü omonimdir. Hər saniyənizi sizə verilmiş ən dəyərli hədiyyə sayın.
banner125x125 banner125x125