» » Laçının azad olması Zəngəzurun taleyini həll edəcək - AÇIQLAMA

Laçının azad olması Zəngəzurun taleyini həll edəcək - AÇIQLAMA

Müəllif: Səma Zərdablı
//
Tarix: 01 dekabr 2020
//
Bölmə: Siyasət
Laçının azad olması Zəngəzurun taleyini həll edəcək - AÇIQLAMA



Əzəli türk yurdu olan Laçın işğalçı Ermənistandan Qarabağın dağlıq hissəsinə gedən yolun üzərindəki ən strateji əhəmiyyətli rayondur. Birmənalı şəkildə demək lazımdır ki, 1992-ci ildə Laçın əldən verilməsəydi, Qarabağın digər bölgələrinin işğalını gerçəkləşdirən ermənilərin bu ərazilərdə qalması və işğalın bu qədər uzun sürməsi mümkünsüz olacaqdı.
Bu açıqlamanı Metbuat.az-a AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə verib. Politoloq deyir ki, qədim türk yurdu Laçında məskunlaşmanın tarixi ən geci eramızdan əvvəl II-I minillikdən başlayıb.
''Laçın rayonunun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir.
Bununla yanaşı, Qobustan və Gəmiqayadan sonra Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılmışdır. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir.
Rayon ərazisindəki IX əsrə aid Ağoğlan qəsri, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XII əsrin abidəsi olan Malik-Əjdər türbəsi, XV əsrin yadigarı Uşaq qalası, XVII əsrin nişanələrini saxlayan Kar günbəz, orta əsrlərin yadigarları olan birtağlı və ikitağlı körpülər, su dəyirmanları və sair kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, işğala qədərki dövrdə Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr var idi''.
Elnur Kəlbizadə bildirdi ki, çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuş bu ərazinin ilk adı türk “Abdal” tayfasının adından götürülmüşdür.
''1924-cü ilə qədər indiki Laçın rayonu məhz “Abdallar” adlanmışdır. Bu ad “Ağ hun” tayfasının adını əks etdirir. Əsasında “Abdal” tayfasının adı olan etnotoponimlərə başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə rast gəlinir. Hələ VI əsrdə suriyalı tarixçi Zaxari Ritor Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli “Abdal” tayfasının da adını çəkmiş, alban tarixçisi Musa Kalankatlı Albaniyada yaşayan “Abdal” tayfasının adını qeyd etmişdir.
Əvvəllər “Abdallar” adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın 1930-cu ildən rayon mərkəzinə çevrilmişdir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. “Laçın” sözü “məğrurluq” mənasını bildirir.
1828-ci il Rusiya-İran müharibəsindən sonra Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlanılmışdır. O zaman bu torpaqlara səfil, ac-yalavac gələn ermənilər 1905-1907 və 1918-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində türk-müsəlman əhaliyə qarşı qanlı qırğınlar törətmiş və nəticədə, təxminən, yarım milyon müsəlman həlak olmuşdur''.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlar törətməsinə diqqəti çəkən Elnur Kəlbizadə bildirdi ki, Erməni komandanı Andranik nə yolla olursa-olsun, öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi.
''Bu məqsədlə Andranik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləmişdir. Bu məsələdən əvvəlcədən xəbər tutan bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov öz dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə Andranikin qoşununu mühasirəyə salmışdır. Burada bir gündən çox qanlı döyüşlər getmişdir. Bu döyüşlər zamanı Andranik, demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələri göndərir. Aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstələri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlayır. Lakin tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olunur.
1920-ci il noyabrında keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur bölgəsi 2 yerə bölünür. Nəticədə, Zəngəzur qəzasının 6 min 742 kvadrat verstlik ərazisindən 3 min 105 kvadrat versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qalır, 3 min 637 kvadrat verstlik hissəsi isə Ermənistana verilir''.
Elnur Kəlbizadə qeyd etdi ki, hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman ermənilərin Qarabağ ərazilərinə əsassız iddialarını bilən, bu əzəli Azərbaycan torpaqlarının inkişafına və tərəqqisinə çalışan ulu öndər Heydər Əliyev Laçın haqqında 1971-ci ildə dağ rayonlarının iqtisadiyyatını yüksəltmək üçün qərar qəbul etmiş, qısa zaman kəsiyində Laçının sürətli inkişafına nail olunmuşdu. İstər iqtisadi cəhətdən, istərsə də abadlıq-quruculuq sahəsində dağ rayonları sırasında o zaman Laçın birinci yerdə dururdu.
Bu gün Laçın azaddır. Bu müasir tariximizin ən möhtəşəm qələbələrindən biri, Qarabağın və Zəngəzurun gələcək taleyinin müəyyənedici amilidir.

Laçının azad olması Zəngəzurun taleyini həll edəcək - AÇIQLAMA
banner125x125 banner125x125