Bolu bələdiyyə başqanı Əlibəylidə Azərbaycan əsgəri forması geydi
Bolu bələdiyyə başqanı Əlibəylidə Azərbaycan əsgəri forması geydi, qürur duyuram dedi və əsgər salamı verdi
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan Bolu bələdiyyə başqanı Aladdin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Ramazan bayramında Tovuz rayonunda ön cəbhədə yerləşən Əlibəyli və Ağdam kəndini ziyarət ediblər və Ermənistanın vandalizm aktları ilə yaxından tanış olublar. Burada Türkiyə nümayəndə heyətinə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərində yaşananlar barədə geniş məlumatlar verilib.
Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülki sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbiristanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbiristanlıq salmaq məcburiyyətində qalmasından, həmin qəbiristanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonu, onun insanlarının müharibə dövründə göstərdiyi qəhrəmanlıqlar, verdiyi şəhidlər və Milli Qəhrəmanları haqqında məlumat verib.
Türkiyənin Bolu Vilayətinin bələdiyyə başqan Aladdin Yılmaz, müavini Emine Davarçıqlıoğlu, bələdiyyə rəsmiləri Gülər Mert, Mehmet Çetin Ermənistanın törətdiyi vandalizm aktlarını kəskinliklə qınadıqlarını bildiriblər və hər zaman Azərbaycanın yanında olduqlarını və olacaqlarını deyiblər. Onlar "Ramazan bayramında ön cəbhə rayonu Tovuza qardaşlarımıza mənəvi dəstək olmaq üçün gəlməkdən böyük məmnuniyyət duyuruq" deyiblər, insanlarımızı Ramazan bayramı münasibəti ilə təbrik ediblər. Onlar Tovuz rayonu, onun keçmişi, bu günü, tarixi-mədəni abidələri və s. ilə yaxından tanış olublar və Azərbaycanın ön cəbhə bölgələrindən olan Tovuzu ziyarət etməkdən böyük məmnuniyyət duyduqlarını deyiblər.
Millət vəkili Qənirə Paşayeva və ön cəbhədə yerləşən hərbi hissənin rəhbərliyi Türkiyənin Bolu Vilayətinin bələdiyyə başqanı Aladdin Yılmaza, bələdiyyə başqan müavini Emine Davarçıqlıoğluna, bələdiyyə rəsmiləri Gülər Mert ve Mehmet Çetinə Əlibəylidə Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, “bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz.” Azərbaycan əsgərinin formasını geyinən türkiyəli rəsmilər və qonaqlar “bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayıq, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq” deyərək hər biri əsgər salamı veriblər və "gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək" deyə arzularını da dilə gətiriblər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR