Mehriban Əliyeva mükafat aldı
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyasının “Kübele” fəxri mükafatını qazanıb. Azərbaycanın Almaniyadakı Səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyası idarə heyətinin qərarı ilə fəxri mükafatına layiq görülüb.
Alman-Türk Dostluq Federasiyası tərəfindən təsis olunan və qədim yunan ilahələrindən “Kübele”nin adını daşıyan mükafat müxtəlif nominasiyalar üzrə tanınmış simalara təqdim olunur. Sayca 12-ci olan mükafatlandırma mərasimi 10 may 2014-cü ildə Almaniyanın Bavariya Federal torpağının parlamentində keçirilib. İndiyə kimi federasiyanın mükafatlarına bir sıra nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, iqtisadçılar, mədəniyyət işçiləri, məhşur idmançılar layiq görülüblər. Laureatlar arasında Almaniya kansleri Anqela Merkel, AFR-in mərhum prezidenti Yohannes Rau, Almaniya parlamentinin sabiq sədri Rita Süzmut, Yaşıllar partiyasının keçmiş sədri Klaudia Rot, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, Bavariya Federal toprağının keçmiş baş naziri Qünter Bekştayn, məşhur şoumen və teleaparıcı Ştefan Rab və başqaları olub.
Tədbiri giriş nitqi ilə Bavariya Federal Torpağının parlamentinin sədr müavini xanım İnqe Laures açmışdır. Türk-Alman Federasiyasnın prezidenti Cihan Sendan bildirib ki, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dünyada sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə təşkilatın fəxri mükafatına layiq görülüb. Mükafatı Mehriban xanım Əliyevanın adına Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov qəbul edib.
Mərasimdə çıxış edən səfir Pərviz Şahbazov ölkəmizin Birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın adından Türk-Alman Dostluq Federasiyasına bu yüksək mükafata görə minnətdarlığını bildirib və Federasiya rəhbərliyini ölkəmizə səfərə dəvət edib. Səfir siyasi-iqtisadi sahədəki uğurları ilə yanaşı, zəngin tarixi keçmişi, mədəniyyəti, musiqisi, incəsənəti və nəhayət tolerantlığı ilə Azərbaycanın indi bütün dünyada tanındığını və haqlı olaraq xalqımızın bu nailiyyətləri və keyfiyyətləri ilə qürur duyduğunu vurğulayıb. Pərviz Şahbazov bildirib ki, dünyada ölkəmizin bu xüsusiyyətlərinin tanıdılmasında, eyni zamanda mənsub olduğumuz ümumtürk dəyərlərinin Avropada, o cümlədən Almaniyada təbliğ olunmasında, Azərbaycanın Birinci xanımının müstəsna xidmətləri olub. Bu baxımdan Türk-Alman Federasiyası tərəfindən bu yüksək mükafata layiq görülmək onun əməyinə, Avropa və Almaniyada göstərdiyi çoxşaxəli xeyriyyəçilik fəaliyyətinə verilən qiymətdir.
Səfir Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Almaniyada həyata keçirdiyi fəaliyyətini qeyd edib, Berlində müasir incəsənət sərgisi “Fly to Baku”, Münhen, Köln, Ştutqart və Hamburq şəhərlərində Azərbaycan mədəniyyət axşamlarının yüksək səviyyədə baş tutduğunu bildirib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR