Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma Papası və Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri ilə görüşüb
03.06.2014
01:10
Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Vatikanda Müqəddəs Yelena adına mavzoley və Fondun dəstəyi ilə bərpa edilən Roma katakombaları ilə tanış olmuşdur.
Azərbaycanın birinci xanımına məlumat verildi ki, mavzoleyi imperator Konstantin anası imperatriçə Yelenanın şərəfinə inşa etdirmişdir. Burada çoxlu maraqlı eksponatlar sərgilənir. Mavzoleydəki katakombalarda aparılan qazıntılar zamanı o dövrə, eləcə də müqəddəs Yelenaya aid qədim əşyalar tapılmışdır və onlar indi də qorunub saxlanır. Buradakı əsərlər tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Roma katakombaları ilə tanış olan Mehriban Əliyevaya bildirildi ki, qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombaları hələ ki, tam tədqiq edilməmişdir. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir. Aparılan bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini daha da artırır. Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi də qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.
Xatırladaq ki, Müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir. İtaliya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir.
----------------
02.06.2014
23:13
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi ilə görüşmüşdür.
Azərbaycana səfəri zamanı ölkəmizdə yüksək qonaqpərvərliklə qarşılandığını deyən kardinal Can-Franko Ravazi bunun Azərbaycan xalqına xas ənənə olduğunu qeyd etmişdir. Kardinal ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə onu “Dostluq” ordeni ilə təltif etməsini məmnunluqla xatırlatmışdır. Vatikan ilə Azərbaycan arasında əlaqələrin inkişafına verdiyi töhfələrə və Müqəddəs Roma katakombalarının bərpasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən Can-Franko Ravazi Fond tərəfindən görülən işləri yüksək qiymətləndirmişdir.
Vatikanda olmaqdan məmnunluğunu ifadə edən Azərbaycanın birinci xanımı səfər çərçivəsində Roma Papası ilə keçirilən görüşün dövlətlərarası münasibətlərə töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Kardinal Can-Franko Ravazinin Azərbaycanın dostu olduğunu deyən Mehriban Əliyeva dövlətimizin başçısı İlham Əliyevin salamlarını çatdırmış və onu yenidən ölkəmizə səfərə dəvət etmişdir.
Birgə layihələrin uğurla reallaşdırıldığını bildirən Heydər Əliyev Fondunun prezidenti ümumilikdə Fondun dünyanın müxtəlif ölkələrində ümumbəşəri əhəmiyyət daşıyan abidələrin bərpası işinə töhfələr verdiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, Müqəddəs Roma katakombalarının bərpası ilə yanaşı, digər layihələr də həyata keçirilə bilər. Bu istiqamətdə Vatikan ilə əməkdaşlıq davam edəcəkdir.
Sonra görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası ilə bağlı aparılan işlərin birinci mərhələsi barədə məlumat verilmişdir.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilmişdir.
---------
21:15
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Vatikan Apostol Kitabxanası ilə tanış olmuşdur.
Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes məlumat verərək bildirmişdir ki, dünyada tanınan ən qədim kitabxanalardan olan Vatikan Apostol Kitabxanasının əsası 1475-ci ildə qoyulmuşdur. Burada tarixin müxtəlif dövrlərinə aid 1 milyondan artıq kitab saxlanılır. 2007-ci ilin iyulunda bağlanan kitabxana 2010-cu ilin sentyabrında yenidən ziyarətçilər üçün açıq elan olunmuşdur. 2014-cü ilin martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına başlanılmışdır. Bu prosesin dörd il ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Mehriban Əliyevaya kitabxananın fəaliyyəti və texniki imkanları, Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, kitabxanada mövcud olan bir çox əlyazmalar, o cümlədən Azərbaycana və regiona aid müxtəlif əlyazmalar Fondun dəstəyi ilə bərpa olunmaqdadır. Birinci mərhələdə 48, ikinci mərhələdə 16 əlyazma bərpa olunur. Üçüncü mərhələdə isə 11 əsərin bərpası həyata keçiriləcəkdir.
Azərbaycanın birinci xanımına 50-yə yaxın qədim əlyazmanın bərpa olunmuş variantları təqdim edildi.
Kitabxananın tərkib hissəsi olan Vatikan Məxfi Arxivi XVII əsrin əvvəllərində kitabxanadan ayrılaraq, müstəqil bir qurum kimi fəaliyyət göstərməyə başlamışdır. Arxivdə 150 min nüsxə mövcuddur. 2012-ci ildə Vatikanın Məxfi Arxivində saxlanılan Azərbaycana aid sənədlərin surəti ölkəmizə təqdim olunmuşdur. Respublikamıza gətirilən sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Roma papalarına yazdıqları və onlara göndərilmiş cavab məktublarından, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatlarından ibarətdir. Ümumilikdə, Vatikanın Apostol Kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma aşkar olunmuşdur. Bu sənədlər IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən çox nadir əlyazmalardır. Onların arasında Nizaminin, Füzulinin, Nəsiminin və digər dünya şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin nadir əlyazmaları, eləcə də indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri vardır.
Azərbaycanın birinci xanımı Xəzər dənizi regionu və Orta Şərq bölgəsini əhatə edən xəritələrə də baxdı. Bildirildi ki, bu xəritələr kitabxananın qiymətli nümunələri sırasındadır.
Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması”na dair yeni müqavilə imzaladılar.
Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes bu təşəbbüsə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirdi və gələcəkdə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu söylədi.
Heydər Əliyev Fondunun qədim əlyazmaların bərpası işinə məmnunluqla dəstək verdiyini qeyd edən Azərbaycanın birinci xanımı qədim əlyazmaların ümumbəşəri dəyərlər olduğunu vurğuladı.
Sonda qarşılıqlı hədiyyələr təqdim edildi.
---------
20:39
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Roma Papası Fransisk ilə görüşmüşdür.
Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini məmnunluqla qeyd edən Mehriban Əliyeva bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyini vurğulamışdır. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan ilə yanaşı, dünyanın bir sıra ölkələrində həyata keçirilən mühüm layihələr barədə Roma Papasına məlumat verən Azərbaycanın birinci xanımı qurumun bir çox istiqamətlərdə, o cümlədən sosial və humanitar sahələrdə mühüm işlər gördüyünü diqqətə çatdırmışdır.
Azərbaycanın birinci xanımı Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışmışdır.
2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfərini xatırladan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin iki dövlət arasında mövcud əməkdaşlığa töhfə verdiyini bildirmiş və Roma Papası Fransiski də Azərbaycana səfərə dəvət etmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəvətini məmnunluqla qəbul edən Roma Papası Fransisk Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilə bağlı məlumatlı olduğunu qeyd etmişdir. O, Fond tərəfindən həyata keçirilən layihələrdə qurumun rəhbəri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rolunu xüsusi vurğulayaraq, bu münasibətlə Azərbaycanın birinci xanımını təbrik etmişdir.
Vatikanın Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası Fransisk bu istiqamətdə Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır. Görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası yüksək qiymətləndirilmişdir.
Azərbaycanın birinci xanımı bu cür layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmış, müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin digər sahələrə də şamil edilməsinə çalışacağını vurğulamışdır.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilmişdir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR