» » Flora Kərimova: "Qızımın ailəsinin belə olması..."

Flora Kərimova: "Qızımın ailəsinin belə olması..."

Müəllif: Sevinc Novruzova
//
Tarix: 24 iyun 2014
//
Bölmə: Mədəniyyət
Flora Kərimova: "Qızımın ailəsinin belə olması..."


Milli.Az xəbər verir ki, xalq artisti Flora Kərimova teleqraf.com saytının suallarını cavablandırıb.

- Flora xanım, müğənni Səidə Sultan telekanallardan birində verdiyi açıqlamasında deyib ki, yerli şou-biznes nümayəndələri 2 yerə ayrılıb - floraçılar, ilhaməçilər... Sizcə, bu, doğrudan, belədir?

- O, bunu nəyə əsasən deyib? Səidənin özü hansı qruplaşmaya aiddir? Floraçılara, ya ilhaməçilərə?

- O, özünü heç bir qruplaşmaya aid etməyib.

- Mən bir söz deyə bilmərəm. Bilirsiniz, insanın dünyagörüşündən və sənətə münasibətindən çox şey asılıdır. Əgər Səidə elə düşünürsə, bu, onun şəxsi fikridir. Ancaq mənim Səidə Sultana bir sualım var: özünü hansı qrupa şamil edir, ilhaməçilərə, yoxsa floraçılara? Əgər o, hansısa qruplaşmanın təsiri altına düşməyibsə, mən onu ancaq alqışlayıram. Özüm haqqında danışmağı sevmirəm və heç bir qrupum yoxdur. Müğənniliyimi bəyənən və bəyənməyən ola bilər. Amma məni heç bir zaman elə-belə, havadan tərifləməyiblər.

- Ümumiyyətlə, şou-biznesdə qruplaşma var?

- Mənim şou-biznesə aidiyyətim yoxdur.

- O zaman sənət aləmini deyək...

- Qruplaşma olduğunu bilmirəm. Amma hər bir insan nəsə söz deyəndə öz qabiliyyətini, intellektini, mahiyyətini ortaya qoyur. Mən nəsə deməyə çətinlik çəkirəm. İndi biznes qazanmaq üçün şouya əl atırlar. Şounun ciddiliyi onun professionallığındadır. Gözəl, zövqlü bir şou nə deməkdir? Tamaşa deməkdir. Şou qeybət, “dığ-dığ”, “ev yıxmaq”, arxaca danışmaq deyil. Şou tamaşadır. Şou güclü olmalıdır, rejissor işi yüksək olmalıdır. Amma indi təqdim edilən şoulardan adam iyrənir, ürək bulandırır. Həmin adamdan iyrənirsən. Bəlkə də, baxan adam da özündən iyrənir. Amma qəribədir ki, çoxlarını belə şou çəkir, cəlb edir. Bizdə şou var, amma biznes qazanmaq üçün... Ona görə də bu, yeni bir fikir deyil. Şounun arasında biznesə qədər fərq var. Biri var, halal yolla, professionalcasına qazanasan, sənət tarixində ad, iz qoyasan. Öndə olasan, sənin arxanca, məktəb getsin. Biri də var ki, pulun, 5 gün dolanmağın, bir parça çörəyin xətrinə çirkablara əl atasan... Qazandığın da nə olur? Nifrət! İnsan bu iki seçim arasında düzgün yolla getməlidir. Bu saat həyat o qədər çətindir ki. Əgər sən əsl sənəti şoudan ayırmırsansa, onu şouya qurban verirsənsə, demək, səndən sənətkar olmayacaq. Ortalıqda dolaşan, “pıçhapıç” edən adamlardan artıq olmayacaqsan.

- Sizcə, insanlar niyə daha çox şouya, qalmaqala meyl edirlər?

- Pul qazanmaq lazımdır. Şoudan qazanmaq olur. “Vedomost”a qol çəkib pul almaq lazımdır. Bir-iki dəfə qalmaqala əl atırlar, görürlər ki, asandır. O yolla da gedirlər... Daha demirlər ki, o pulun pis qoxusu var. Həmin pulun hesabına aldıqları çörəyin, udduqları tikənin pis qoxusu var. Bir də ki, həyatın özü çirkab üzərində qurulub. Heç vaxt həyatda təmiz, ülvi münasibət axtarmayın. Elə insanlar var ki, mənəvi cəhətdən təmizdirlər. Həyatda çabalayırlar. Sonra görürlər ki, yox, alınmadı. Çörəksizəm, qazanım qaynamır, əyin-başım nimdaşdır. Qonşuya baxıb deyir ki, bunun həyat tərzini bəyənmirdim. Amma indi o, məndən üstündür. Qısası, indi vəziyyət Molla Nəsrəddinin “ye, paltarım, ye” məsəlinə dönüb, çox çətindir... Baxırlar ki, qonşu yaxşı yaşayır. Başqa yollara əl atırlar. Düzgün yol, təmizlik axtarmırlar. Daha düşünmürlər ki, sən anasan, ya atasan, ya da ki ailəsən...

Hər zaman demişəm, oğlum var, qapı döyəcəyəm. Qızım var, qapımı döyəcəklər. Qızımın ailəsinin belə olması başqa məsələdir. Mənim qapımı döyəndə alnım açıq olub. Demişəm ki, gəlin, yuxarı başda oturun. Mənim qapımı döyüb, qızımı toyla-büsatla aparanda bu, mənim qazancım idi. Mən qapımı alnıaçıq açmalıyam ki, sabah övladımın başına qaxınc olmasın. Mənim övladım haqqında söz deməsinlər. Ayrılanda arxasınca vedrə bağlamasınlar. Bax belə, çətin həyatdır. Ondan da baş çıxarmaq çox çətindir. Belə şeylərə uymamaq üçün hər şeyin mahiyyətini, qiymətini bilmək lazımdır. Şükür allaha, hər şey normaldır. Onsuz da bu həyatı pis-yaxşı yaşamalıyıq. Hərəmiz öz üstümüzdə adımızı, namusumuzu, mədəniyyətimizin yükünü daşıyırıq. Mən olduğum kimi görünürəmsə, ya da göründüyüm kimi oluramsa, deməli, həyatımın öz dəyərini daşıyıram. Bu milləti, xalqı aldatmaq mümkün deyil. Üzdə gülüb, arxada sənin kim olduğunu adamın yadına salırlar.


QafqazPRESS.az
banner125x125 banner125x125