» » SƏHNƏMİZDƏ MƏMMƏD ARAZ OBRAZI

SƏHNƏMİZDƏ MƏMMƏD ARAZ OBRAZI

Müəllif: Xatirə Rəhimli
//
Tarix: 12 noyabr 2014
//
Bölmə: Mədəniyyət
ƏLƏKBƏR QASIMOV

AMEA Naxçıvan Bölməsi sənətşünaslıq üzrə fəlsəfə doktoru
E-mail: elekberqasimov@mail.ru



SƏHNƏMİZDƏ  MƏMMƏD  ARAZ  OBRAZI


Məqalədə Naxçıvan şəhərində “Cavid” Poeziya Teatrının yaradılması haqqında qısa məlumat verilir. Daha sonra bu teatrda Məmməd Arazın poeması əsasında hazırlanan tamaşa və burada şairin müxtəlif yaş dövrlərində canlandırılan obrazı haqqında söhbət açılır.

Açar sözlər: poeziya teatrı, tamaşa, aktyor, obraz

“Cavid” Poeziya Teatrının təsisi, təşəkkülü və təntənəli açılışı dahi sənətkarın 100 illiyi ərəfəsində həyata keçirilmişdir. 1981-ci ildə Azərbaycan KP MK-nın Hüseyn Cavidin 100 illiyinin təntənəli şəkildə qeyd olunması haqqında qərarında Naxçıvan Teatrının ikinci səhnəsi kimi “Cavid” Poeziya Teatrının da yaradılması nəzərdə tutulmuşdu (2).
1982-ci ilin oktyabrında Naxçıvanda olan respublika rəhbəri Heydər Əliyev oğlu İlham Əliyevlə birlikdə “Cavid” Poeziya Teatrını da ziyarət etmiş, yaradıcı heyətlə görüşərək yeni teatrın yaranması münasibətilə onları təbrik etmişdir.
Düz bir ay sonra – elə həmin ilin noyabrında təntənəli açılışı olan bu teatrda ilk tamaşalar Hüseyn Cavidin ömür yoluna həsr olunmuş, eləcə də dahi şair dramaturqun əsərləri əsasında hazırlanmış tamaşalar olmuşdur. Sonrakı illərdə isə burada müxtəlif şair və dramaturqların əsərlərinə müraciət olunaraq bir-birindən maraqlı tamaşalar hazırlanmışdır.
1986-cı ildə “Cavid” Poeziya Teatrının növbəti yaradıcılıq uğuru Məmməd Arazın “Atamın kitabı” poeması və digər şeirləri əsasında hazırlanmış “Azərbaycan – dünyam mənim!” adlı tamaşa olmuşdur.
Vaxtilə “Atamın kitabı” haqqında ədəbi tənqidin söylədiyi qiymətli fikirlər arasında görkəmli ədəbiyyatşünas, professor Yaşar Qarayevin də özünəməxsus mülahizələri vardır. Bu əsəri o, Məmməd Arazın 2002-ci ildə nəşr olunmuş ikicildlik “Seçilmiş əsərləri”nə yazdığı ön sözdə belə dəyərləndirmişdir: “...Məmməd Arazın hələ “Atamın kitabı” poemasında... təbiət xəyala dalır, düşünür, dil açır və danışır. Vətənin tarixi və taleyi kimi, əbədi, müqəddəs ana kimi, insanlığın özü və rəmzi kimi təhlil və tərənnüm olunur... “Atamın kitabı” yalnız sərlövhəsi ilə yox, məzmununun müəyyən məqamları ilə məşhur bir əsərin adını yadımıza salır. “Anamın kitabı”nda (Cəlil Məmmədquluzadə) təhlil olunan milli və ictimai ideallar təbii, gur işıq axarı kimi burada məhz təbiət adlanan aynada “sınır” və eyni vaxtda həm də təbiətdən “qayıdan” şüa kimi müştərək, qoşa “yaddaş yükü”nü özündə cəm edir: Mən uca dağlara babam demişəm” (1, s. 5).
Tamaşanın quruluşçu rejissoru Vaqif Əsədov eyni zamanda səhnələşdirmənin müəllifi kimi ədəbi materialdan və şairin müxtəlif səpkili şeirlərindən məqsədəmüvafiq istifadə etməklə dolğun bir tamaşa ərsəyə gətirə bilmişdi. Onun rol bölgüsü də uğurlu alınmış və hər bir aktyor öz rolunun öhdəsindən məharətlə gəlmişdi. Tamaşada poemanın məzmununa uyğun olaraq Məmməd Arazın ömür yolunun üç mərhələsi – uşaqlıq, gənclik və yetkinlik dövrü əks etdirilirdi. Şairin uşaqlığını Oqtay Əsədov, gəncliyini Elşad Allahverdiyev (indi Azərbaycan Radiosunun səs fondu və operativ fonoteka şöbəsinin müdiri), yetkinlik dövrünü isə Əli Əliyev (indi Azərbaycan Respublikasının əməkdar artisti) maraqlı oyun tərzilə ifa etmişdilər.
Əsas rollarda Naxçıvan Teatrının mərhum sənətkarları – Azərbaycan SSR əməkdar artisti (sonralar xalq artisti) Əkbər Qardaşbəyov (İnfil), Azərbaycan SSR əməkdar artisti (sonralar xalq artisti) Roza Cəfərxanova (Mahmud qızı), Azərbaycan SSR xalq artisti Zemfira Əliyeva və indi Azərbaycan DGT Teatrının aktrisası, respublikanın əməkdar artisti olan Naibə Allahverdiyeva (Gülsüm) iştirak etmişlər.
Digər rollarda isə indi xalq artistləri olan Həsən Ağasoy (müxbir və ikinci aktyor) və Kamran Quluyev (Camal kişi), indi respublikanın əməkdar artisti olan Yusif Allahverdiyev (Sumbat kişi), eyni zamanda tamaşanın rejissor assistenti olan Tofiq Seyidov (üçüncü aktyor), Cəvahir Məmmədova və Gülxar Məmmədova (qonşu qız) və Vaqif Əhmədov (musiqiçi və beşinci aktyor) uğurlu çıxış nümayiş etdirmişdilər (3).
Burada qeyd etmək lazımdır ki, Vaqif Əhmədov sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU-nin) rejissorluq fakültəsinə daxil olmuş, elə tələbə ikən Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmış və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Tamaşanın quruluşçu rəssamı Əli Səfərovun yığcam səhnə tərtibatı, hər bir dövrə uyğun geyimləri tamaşaçı zövqünü oxşaya bilirdi. Musiqi tərtibçisi Fazil Əsədov tamaşanın ideya və qayəsini açıqlayan gözəl melodiyaların səsləndirilməsinə nail olmuşdu (4).
Tamaşanın premyerası müəllifin iştirakı ilə oktyabr ayının 14-də olub (5, s. 584). Məmməd Araz baxışdan sonra onunla birlikdə ilk tamaşanın sevincini yaşayan bütün yaradıcı heyətə dərin minnətdarlığını bildirmiş, öz obrazını daha dolğun və təbii yaradan gənc aktyor Əli Əliyevi bağrına basaraq ona xüsusi təşəkkür etmiş, hamıya yeni yaradıcılıq uğurları arzulayaraq ilk dəfə çap olunan bu xatirə şəklini çəkdirmişdir.



“Azərbaycan – dünyam mənim!” tamaşasının premyerasından sonra müəllif
Məmməd Araz (mərkəzdə) yaradıcı heyət və tamaşaçılardan bir qrupu ilə.
Naxçıvan, “Cavid” Poeziya Teatrı, 14 oktyabr 1986-cı il.
banner125x125 banner125x125