» » Deputat Sevinc Fətəliyeva: “Həyat yoldaşım həmişə yanımdadır, məni dəstəkləyir” - MÜSAHİBƏ

Deputat Sevinc Fətəliyeva: “Həyat yoldaşım həmişə yanımdadır, məni dəstəkləyir” - MÜSAHİBƏ

Müəllif: Sevinc Novruzova
//
Tarix: 10 aprel 2014
//
Bölmə: Müsahibə
Deputat Sevinc Fətəliyeva: “Həyat yoldaşım həmişə yanımdadır, məni dəstəkləyir” - MÜSAHİBƏ


Modern.az saytında “Pəncərə” layihəsinin növbəti qonağı Milli Məclisin deputatı Sevinc Fətəliyevadır.

- Sevinc xanım, 11 illik pedaqoji fəaliyyətiniz var. Maraqlıdır, deputat seçiləndən sonra tələbələrinizin sizə olan münasibəti dəyişibmi?

- 8 ildir ingilis dili kafedrasına rəhbərlik edirəm. İngilis filologiyası mənim üçün çox maraqlıdır. Sadəcə, əvvəlki illərlə müqayisədə universitetdə dərs demək imkanlarım məhduddur. Çünki tədbirlər çoxdur. Balansı stimullaşdırmaq üçün elmi rəhbər kimi fəaliyyət göstərirəm. Çalışıram ki, dissertasiya, magistr, bakalavr işlərində elmi istiqamətdə tələbələrlə ünsiyyətdə olum və tələbələrin diqqətini elmə yönəldim. Ümid edirəm ki, millət vəkili olsam da, universitetdə mənə olan münasibət dəyişməyib. Əsas müəllimə olan münasibətdir. Şükürlər olsun ki, o münasibət qaydasındadır.

- Milli Məclisdə yanaşı oturduğunuz Sahibə Qafarova ilə həm də eyni universitetdə çalışırsınız. Bunun xüsusi özəllikləri varmı?

- Bizim həm Milli Məclisdə, həm də ali məktəbdə bir yerdə olmağımızın yalnız müsbət tərəfləri var. Sahibə Qafarova ilə tez-tez ünsiyyətdə olmağımızın xüsusi özəlliyi odur ki, doğmalaşmışıq. Ona görə də bir-birimizə dəstək oluruq. Universitet daxili məsələlərdə də bir-birimizə dayaq olmağa çalışırıq. Milli Məclisdə isə təmsil olunduğumuz rayonlarımız fərqlidir. Sahibə Qafarova ilə bizi Avropa Şurasındakı fəaliyyətimiz də birləşdirir. Əksər hallarda istiqamətlərimiz üst-üstə düşmür, buna baxmayaraq, həmişə bir yerdəyik.

- Bakının Suraxanı rayonundan deputat seçilmisiniz. Seçicilərinizlə tez-tez görüşmək imkanınız olurmu?

- Əvvəla, müsbət haldır ki, mənim seçki dairəm Bakının Suraxanı rayonundadır. Ona görə də seçicilərlə görüşmək imkanım genişdir. Bundan başqa, köməkçim də daimi olaraq seçicilərimlə ünsiyyətdədir. Əgər seçicim məni görmək istəyirsə, onunla görüşə çalışdığım qədər tələsirəm. Hətta seçicim tək olsa belə, onu qəbul etməkdə problemim yoxdur. Seçicilərimi daha çox narahat edən sosial məsələlərdir. Əsas tələblər yolların, kanalizasiya xətlərinin çəkilməsidir.

- Elə hallar olurmu ki, seçicilərinizin problemlərinin həlli çatdırdığınız lazımi ünvanlarda gecikdirilir?

- Şikayətləri lazımi ünvanlara göndərəndə problemlər zamanında həllini tapır. Sadəcə, bəzi məsələlərin həllində gecikmələr olursa, o demək deyil ki, cəhdimiz nəticəsizdir. Çünki bir çox işlərin həllini həyata keçirmək üçün digər məsələlər qaydasına qoyulmalıdır.

- Avropa Şurası, MDB, NATO, kimi təşkilatların parlament assambleyaları ilə əlaqələriniz varmı?

- Avropa Şurasında nümayəndə heyətinin üzvüyəm. MDB gənclər parlamentinin koordinatoruyam. Bu, yeni bir qurumdur, bir ildir fəaliyyət göstərir. Gənc parlamentarilər gənc parlament yaradıblar.

- Siz Milli Məclisin ən gənc millət vəkilisiniz...

- Milli Məclisdə təmsil olunan qadınlar arasında ən gənci mənəm. Kişilər arasında isə Ceyhun Osmanlıdır. Eyni zamanda, o qədər də gənc deyiləm (gülür). Kənardan gənclərə baxa bilirəm. Gənclər həmişə nəsə yeni kəşflər etmək istəyir. Yeni ideyalar, təşəbbüslər irəli sürürlər. Lakin velosiped icad etməyə ehtiyac yoxdu. Sadəcə, yeni baxışlara ehtiyac var. Həm Azərbaycanda, həm də dünyada gənclərin fəaliyyətindən razıyam. Lakin hər təşəbbüsü alqışlamaq, “gəncdirsə bunun təşəbbüsü mütləq keçməlidir” kimi fikirlərlə razı deyiləm. Həmişə yaş məsələlərində balansın tərəfdarıyam. Gənc parlamentarilər bir yerə toplaşanda bir az fərqlilik olur.

- Parlamentin gənc xanım deputatı olaraq Azərbaycan müxalifətinin fəaliyyətini necə dəyərləndirirsiniz?

- Əgər parlament çərçivəsindən danışırıqsa, hamımız burda həmkarıq. Əgər hansısa müxalifət nümayəndəsi parlamentə gəlib çıxıbsa deməli, onun çəkisi də, şəxsi xüsusiyyətləri də var. Ona görə də burda hamıya hörmət edirəm. Lakin bizim müxalifətlə fikirlərimiz üst-üstə düşmür. Bunu da qeyd etməliyik. Əgər fikirlərimiz üst-üstə düşmürsə, bu o demək deyil ki, hamı bir-birinə düşmən olmalıdır. Unutmayaq ki, biz azərbaycanlıyıq. Ola bilər ki, kiminsə fərqli fikirləri olsun. Bu da normaldır. Ona görə də onlar müxalifət adlanır. Lakin parlamentdən kənara çıxsaq, müxalifətin nə qədər siyasi gücə malik olması mənim üçün sual işarəsi yaradır. Qeyri-konstruktiv mövqedən ibarət olan və reallığı tamamilə əks etdirməyən siyasi kurs mənim üçün heç bir çəki daşımır və onları siyasətçi kimi qəbul etmirəm.

- Bəs qadınlarımızın ailədə müxalif olmasını qəbul edirsinizmi?

- Ailə çox böyük məkandır. Ailədə çox şey qadından asılıdır. Əgər qadın işləmək istəyirsə, ailə bunun zərərini çəkməməlidir. Qadın zərif məxluq olsa da, çox güclüdür. Qadın paralel olaraq, həm ailəni idarə edir, həm də bir neçə iş görə bilir. Bu məsələnin qəbul edilən tərəfidir. Elə qadınlarımız var ki, nə işləyir, nə ailəni idarə edə bilir, nə uşaqlara kifayət qədər vaxt ayırır, nə də tərbiyələri ilə məşğul olur. Düşünmürəm ki, vəzifə, iş hansısa tərbiyənin uşaqlara, ailəyə keyfiyyətinə təsir edə bilər. Ona görə də işini necə qurmaq qadın üçün prioritet məsələdir. İşləməyən qadınların ailəyə, uşaqlara vaxt ayırmaması mənə qəribə gəlir.

- Etiraf edək ki, son zamanlar cəmiyyətdə qadınlara qarşı zorakılıq halları çoxalıb. Deputat olaraq bunu nə ilə əlaqələndirə bilərsiniz?

- Zorakılıq halları o vaxt baş verir ki, qadının evdə səs hüququ olmur. Bəzi qadınların nə təhsili, nə də iş görmək bacarığı olmur. Belə qadınlar çarəsiz olurlar. Bu zaman təbii ki, valideynlərin üzərinə böyük iş düşür. Çünki qızları erkən yaşlarında ərə verirlər. Ona görə biz qızlarımıza xüsusi diqqət yetirməli, yaxşı təhsil verməliyik ki, bir az müstəqil olsunlar. Sabah hansısa vəziyyətlə qarşılaşanda çıxış yol tapa bilsinlər. Aydındır ki, təhsilli qadın uşaqlara kifayət qədər təhsil verə bilər. Mən inanmıram ki, təhsilli qadına qarşı zorakılıq halları olsun. Təhsilli qadınlar şəxsiyyət olduqlarını dərk edib özlərinə hörmət edə bilirlər.

- Tələbə auditoriyasını izləmək imkanınız genişdir. Bugünkü tələbələrdə nəyi daha çox müşahidə edirsiniz?

- Bugünkü tələbələr çox sərbəstdirlər. Bunu müşahidə etmək lazım deyil. Çünki tələbələrin sərbəst davranışları ilə hər dəqiqə qarşılaşırıq. Bizim dövrümüzdə bu qədər sərbəstlik yox idi. Müəllimin hörməti həmişə qalsa da, bu gün müəllim-tələbə ünsiyyəti bir qədər forma və məzmununu dəyişib. Təbii ki, burda müasir texnologiyaların, texniki avadanlıqların da rolu az deyil. Tələbələrin tələbləri çoxdur. Deyə bilərəm ki, tələbələrin istəkləri yeni məlumatları əldə etmək üçün limitsizdir

- Yəqin müəllim kimi ilk fəaliyyətinizi də xatırlayırsınız...

- Öncə deyim ki, ilk təhsilimə erkən yaşlarımda başlamışam. Dərs oxumağa, məktəbə getməyə çox böyük həvəsim olub. Təbii ki, ilk auditoriyaya daxil olmağımı unutmaq da çətindir. Çünki ilk tələbələrimlə aramızda elə böyük yaş fərqimiz olmayıb. Bəzən dekanlıqdan yoxlanış gələndə gedib deyirdilər ki, müəllim auditoriyada yoxdur. Gəlib yoxlayanda mənim müəllim oluğumu bilirdilər. Bu cür hallar bir neçə il davam edib. Həmişə çalışmışam ki, tələbələrlə dərs zamanı səmimi münasibət yaradım.

- Maraqlıdır, bu qədər məşğul olduğunuz işlər var. Sizə ən yaxını hansıdır?

- Bu suala cavab verməyə çətinlik çəkirəm. Çünki hər birinin öz yeri var. Müəllim olmaq, elmlə məşğul olmaq çox fərqlidir. Hər biri məsuliyyət tələb edir. Deputat kimi isə ölkənin mövqeyini müdafiə etmək məsuliyyəti var. Hər addımımızdan, hər sözümüzdən çox şey asılıdır. Bütün işlərimi birləşdirən psixoloji faktorların olmasıdır. Hər iki istiqamətdə yaxşı psixoloq olmaq lazımdır. Kimlə danışırsansa, onu anlamalısan. Yalnız onu deyə bilərəm ki, heç vaxt məsuliyyətdən qaçan insan olmamışam.

- Bəs, bu qədər işdən yorulanda, darıxanda dincəlmək üçün hara qaçırsınız?Ailəyə vaxt ayıra bilirsinizmi?

- Darıxdırıcı məqamlar insan hər gün eyni işi görəndə ola bilər. Amma mənim işim bir az fərqlidir. Çünki bir neçə istiqamətdə işləyirəm. Bir gündə çox yerə - tədbirlərə, iclaslara gedirəm. Axşam evə gedib gün ərzində gördüyüm işləri sadalayanda mənə çox maraqlı gəlir. Eyni zamanda yorulduğum vaxtlar da olur. İşimin məsuliyyətini də yaxşı hiss edirəm. Çalışıram ki, nə qədər boş vaxtım olursa ailəmə, uşaqlarıma sərf edim, uşaqların tərbiyəsi ilə məşğul olum. Kiminlə dostluq etdiklərinə, çevrələrində kimlərin olduğuna nəzarət edim. Ona görə də bütün bunlar mənim maraq dairəmdədir. Mən də anayam. Təbii ki uşaqlarım istəyir ki, onların yanında çox olum. Sadəcə, onlar mənim işimin çətinliyini başa düşürlər.

- Həyat yoldaşınız da uşaqlarınız kimi işinizin çətinliyini başa düşə bilir, yoxsa?

- Həyat yoldaşım bütün işlərimdə mənə dəstəkdir. Dəstək olmasaydı, bu qədər işi görə bilməzdim. Ümumiyyətlə, bu işin içinə girməzdim. Ona görə də həyat yoldaşım həmişə yanımdadır və məni dəstəkləyir. Başqa cür ola da bilməz. Bilirsiniz ki, səfərlərimiz çox olur. Ona görə də çox vaxt evdə istirahət etmək istəyirəm. Deputat seçiləndən hər Novruz bayramı zamanı Avropa Şurasında komitə iclası keçirilirdi. Ona görə də bir neçə il Novruz bayramını hiss etməmişəm. Amma bu il Novruzu ailəliklə bir yerdə keçirə bildik. Ailəmlə milli bayramımızı eyni masa ətrafında keçirməyimizə çox sevindim.

- Bir qadın kimi mətbəxlə aranız necədir?

- Mətbəxlə aram çox yaxşıdır, sadəcə, vaxt aparır. Eyni zamanda, mətbəxin bəhrəsini səndən başqa heç kim görmür. Vaxtım olmadığından daimi olaraq ailəm, uşaqlarım mənim bişirdiyim yeməkləri yeyə bilmirlər.

- Deməli, kitab oxumağa heç vaxtınız olmur?

- Doğru deyirsiniz, amma kitab oxumağı çox sevirəm. Fərqli mövularda olan kitabları oxumaq maraqlıdır. Təbii ki, bu da mənim ümumi halımın yaxşı olmasından asılıdır. Açığı deyim, evdə kitab oxumağa o qədər də vaxt olmur. Kitabların əksəriyyətini təyyarədə oxuyuram. Son vaxtlar fəlsəfi kitablara marağım çoxalıb. Özüm insanları müşahidə etməyi çox xoşlayıram. Xarici səfərlərdə bunu daha geniş həyata keçirə bilirəm.


QafqazPRESS.az
banner125x125 banner125x125