» » “Doğulduğum kənddə ailə quranların çoxu atamın büstünü ziyarət edir” - MÜSAHİBƏ

“Doğulduğum kənddə ailə quranların çoxu atamın büstünü ziyarət edir” - MÜSAHİBƏ

Müəllif: Sevinc Novruzova
//
Tarix: 23 iyun 2014
//
Bölmə: Müsahibə
“Doğulduğum kənddə ailə quranların çoxu atamın büstünü ziyarət edir” - MÜSAHİBƏ


Modern.az-da “Pəncərə” layihəsinin budəfəki qonağı deputat Rüstəm Xəlilovdur.

- Rüstəm müəllim, deputat olmazdan öncə, xüsusilə sovet dövründə hansı vəzifələrdə çalışdığınızı bilmək istərdik.

- Sovet vaxtı rayon partiya komitəsinin ən böyük şöbəsinə, eləcə də rayin komsomol komitəsinə rəhbərlik etmişəm. SSR dağılandan sonra bu işlər ləğv olundə və mən kəndimizə (atam o kənddə 40 ilə yaxın kolxoz sədri işləyib) qayıtmışam.

- Atanız məhşur adam olub. Yəqin ki, kariyeranızda onun xüsusi rolu olub.

- Atam Sosialist Əməyi Qəhrəmanı olub. Bir neçə çağırış parlamentə deputat seçilib. SSRİ vaxtı dörd dəfə “Lenin” ordeni almaq ən yüksək mükafat sayılırdı. Azərbaycanda 3-4 nəfər həmin ordenlə təltif olunub ki, onlardan biri də atam olub. O vaxtlar Lenin ordeni almaq Sosilist Əməyi Qəhrəmanına bərabər idi.

Ulu öndər Heydər Əliyev 15 dəfə Sabirabadda olub. 7 dəfə bizim kəndimizə də baş çəkib.

Qeyd etməliyəm ki, bütün Azərbaycanın inkişafı ümummilli liderimizlə bağlıdır. Bu mənada Sabiradabadın da bəxti gətirib. Rayonun inkişafı, quruculuq işlərinin burada genişləndirilməsi Heydər Əliyevin adına yazılıb. Bu gün isə bu işlər Cənab Prezidentiniz tərəfindən davam etdirilir.
Heydər Əliyev əmək fəaliyyətinə görə atamı şəxsən tanıyırdı. Digər vəzifələr istisna olmaqla, atam ömrünün sonuna kimi kolxoz quruculuğunda çalışıb.

- SSR dağılandan sonra harada çalışmısınız?

- O zaman Gömrük sisteminə üz tutdum.

- İndi doğulduğunuz Sabirabad rayonuna tez-tez gedirsiniz?

- Əlbəttə. Həm doğulduğum yurdumdu, həm də dost- tanış, qohum-əqrəba orada yaşayır. Sabirabadla həmişə əlaqədə olmuşam. Sabirabada gedəndə müəyyən nostalji hissləri baş qaldırır, keçmişi vərəqləyirəm, hardasa uşaqlıq, gənclik illərim yadıma düşür.

Əvvəllər Sabirabadda komsomolun binası vardı, indi yerində yenisi tikilib. Ordan keçəndə həmin komsomol gənclər təşkilatı ilə bağlı xatirələr yadıma düşür.
Doğum günümüzü qeyd edib yaşımızın üstünə yaş gələndə sevinirik. Eyni zamanda, illərin üstünə il gəlir və biz qocalırıq. Hər yaşın da öz gözəlliyi var.

- Maraqlıdır, nə zaman özünüzü yaşlı hiss etməyə başlamısınız?

- Səmimi deyəcəyəm. Orta məktəbi bitirəndən sonra yaşlanmağa doğru getdiyimi hiss etmişəm. Məsuliyyət hissi daha da artıb. Komsomolda işləyəndə Ali Partiya məktəbi vardı. Sonralar adı dəyişdirildi-Sosial İdarəetmə və Politologiya İnstitutu adlandırıldı. Həmin institutu bitirmişəm.

İşlədiyimə görə oranı qiyabi oxumuşam. Parta arxasında əyləşəndə müəllim mənə deyirdi ki, tələbə olsan da yaş öz işini görür. Tələbələr kimi şıltaqlıq etmirsən.

Doğrudan, insanın elə yaş dövrü var ki, mühit buna imkan vermir. Ona görə də məndə universitet dövründən böyük məsuliyyət hissi yarandı. Onu da deyim ki, dostlarım həmişə yaşda məndən çox-çox böyük olub. Onlardan çox şeylər öyrənmişəm. Bu, çox vacib məsələdir.

- Dost çevrənizin geniş olduğuna eyham vurdunuz. Ancaq sanki insanlardan qaçırsınız təəssüratı yaradırsınız. Buna səbəb nədir?

- Çünki hamıya açıq insan ola bilmirəm. Millət vəkili olduğum 9 il ərzində heç bir hökumət üzvlərinin qapısını döyməmişəm. Bunu özüm üçün qəbul etməmişəm. Deputat olduğum rayondakı müəyyən məsələlərlə bağlı deputat sorğusu yazıb göndərirəm. Elə bir insan yoxdur ki, həyatda səhvi olmasın.

Bir insanla bir dəqiqənin içində anlaşmaya bilərəm. Amma kobud deyiləm. Valideynlərimdən aldığım tərbiyəyə görə insanlara yuxarıdan aşağı baxmağı bacarmamışam. Bu gün də bacarmıram. Düzünü deyəcəyəm, bu gün mənim cəmiyyət içində olmağım çoxlarına qəribə gəlir. Bəziləri hansısa vəzifəyə təyin olunanda hamıya qapısını bağlayır. Amma mən nə qədər yüksək pillədə qərar tutsam da, qapım qohum -əqrəba, dost-tanış üzünə açıq olub. İnsanlara heç vaxt fərq qoymamışam. Çünki özümü həmin insanların yerinə qoymağı bacarmışam.


- Cəmiyyətimizdə varlı və kasıb təbəqəsinin olduğu sirr deyil. Maraqlıdır, siz özünüzü hansı cəmiyyətdə daha rahat hiss edirsiz?

- İnsanlara var-dövlətinə görə qiymət vermirəm. Çünki görə-görə gəlmişəm. 24 yaşımda rayon komsomol komitəsinin birinci katibi olmuşam. O dövrdə həmin yaş üçün vəzifə çox böyük etimad idi. Sabirabad rayon Partiya Komitəsinin birinci katibinin və onun komandasının ətrafında 9 nəfər büro üzvündən biri olmuşam. Amma heç vaxt işimdə yanlışlığa yol verməmişəm.

Bir məsələni də qeyd etmək istəyirəm. Sovet dövründə də yaltaqlıq vardı. İndi isə yaltaqlıq hörmətdən düşüb. İnsan nəyəsə görə sınmamalıdır. İnsanın özünə qiymət vermək lazımdır, tutduğu vəzifəyə görə yox. Özümü mənəvi cəhətdən çox zəngin hesab edirəm. Maddi zənginliyi görə-görə gəlmişəm. Bir daha deyirəm, insanlara obyektinə, şadlıq sarayı olduğuna görə qiymət verilməməlidir.

- Sizin Sabirabadda da heç bir obyektiniz yoxdur?

- Nə Sabirabadda, nə də burada heç bir obyektim var. Ona görə də özümü xoşbəxt hiss edirəm. Obyektim olsaydı, kiminsə

qabağında mütləq əyilməli idim. Obyektim olsaydı mütləq kiminsə qarşısında aciz qalmalı idim.

Mənim öz yolum var. Əqidəm birdir. Ulu öndərin siyasətinə, cənab İlham Əliyevin fəaliyyətinə xidmət edirəm. Deputat seçsələr də, seçməsələr də, məndən imtina etsələr də, seçicilərim yenə əzizlərimdir. Yaşadığım ölkənin vətəndaşları mənim üçün doğmadır.

- Obyekt sahibləri özlərindən çox övladlarını fikirləşirlər. Onların xoş gələcəyi üçün çalışırlar. Buna münasibətiniz necədir?

- Övladını hamı fikirləşir. Övladıma görə özümü alçaldıb, cılızlaşdırıb nəsəyə nail olmaq mənə lazım deyil.

- Neçə övladınız var?

- Dörd qızım var.

- Allah saxlasın, o zaman sizin yeriniz cənnətlikdir...

- Artıq cənnəti bu dünyada qazanmışam. Üç qızım artıq ailə sahibidir.

- Deyirlər ki, siyasətin iki sifəti var. Siz bir sifətlə bu müstəvidə necə qala bilmisiz?

- Siyasətin iki yox, min sifəti var. İnsan təkəbbürlü olmamalıdır.

- Dostluğa sadiq olduğunuzu deyirlər. Maraqlıdır, dostlarınızdan xəyanət görmüsünüzmü?

- Kifayət qədər dost xəyanəti ilə rastlaşmışam... Xəyanət gördüyüm dostlarımdan bağışladıqlarım da olub. Amma elələri də olub ki, sadəcə üzünə demişəm: “Sən artıq mənim üçün heç kimsən. Vəzifə tapa bilərsən, amma yaxşı dostu yox”. Həyat elə gətirib ki, həmin dırnaqarası dost vəzifədən də azad olunub.

- Bayaq qızlarınızdan danışdıq. Növbəti sualım tipik azərbaycanlı kişisi üçün aktualdır. Azərbaycan ailəsində qız uşaqlarının doğulmasını, xüsusilə kişilər qəbul edə bilmirlər. Allah saxlasın, sizin 4 qızınız var. Maraqlıdır, siz nə vaxtsa tipik azərbaycanlı kişilərdən olmusunuzmu? Amma səmimi cavab verin?

- Düzdür, Azərbaycanda gənc ata həmişə istəyir ki, övladı oğlan olsun. Təbii ki, gənc olanda belə bir arzu mənim də ürəyimdən keçib. Amma heç vaxt oturub oğlum olmadığı haqda düşünməmişəm. Birincisi, Allah verən paydır. İkincisi, qızlarımın hər biri mənim üçün bir oğuldur. Qızlarımla qürur duyuram. Xoşbəxt ailə həyatı qurublar. Nəvələrim var. Belə söhbətlər olmasa inanın ki, oğlumun olmaması heç yadıma da düşmür. Ataya qalan qızdır. Bizim ailədə bacı-qardaş olmuşuq. Bacılarımız bizdən daha çox ataya-anaya yaxın olub. Düzdür, mən də valideynlərimi başqa cür sevmişəm. Övladlarımı götürüb ata-anamın məzarını ziyarət elətdirirəm. Sadəcə, sizə ümumi fərqi dedim.

- Səhv etmirəmsə, atanıza doğulduğunuz rayonda abidə qoyublar.

- Sabirabadın Nizami kəndində atamın büst ucaldılıb. Sovet dövründə ad vermək çətin olsa da, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə həmin kolxozu atamın adına G. Xəlilov kolxozu adlanırdı. Kolxoz ləğv olunsa da, büst durur. Doğulduğum kənddə ailə quranların çoxu atamın büstünü ziyarət edir. Kənddə belə adət-ənənə var.

- Gənclərin ailə qurmasında sevgi faktoru nə dərəcədə rol oynayır? Sizin ailəniz sevgi üzərində qurulubmu?

-Bəli, mən də sevib ailə həyatı qurmuşam. Seçimimə kimsə müdaxilə etməyib. Onu da deyim ki, ailə quranda da yüksək şan-şöhrət axtarmamışam. Bundan uzaq adamam. İndi də uşaqların hansısa formada ailə qurmağa təhrik edilməsinin əleyhinəyəm. Təəssüf ki, indi ailəni “filankəsin oğlu və ya qızı imkanlı ailədəndir” kimi sözlərin üzərində qurmağa məcbur edirlər. Bunun axırı yoxdur. Sevgi iki gəncin arasında olmalıdır. Boşanmaların sayı ona görə çoxalır ki, düzgün ailə modeli tətbiq olunmur. Ailələrin çoxu başqa məqsədlərlə qurulur. Ümumiyyətlə, məqsədli həyata keçirilən bəzi məsələlərin sonu olmur.

-Rüstəm müəllim, Milli Məclisdə az danışan deputatlardansınız. Bunun səbəbini bilmək olar?

-Az danışmaq mənim xarakterimdən irəli gəlir. Hər şey barədə danışmağı sevmirəm. Ancaq prinsipal məsələlərdə susmağə da xoşlamıram. Hər halda az danışmaqla da yaxşı deputat olmaq mümkündür.



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125