» » İşğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanıldı - FOTO

İşğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanıldı - FOTO

Müəllif: Səma Zərdablı
//
Tarix: 22 oktyabr 2020
//
Bölmə: Sosial
İşğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanıldı - FOTO


Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, ümumi uzunluğu 29 km olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Hərəkət hissəsinin eni altı metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə iki metr olmaqla, yol yatağının eni 10 metr təşkil edəcək.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı bərpa olunur və yeni yol əsası inşa edilir.
Yolun tikintisi “Suqovuşan” su anbarından Tərtər şəhərinə doğru uzanan və uzun illərdən sonra suyuna qovuşan kanalın kənarı ilə aparılır.
Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində “Suqovuşan” su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.
Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.
banner125x125 banner125x125