» » Təhlükəli ağacların kəsilməsi üçün nə etmək lazımdır?

Təhlükəli ağacların kəsilməsi üçün nə etmək lazımdır?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 aprel 2014
//
Bölmə: Sosial
Təhlükəli ağacların kəsilməsi üçün nə etmək lazımdır?


Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən Zeytunluqda xeyli sayda ağac naməlum şəraitdə çıxarılaraq oğurlanıb. Hadisənin kimlər tərəfindən və hansi məqsədlə törədildiyi məlum deyil. Faktla bağlı artıq Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir. Əgər ağac əsl təhlükə mənbəyinə çevrilibsə, o zaman müəyyən instansiyalara müraciət etməyiniz vacibdir. Bu ünvanlar hansıdır?

Paytaxtdakı təhlükəli ağaclar son zamanlar az qala sakinlərin baş bəlasına çevrilib. Ya düzgün ünvana müraciət olunmadığından, ya da döyülən qapıdan bir reaksiya gəlmədiyindən bəziləri təhlükəni aradan qaldıra bilmir. Sakinlər deyir, onlara nə yaxınlaşa bilirik, nə də altında maşın saxlamaq mümkündür.

Bunun üçün qanunla əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır. Nazirlikdən xüsusi mütəxəssislər gələrək həmin ağacın təhlükəli olmasını özündə təsdiqləyən və onun hansı səviyyədə kəsilməsinə icazə verən rəy verməlidir. Rəy əsasında isə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən əməkdaşlar gələrək sözü gedən ağacın kəsilməsini təmin edirlər.

Yaşıllaşdırma təsərrüfat birliyinin idarə rəisi Nurəddin Rzayev bildirib ki, hətta quru ağacı belə bizim kəsməyə ixtiyarımız yoxdur. Ya budanmalıdır, ya da kəsilməlidir, o rəy olmalıdır və ondan sonra.

Yol kənarında, parklarda olan təhlükəli ağacların kəsilməsinə gəlincə, Nurəddin Rzayev bu işdə nazirliyə müraciəti də ağacın kəsilməsini də özləri həyata keçirdiklərini deyir. Həmin ağacları hər rayonda olan sahə rəislərimiz aşkar edərək bizə xəbər edir.

Yaşıllaşdırma təsərrüfat birliyinin idarə rəisi Nurəddin Rzayevin sözlərinə görə, əgər həmin ağaclar parklarda və ya xiyabanlardadırsa, bizim təsərrüfat birliyinə müracət edilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin baş məsləhətçisi Əhməd Hətəmov isə "yazılı və şifahi formada müraciət olmadan biz rəy verə bilmərik" deyir. Vətəndaşlar zəng edəndə onların müraciətinə iki günə, məktubla isə bir həftəyə, 10 günə baxılır.

Müsahibim xüsusi ilə paytaxdakı qovaq ağaclarının kəsilməsi məsələsinə də toxunaraq əlavə edib ki, bir müddət əvvəl əkilən qovaqların demək olar ki, indi hamısı insanlar üçün təhlükəli vəziyyətə çatıb. Onların kəsilməsi, təhlükəsiz vəziyyətə gətirilməsilə bağlı Dövlət Ekspertiza İdarəsi üç il bundan öncə ümumi rəy də verib. Rəy ancaq qovaq ağaclarına şamil edilir. Baş məsləhətçi bu ağacların tez bir zamanda 25-30 metrə qədər qalxdığını, çox ağır olmaqla yanaşı, həm də yayda toxum vermə mərhələsində allergik insanlar üçün narahatlığa səbəb olduğunu əsas gətirərək qovağın əkilməsini məqsədəuyğun saymır.

Sonda müsahibim təhlükəli qovaqdan başqa, digər ağacların rəy olmadan kəsilməsi məsələsinə də toxundu: “İnzibati xətalar qanunvericiliyinə görə, qanunsuz ağac kəsənlər – fiziki şəxslər 2500 AZN, vəzifəli şəxslər 9000 AZN, hüquqi şəxslər isə 40-50 min AZN məbləğində cərimə olunur”.

Odur ki, yaşıl ağaca əl uzadarkən cibinizi düşünün, ən yaxşısı isə bu işi bilənlərə tapşırmaqdır.



QafqazPRESS.az
banner125x125 banner125x125