» » Bakıdakı avtobus sürücüləri bunu da etdilər

Bakıdakı avtobus sürücüləri bunu da etdilər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
Bakıdakı avtobus sürücüləri bunu da etdilər


Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir.

QafqazPRESS.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kütləvi şəkildə video və fotolar paylaşılır. Paylaşılan fotolardan birində 69 saylı sərnişin avtobusunda sərnişinlərin qapılardan sallanması görünür.

Fotodan göründüyü kimi, “Daewoo” markalı iritutumlu avtobus sərnişinlə o qədər dolub ki, insanlar artıq avtobusun qapılarından sallanıblar. Bu səbəbdən avtobus hər 3 qapısı açıq şəkildə hərəkət edir.

Əslində isə “Yol hərəkəti haqqında” qanuna görə, sərnişin avtobusları hərəkət edərkən həddindən artıq sərnişin daşıya bilməz. Qanunun başqa bir maddəsində isə avtobusların hərəkət zamanı qapıları açıq saxlaması qadağan edilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov anspress-ə açıqlamasında bildirib ki, belə hadisələrlə mübarizə aparılmasına baxmayaraq hələ də özbaşınalıq edən sürücülər var.

Şöbə rəisi bir daha avtobus sürücülərinə müraciət edərək bildirib ki, onlar daha diqqətli olmalıdırlar: “Ən azı düşünməlidirlər ki, hansısa bədbəxt hadisə baş verəcəksə, neçə ailədə göz yaşları axacaq”.

Nəqliyyat Nazirliyi Mətbuat katibliyinin müdiri Namiq Həsənov isə avtobusların belə özbaşınalıqlarının yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, Nəqliyyat Departamenti həmişə belə qanunsuzluqlarla mübarizə aparır. Belə sürücülər ən ağır şəkildə cəzalandırılır. Sahibkar cərimələnir.

Qeyd edək ki, sərnişin avtobusların bu və digər özbaşınalıqlarla qarşılaşan vətəndaşlar Nəqliyyat Nazirliyinin “qaynar xətt”inə müraciət edə bilərlər. Bundan başqa, bu tipli hadisələrlə qarşılaşan oxucularımız, baş verən hadisəni video və foto şəkildə qeydə alaraq, bizimlə əlaqə yarada bilərlər. Ümid edirik ki, həyatımızı və sağlamlığımızı təhlükə altına salan bu problemin həllində hamımız iştirak edəcəyik. Çünki baş verə biləcək hansısa bədbəxt hadisədə, ola bilsin, biz özümüz, yaxud da yaxınlarımız olsun.
banner125x125 banner125x125