» » Bəhram Xəlilov: "Bəzi namizədlər apelyasiya şikayətindən sonra dövlət qulluğuna qəbul ediliblər"

Bəhram Xəlilov: "Bəzi namizədlər apelyasiya şikayətindən sonra dövlət qulluğuna qəbul ediliblər"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 23 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
Bəhram Xəlilov: "Bəzi namizədlər apelyasiya şikayətindən sonra dövlət qulluğuna qəbul ediliblər"


23 iyun - dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun Trend-ə müsahibəsi

- Əvvəla, sizi 23 iyun - dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik edir və işinizdə uğurlar arzulayırıq.

- Çox sağ olun, təşəkkür edirəm!

- Bəhram müəllim, Azərbaycan müstəqillik əldə etdiyi dövrdən indiyədək dövlət qulluğu sahəsində görülən işləri necə qiymətləndirirsiniz?

- Azərbaycanda dövlət qulluğu məfhumu 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. 2000-ci il iyulun 21-də isə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi və bundan sonra bu sahədə müvafiq işlərin və islahatların aparılmasına başlandı. Təbii ki, bir sistemdən digər sistemə keçid bir çox problemlər yaradırdı. Həm qanun yeni idi, həm bizə tanış olmayan bir çox novellalar var idi, yerlərdə qanunun tətbiq edilməsində bəzi problemlər yaranırdı. Buna görə də 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən qərar qəbul edildi ki, dövlət qulluğu sahəsində qanunvericiliyin icrasına nəzarət edən, bu sahədə islahatlara təkan verən bir qurum - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılsın. Bu Komissiya 2006-cı ildən fəaliyyətə başlayıb. Bu illər ərzində bir çox işlər görülüb, bir çox yeniliklər tətbiq edilib. Hesab edirəm ki, bu sahədə hələ çox işlərin görülməsi, islahatların aparılması qarşımızda durur.

Əsas məqsəd ilk növbədə, ictimaiyyətdə, vətəndaşlarda dövlət qulluğuna, dövlət orqanlarına etimadın yaradılmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilib ki, hər bir vətəndaşın dövlət qulluğunda işləmək hüququ var, bizim vəzifəmiz bu hüququn təmin edilməsidir. Bu işdə ən başlıca istiqamətlərdən biri dövlət qulluğuna qəbul məsələsidir. Bu, qanunda nəzərdə tutulmasına baxmayaraq, demək olar ki, tətbiq edilmirdi. Çünki vahid qaydalar, vahid yanaşma yox idi. Biz çox dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin vəzifə təlimatları yox idi. Biz ilk növbədə bilməliyik ki, bu dövlət qulluqçusu nə ilə məşğul olmalıdır. Mən bir neçə məsələni misal çəkdim, ancaq belə məsələlər çox idi. Biz dövlət orqanları ilə sıx əlaqədə işlədik, şəbəkə yaratdıq, bir çox görüşlər, seminarlar, "dəyirmi masa"lar keçirdik. Hazırda əməkdaşlıq etdiyimiz bütün dövlət orqanlarında toplular var. Bu toplularda bütün dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativlər, bütün vəzifələrə dair təlimatlar, bölmələrin əsasnamələri var. Artıq bilirik ki, dövlət qulluğuna qəbul aparanda bizə konkret kim lazımdır.

Qarşıda duran ən əsas vəzifə dövlət qulluğuna qəbulun şəffaf şəkildə keçirilməsidir. Bildiyiniz kimi, bizdə dövlət qulluğuna qəbul prosesi 2 mərhələdən ibarətdir - test imtahanı və müsahibələr. Hesab edirəm ki, bəzi istisnalar olmaqla buna tam nail olmuşuq. Bu, təkcə bizim fikrimiz deyil. Əməkdaşlıq etdiyimiz bir sıra beynəlxalq təşkilatların, digər ölkələrin analoji qurumlarının hamısının fikri budur ki, Azərbaycanda dövlət qulluğuna qəbul sistemi çox şəffaf və obyektivdir.

Bu şəffaf və obyektivlik nədən ibarətdir və biz bunu necə təmin edirik? Şəffaflıq olan yerdə korrupsiya üçün çox az imkanlar qalır. Komissiya fəaliyyətə başladığı ilk gündən çalışıb ki, bütün fəaliyyəti barədə ictimaiyyəti dərhal məlumatlandırsın. Biz ilk növbədə test imtahanlarının kompüter vasitəsilə keçirilməsinə nail olduq. Bu məqsədlə proqram təminatı, test bankı hazırlandı. Hazırda test imtahanlarının keçirilməsində heç bir problem yoxdur. Hətta vətəndaşların sənəndlərinin qəbulu da "onlayn" rejimdə aparılır. Yəni ictimiayyət də bunu qəbul edir ki, bu proses tam şəffaf və obyektivdir.

Əvvəllər bizə müraciət edənlərin, mənim qəbuluma gələnlərin də sayı indi azalıb. Əvvəllər hansısa bir şikayətlə bağlı çox adam gəlirdi. Şəffaflıq və obyektivlik təmin edildiyindən indi demək olar ki, onların sayı minimuma enib. Lakin gələnlər də dərhal qəbul edilir və araşdırma aparılır. Bu, belə də olmalıdır. Çünki vətəndaşlar bizim üçün yox, biz onlar üçün çalışmalıyıq. Yeri gəlmişkən, bu günədək Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı elan olunan müsabiqələrdə 50 mindən çox vətəndaş iştirak edib.

- Elə olurmu ki, hansısa namizəd imtahan vaxtı müəyyən sualla bağlı apelyasiya şikayəti versin və onun şikayəti təmin olunsun?

- Olur. Belə olanda operativ araşdırma aparılır, ekspertlər dəvət olunur. Elə bu son imtahan vaxtı biz namizədlərdən birinin apelyasiya şikayəti əsasında bir sualı ləğv etdik. Həmin namizəd imtahandan 74 bal toplamışdı. Sual ləğv olunandan sonra bütün namizədlərin nəticələrinə bir bal əlavə etdik. Nəticədə 2 nəfər 75 bal toplayıb müsahibə mərhələsinə buraxıldı. Bu, çox nadir hallarda olur, amma olur. Lakin biz bundan da qaçmırıq. Təbii ki, test bankı ekspertlər tərəfindən hazırlanır, bir neçə dəfə yoxlanılır, bir neçə mərhələdən keçir. Təbii ki, bu, bizim üçün yaxşı hal deyil ki, biz o sualı ləğv edək. Ancaq əsaslı olduqda biz vətəndaşların hüquqlarını qorumalıyıq. Bundan çəkinmək lazım deyil. Bu da məhz şəffaflığın, obyektivliyin təmin edilməsi deməkdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, hər bir vətəndaşın hüquq və qanuni maraqları var və hər bir dövlət qulluqçusu onlara qulluq etmək üçün vəzifədədir. Biz vəzifə deyirik. Dövlət qulluğu vəzifəsi. O, həm qulluq etməlidir, həm də bu, onun vəzifəsidir. Əfsuslar olsun ki, bəziləri bu məsuliyyəti bir az fərqli başa düşürlər.

- Amma cəmiyyətdə ən çox söz-söhbət müsahibə mərhələsi ilə bağlı olur.

- Bəli, doğrudur. Biz neçə ildir ki, qəbul prosesini həyata keçiririk və hər il də müsahibəni daha şəffaf və obyektiv etmək üçün sanballı addımlar atırıq. Deyirlər ki, testdən keçdik. Test obyektiv idi, amma müsahibədə nəsə subyektivlik oldu. Təbii ki, subyektivlik faktorunun olması istisna edilmir. Lakin biz çalışmışıq ki, bunu tam aradan qaldıraq. Nə edirik? İlk növbədə, biz dövlət orqanları ilə birgə hər vəzifə üçün müsahibə proqramları tərtib etmişik. Yəni namizədə verilən suallar həmin proqramdan kənara çıxa bilməz. İkincisi, bütün müsahibələrin hamısının videoçəkilişi aparılır. Kimsə deyirsə ki, burada subyektivlik, qeyri-obyektivlik var və hər hansı apelyasiya şikayəti olanda apelyasiya komissiyası həmin müsahibənin stenoqramına, videoyazısına baxır və həm namizədin, həm də müsahibə qrupunun iştirakı ilə araşdırma apararaq qərar qəbul edir. Bəzən elə olur ki, komissiya 1, hətta 2 saat araşdırma aparır. Yanaşmamız belədir ki, burada tam obyektiv araşdırma aparılmalıdır.

- Elə olubmu ki, müsahibədə iştirak etmiş namizədin apelyasiya şikayəti əsasında o, dövlət qulluğuna qəbul olunsun?

- Bəli, elə hallar da olur. Bu da çox olmur, ancaq rast gəlinir. Bəzən qiymətləndirmədə qeyri-dəqiqlik olur. Komissiya müsahibə qrupunun üzvləri ilə bu məsələni birgə araşdırır. Bu hallar çox zamanmı yaranır? Hansısa dövlət orqanları tərəfindən olan müsahibə qrupunun üzvü kimisə keçirmək və ya keçirməmək istəyir, kimsə onun xoşuna gəlir və ya gəlmir. Ancaq müsahibə qrupunun digər üzvləri hesab edirlər ki, namizəd müsahibəyə çıxarılan dövlət qulluğu vazifəsinə layiq şəxsdir. O da dərhal araşdırılır və lazımi qərar çıxarılır.

- Ümumiyyətlə, müsahibə qrupları necə formalaşdırılır?

- Müsahibə qrupları müsahibə keçirilən gün səhər yaradılır. Orada həm bizim Komissiyanın, həm də vakant dövlət vəzifəsi olan dövlət orqanının nümayəndəsi olur. Çünki biz onlar üçün seçirik, ona görə də onların da nümayəndələri olmalıdır. Artıq bir neçə ildir ki, müsahibə qrupuna müstəqil ekspertləri də daxil etmişik. Artıq böyük bir ekspert bankı yaranıb. Onların hamısı öz sahələrində tanınmış mütəxəssislərdir. Bundan əlavə, qruplarda QHT-lərin də nümayəndələri var. QHT-lər tərəfindən çox suallar olur. Onların nümayəndələri qərar verəndə ki, bu namizəd vakant dövlət qulluğu vəzifəsində uyğundur, onda başqa nə söhbət ola bilər? Mən bir sədr kimi yalnız məktub imzalayıb həmin dövlət orqanlarının rəhbərlərinə ünvanlayıram. Ona görə də kimlərsə deyirsə ki, qeyri-obyektivlik var, hesab edirəm ki, bu, həmin insanların subyektiv fikridir.

- Belə məlumatlar var ki, bəzi dövlət qurumları vakant dövlət qulluğu vəzifələrini DQMK-dan gizlədirlər. Bunun qarşısını almaq üçün dövlət qulluqçularının vahid elektron vakansiya bazası hazırlanırmı?

- Çox yaxşı sualdır. Burada vakant vəzifələrin təqdim edilməməsinin bir neçə əsası ola bilər. Bəzi hallarda dövlət orqanlarının həmin vakant vəzifələrə şəxsləri yerləşdirmək üçün yerləri yoxdur. Belə hallar olur, amma nadir hallarda. Yəni fiziki olaraq işçinin işləməsi üçün kabinet, yer, imkan olmur. İkincisi, bəzi dövlət orqanlarında struktur dəyişiklikləri gedir. Struktur dəyişiklikləri aparılanda hansı vəzifələrin ixtisara düşdüyü, hansı yeni vəzifələrın yaradıldığı dəqiqləşdirilir. Ona görə də o, bizə təqdim edilmir. Bir də təbii ki, sizin də dediyiniz kimi, bəzi hallarda bəzi dövlət orqanları bir sıra vakant vəzifələri komissiyaya təqdim etmir. Bəzilərində müddətli müqavilə ilə işləyənlər var, istəmirlər ki, kimsə müsabiqədən keçib gəlib onların yerini tutsun. Belə hallar da var.

Sizə bir şeyi də deyim ki, bizdə artıq dövlət qulluqçularının yeni və daha geniş reyestri başa çatır. Bunun üçün yeni proqram təminatı işlənib ki, mövcud olan bütün vəzifələri, o cümlədən vakant dövlət qulluğu vəzifələrini o reystrdə əldə edək. Hazırda bu iş gedir. Bütün dövlət orqanları ilə müqayisə aparılır ki, hansı dövlət qulluğu vəzifələri var, onlardan hansıları vakantdır. Təbii ki, bu sahədə biz tədbirlərimizi davam etdirəcəyik.

Vakant dövlət qulluğu vəzifəsinin müsabiqəyə çıxarılması üçün dövlət orqanlarının qərarı lazımdır. Onlar qərar qəbul edib bizə ünvanlayırlar. Biz isə buna nail olmaq istəyirik ki, vakant vəzifə varsa, dövlət qurumu ilə razılaşdıraraq onları birbaşa müsabiqəyə çıxaraq. Ancaq bizdə hələ elə bir hüquq yoxdur ki, vakant vəzifəni biz özümüz müsabiqəyə çıxara bilək.

- Bunu qanunvericilik səviyyəsində tətbiq etmək olmazmı?

- Olar.

- Qanuna elə bir müddəa salmaq olmazmı ki, hər hansı şəxs Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müsabiqədən keçməyibsə, dövlət qulluğuna qəbul edilə bilməz?

- Qanunvericilikdə belə bir müddəa var ki, müsabiqə yolu ilə qəbul olunmayan şəxslər dövlət qulluqçusu hesab edilmirlər. Əgər onlar qanuna zidd olaraq dövlət qulluğuna qəbul olunublarsa, bu, birbaşa əsas verir ki, həmin şəxslərin müqavilələrinə xitam verilsin. Belə hallar təcrübədə artıq olub, belə yolla işə qəbul edilən şəxslərin müqavilələrinə xitam verilib. Amma müsabiqədənkənar yolla dövlət orqanına işə qəbul olunan şəxslər də anlamalıdırlar ki, onlar dövlət qulluqçusu statusu əldə edə bilməyəcəklər. Yəni onların işlədiyi illər qeyri-qanunidir.

- Əgər kobud müqayisə aparsaq, məsələn, TQDK-nın imtahanlarından keçməyən şəxslər gedib hansısa yolla universitetə daxil olursa, onun heç bir əsası olmayacaq, ona verilən diplom da tanınmayacaq.

- Çox gözəl müqayisədir. Biz də namizədlərin sənədlərini araşdırırıq. TQDK-da yaradılmış tələbə-məzun proqramı vasitəsilə həmin namizəd haqqında, onun təhsili ilə bağlı informasiyanı əldə edirik. Kim neçənci ildə, nə qədər bal toplayaraq, hara daxil olub? Həmin proqramdan çox gözəl görünür, kim hansı yollarla hansı ali məktəbə düşüb. TQDK-nın imtahanlarında lazımi qədər bal toplamayan şəxslər hansısa kənar yollarla ali məktəbə qəbul olub. Bu, istər-istəməz onların səviyyəsində özünü göstərir.

- Daha yuxarı təsnifatlar üzrə dövlət qulluğu vəzifələrinə qəbulun sizə verilməsi ehtimalı varmı?

- Azərbaycanda dövlət qulluğuna qəbul iki sistemlə aparılır: müsabiqə və vəzifədə yüksəlişlə. 5, 6, 7-ci təsnifatlara dövlət qulluğuna müsabiqə yolu ilə, ondan yuxarılara isə vəzifədə yüksəlişlə qəbul edilir. Dövlət orqanının rəhbəri var və o, bilir ki, kimi irəli çəkmək lazımdır. Təbii ki, işçilərdə motivasiya da olmalıdır. Karyera yüksəlişi, vəzifədə yüksəliş yoxdursa, işçilər həvəsdən düşür. Həvəsləndirici metod kimi bundan istifadə etmək lazımdır. Bu, normal haldır.

- Elə vəzifələr var ki, müsabiqələr zamanı onlara maraq çox az olur. Bəzən heç sənəd verən də olmur. Bu, nə ilə bağlıdır?

- Bu da normal haldır. Dünyada belə hallara rast gəlinir. Təbii ki, bu, həm dövlət qulluğu vəzifəsinin yerləşdiyi regiondan, həm əmək haqqının səviyyəsindən və səmimi deyim ki, həm də dövlət orqanlarının ictimaiyyət arasında olan nüfuzundan asılıdır. Elə orqanlar var ki, cəmiyyətdə onlara böyük etimad var və daha çox namizədlər orada çalışmaq istəyirlər.

- Siz bir neçə dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlərin Azərbaycan dili biliklərinin aşağı səviyyədə olmasından narahatlığınızı ifadə etmişdiniz. Bununla bağlı hər hansı dəyişiklik müşahidə edilirmi?

- Bu, çox vacib bir məsələdir. Konstitusiyaya görə, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Hesab edirəm ki, bu problem daha çox orta və ali təhsillə bağlıdır. Bizdə nə şagirdləri, nə də tələbələri öz fikirlərini düzgün ifadə etməyə öyrətmirlər. Biz əksər hallarda rast gəlmişik ki, səviyyələri, bilikləri yüksəkdir, amma fikirlərini kağız üzərində ifadə edə bilmirlər. Mən özüm rusdilliyəm, vaxtilə Rusiyada təhsil almışam, amma mən oturub onları redaktə edirəm. Amma o yazılanı oxuyan şəxs onu dəqiq anlamalıdır. Biz bunu nəzərə alaraq belə bir addım atdıq, test bankı yaratdıq və Azərbaycan dili biliklərini də yoxlayırıq. Təbii ki, bu, tam yoxlama deyil. Lakin yenə də nəsə əldə etməyə çalışırıq. Namizədlər heç olmasa, imtahana hazırlaşanda suallara düzgün cavab vermək üçün Azərbaycanda yazıb-pozmağa hazırlaşırlar, dilimizi daha çox öyrənməyə çalışırlar. Hesab edirəm ki, gələcəkdə əlavə bir mərhələ də etmək olar. Konkret olaraq daha yuxarı vəzifələrə namizəd olan şəxslərin inşa, esse yazmaq bacarıqları yoxlanıla bilər. Hər bir halda dövlət qulluğunda işləyən şəxs Azərbaycan dilini bilməlidir. Çünki o, sənədlərlə işləyir, kargüzarlıq var, yazışmalar var, qaydalar var. Hər bir dövlət qulluqçusu Azərbaycan dilində sənədlərdə dəqiq və aydın başa düşüləcək şəkildə işləməyi bacarmalıdır.

- Hazırda Azərbaycanda dövlət qulluğunda çalışan neçə nəfər var?

- Bizdə 5-7-ci təsnifatlara aid olan dövlət qulluçularına aparılan reyestrdə 30 minə yaxın dövlət qulluqçusu var. Yuxarı təsnifatları da əlavə etsək, onların sayı 40 minə yaxındır.

- Regionlarda test imtahanlarının keçirilməsi ilə bağlı iş nə yerdədir?

- Regionlarda bizim əlçatan infrastrukturumuz olsa, yəni kameralarla təchiz edilmiş kompüter otaqlarımız olsa, bunları təşkil etmək üçün heç bir problem yoxdur. Biz imtahanları rahat şəkildə yerlərdə keçirib hətta Bakıdan idarə edə bilərik. Bu vətəndaşlar üçün də çox rahat olardı ki, onlarla, yüzlərlə kilometr məsafə qət edib əziyyət çəkməzlər. Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində belə bir layihə var. Onlar hazır olan kimi bir ayın içində həmin sistemə qoşulub bu problemi həll edə bilərik. Hələ ki, nazirliklə bu sahədə əməkdaşlığımızı davam etdiririk.

- Qeyd etdiyiniz kimi, dövlət qulluqçularının reyestri başa çatır. Həmin sistem nə zaman tam istifadəyə veriləcək?

- Biz onu demək olar ki, artıq başa çatdırmışıq. Əvvəllər dövlət orqanları bizə məlumatları kağız daşıyıcılarında göndərirdilər. Bu sistem isə imkan verir ki, elektron yolla məlumatları özlərinə aid olan hissəyə daxil etsinlər. Kadr dövriyyəsi gedir, dəyişikliklər olur, yeniləri gedir, bəziləri işdən gedir, bəzilərinin vəzifələrində artım olur. Dövlət orqanları bu sistemə daxil olaraq avtomatik bu düzəlişləri edə biləcəklər. Bu imkan verəcək ki, biz bir çox hesabatlar ala bilək və digər tərəfdən, dövlət qulluqlarının vəziyyəti haqqında aydın mənzərə yaranacaq. Əlavə olaraq dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirməsinin də nəticələrini həmin reyestrə qoşacağıq. Biz çalışırıq ki, bu sadəcə quru yazılardan ibarət olmasın, kadrların mükəmməl idarə edilməsi sistemi olsun.

- Yeri gəlmişkən, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiqinə nə vaxt başlanacaq və bu məqsədlə hansı işlər görülür?

- Biz dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə artıq bu ildən başlayırıq. Bununla bağlı qaydalar təsdiq olunub və qüvvəyə minib, lakin tətbiqinə hələ başlanmayıb. Qanunvericiliyə görə, hər bir dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Burada söhbət yalnız inzibati vəzifə tutan dövlət qulluqçlarından gedir. Bildiyiniz kimi, dövlət qulluğunda iki cür vəzifə var: inzibati və yardımçı vəzifə. Yardımçı vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir. Qanunvericiliyə görə, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilməlidir və qiymətləndirmə zamanı dövlət qulluqçusunun peşə bilikləri, yaradıcılıq, təşəbbüskarlıq, əmək intizamı və s. kimi keyfiyyətləri əsas götürülməlidir. Bunlar nəzərə alınaraq dövlət qulluqçusunun xidməti fəaliyyəti "əla", "yaxşı", "kafi" və "qeyri-kafi" kimi qiymətləndirilir.

Açığı, dövlət orqanları tərəfindən bu məsələyə hansısa marağı gözləyirdim, amma belə yüksək maraq gözləmirdim. Bu, çox çətin prosesdir. Burada ən önəmli məsələ odur ki, subyektivlik olmamalıdır. Qiymətləndirməni aparan işçilər obyektiv yanaşmalıdırlar. "Kimsə xoşuma gəlirsə, yüksək, kimsə xoşuma gəlmirsə, aşağı qiymət verirəm" prinsipi olmamalıdır. 2012-ci ildə dövlət qulluqçularının qiymətləndirilməsi ilə bağlı Bakıda böyük bir beynəlxalq konfrans keçirdik. Bir sıra xarici dövlətlərin ekspertləri ilə əməkdaşlıq edirik. Onlar gəlib burada təlimlər keçirlər. Dövlət orqanlarının nümayəndələrini bu təlimlərə dəvət edirik ki, hazırlıqlı olsunlar. Bu yenilikdir. Biz istəyirik ki, heç olmasa qiymətlədirmənin fəlsəfəsini, nədir, nəyə görədir və nə verəcəyini aşılaya bilək. Bu sistemin tətbiqi həm subyektivliyin qarşısını alacaq, həm vəzifədə irəliləmənin əsasını təşkil edəcək, həm də həvəsləndirmə kimi mühüm rol oynayacaq. İstəyirik ki, gələcəkdə qiymətləndirmənin nəticələrini əməkhaqqı ilə bağlayaq. Bir qurumda iki insan eyni vəzifədədirsə, onlardan biri çox yaxşı, digəri isə zəif çalışırsa və hər ikisinin əməkhaqları eynidirsə, bu, yaxşı işləyən işçini həvəsdən salır. Kim yaxşı işləyirsə, daha yaxşı əməkhaqqı almalıdır.



QafqazPRESS.az
banner125x125 banner125x125