» » Azərbaycanda çay ucuzlaşacaq?

Azərbaycanda çay ucuzlaşacaq?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 aprel 2014
//
Bölmə: İqtisadiyyat
Azərbaycanda çay ucuzlaşacaq?


Bazarlarda Rusiyadan gətirilən çayın həcminin artması reallaşmaq üzrədir
Azərbaycan əhalisinin gündəlik istehlakında xüsusi yer tutan çayın qiyməti ucuzlaşa bilər. Lakin bu proses Rusiya tərəfinin ölkəmizə çay ixracına başlamasından sonra mümkün sayılır. Hesab edilir ki, ixrac reallaşarsa, bazarda rəqabət mühiti daha da dərinləşəcək və bu da öz növbəsində qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq.

Şimal qonşumuz isə belə görünür ki, yaxın tezlikdə Azərbaycana çay ixracına strat verəcək. Bunu Rusiyada çay və qəhvə istehsalı ilə məşğul olan "Rosçaykofe" şirkətinin direktoru Ramaz Çanturiyanın açıqlamaları da təsdiq edir. Ramaz Çanturiya bildirib ki, Rusiyadan Ukraynaya ixrac edilən qablaşdırılmış çayda problem yaranarsa, rəsmi Moskva yeni ticarəti Azərbaycanla qurmağa çalışacaq. O əlavə edib ki, hələlik Rusiyadan Ukraynaya göndərilən məhsullarla bağlı hər hansı problem yaranmasa da, iki ölkə arasında mövcud durum ticarət əlaqələrini təhlükə altına salıb. Xatırladaq ki, hazırda Rusiyadan Ukraynaya qablaşdırılmış çayın ixracı 64 faiz təşkil edir. Moskvanın ikinci ən böyük bazarı isə Qazaxıstandır. Ramaz Çanturiya "İTAR-TASS" agentliyinə müsahibəsində deyib ki, Ukraynada ixracla bağlı problemlərin yaranmayacağına ümid etsə də, Azərbaycan bazarına da daxil olmağın yollarını axtarır: "Hazırda bu bazara daxil olmaq üçün qarşı tərəflə danışıqlar aparırıq".

Qeyd edək ki, artıq Ukraynada Rusiya məhsulları boykot olunur. Buraya çay da aiddir. Bu mənada Rusiyanın Azərbaycana çay ixracına başlaması tamamilə gözləniləndir. Belə vəziyyət isə aydındır ki, çayın ucuzlaşmasını qıçılmaz edir. Bununla yanaşı, hesab edilir ki, yerli istehsalın da həcmi artırılmalıdır. Xatırladaq ki, Azərbaycan sovetlər dövründə böyük həcmdə çay istehsal edirdi. Mütəxəssislər deyir ki, Azərbaycanın quru çaya olan tələbatının 90 faizini xaricdən gətirilən məhsul ödəyir. Səbəb kimi çay sahələrinin təyinatının dəyişdirilməsi göstərilir. Xatırladaq ki, Masallıda, Lerikdə Astarada, Lənkəranda vaxtı ilə minlərlə hektar çay sahələri olub. İndi bu sahələrin çox az hissəsi qalıb. Hazırda il ərzində Astarada 400-450 ton, Lənkəranda isə 200 tona yaxın yaşıl çay yarpağı yığılır. Düzdür, bu göstəricilər artmağa başlayıb, lakin hələlik çox az. Onu da qeyd edək ki, Azərbaycan çayı keyfiyyətinə görə digər çaylardan fərqlənir. Heç də təsadüfü deyil ki, yerli çayların qiyməti idxal edilən məhsuldan bir neçə dəfə bahadır.

O da bəllidir ki, çayçılığı inkişafı üçün yalnız dövlət dəstəyi lazımdır. İqtisadçılar bildirir ki, hazırda Azərbaycanda çay emal edib bazara çıxartmaq baha başa gəlir. Buna görə də müxtəlif ölkələrdən Azərbaycana xaricdən quru çaylar gətirilir. Onu da qeyd edək ki, çay o məhsullardandır ki, stabil gəliri var. Hətta böhranlı vəziyyətdə belə öz tarazlığını saxlayır. Xatırladaq ki, Azərbaycanda sovet dövründə 17 min hektar çay sahəsi olub. Hökumət özü də çayçılığın əvvəlki şöhrətinin bərpa edilməsində maraqlıdır. Hesab olunur ki, əgər Azərbaycanda çay istehsal olunursa, ölkədə fəaliyyət göstərən emal şirkətləri mütləq istehsalçını tanımalıdır və yerli xammaldan istifadə etməlidir.

Mütəxəssislər deyirlər ki, daxili istehsalı artırmaq üçün gərgin iqlim şəraitimizdə çayın becərilməsi üçün lazımi aqrotexniki qulluq aparılmalı və sahələr vaxtında gübrələnməlidir. Yalnız bu halda yüksək keyfiyyətli çay əldə etmək olar. Məlumat üçün qeyd edək ki, Azərbaycanda çayçılığın inkişafı üçün ən perspektivli region cənub bölgəsidir. Burada çayçılığın inkişafı istiqamətində müəyyən addımlar atılsa da, hələlik istənilən nəticə yoxdur. Hazırda Azərbaycanda çay plantasiyaları çox azdır. Bu üzdən çay istehsalçıları çayın böyük hissəsini xarici ölkələrdən alır. Onu da bildirək ki, yaxın keçmişdə çay istehsalı və emalında 65-70 min adam işləyib. İndi isə bu sahədə işləyənlərin də sayı həddən artıq azdır. Bu mənada çayçılığın dirçəldilməsi həm də əlavə iş yerlərinin yaranmasına səbəb ola bilər. Digər tərəfdən çay ixracının reallaşması da mümkün sayılır ki, bu da ölkəyə böyük miqdarda vəsait qazandırmaq iqtidarındadır.

QafqazPRESS.az
banner125x125 banner125x125