» » 60 yaşlı Sərdar Cəlaloğlu ad günündə xalqı qınadı

60 yaşlı Sərdar Cəlaloğlu ad günündə xalqı qınadı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 iyun 2014
//
Bölmə: Siyasət
60 yaşlı Sərdar Cəlaloğlu ad günündə xalqı qınadı


Bu gün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun 60 yaşı tamam olur. Partiya lideri doğum günü ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb. O deyib ki, bu dəqiqəyədək ad günü münasibətilə onu tanınmış siyasətçilərdən sabiq baş nazir Pənah Hüseyn və Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə təbrik ediblər:

“Əslində mən başqa siyasətçilərdən zəng gözləmirəm. Əgər zəng edib təbrik eləsələr, bu, mənim üçün gözlənilməz olar”.

Sərdar Cəlaloğlu ad gününü təntənəli şəkildə keçirməyəcəyini bildirib. O, səbəbini ad günü mərasimlərini sevmədiyi ilə əlaqələndirib. ADP rəhbəri ad günündə daha çox işləmək niyyətindədir. “Mən ad gününü sadə keçirəcəyəm. Hazırda partiyanın qərargahındayam. Bu gün daha çox işləyəcəyəm ki, yaradıcılığım üçün də xüsusi bir gün olsun”.

S. Cəlaloğlu ad günündə Azərbaycan xalqına və dövlətinə mesaj da verib. Amma onun bu mesajında nədənsə, xalqa qınaq notları daha çoxdur: “Hər bir Azərbaycan vətəndaşı ən azından mənim qədər öz xalqına bağlı olsaydı və xidmət etsəydi, bəlkə də xalqımız indi dünyada ən qabaqcıllardan biri olardı. Mən xalq üçün işgəncələrə məruz qalmışam, həbsxanaya düşmüşəm, şəxsi maraqlarımı qurban vermişəm, ailəmdən, dostlarımdan, peşəmdən uzaqlaşmışam. Mən özümün fərdi və şəxsi maraqlarımın böyük bir hissəsini ictimai maraqlarımızın təmin olunmasına sərf etmişəm. Azərbaycan əhalisi mənim dediyim prinsiplə yaşasaydı, dövlətimiz də, xalqımız da dünyada ən öndə gedənlər siyahısında olardı. Təəssüf ki, bizdə ictimai maraqlar şəxsi maraqlardan arxa plandadır. İnsanlar indi şəxsi maraqları üstün tuturlar. İnsan özünü fəda etməyi, özündən imtina etməyi bacarmalıdır. Mən indi də özümü fəda edirəm. Mən indi dillərin yaranması haqqında elmi nəzəriyyələr üzərində işləyirəm və onu başa çatdırmalıyam. Bunu dünya elminə çıxarsa bilsək, Azərbaycanın nailiyyəti olacaq. Bu isə ictimai xidmətdir”.

Qeyd edək ki, S. Cəlaloğlu 1954-cü il iyunun 3-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub.

Biz də Sərdar Cəlaloğlunu ad günü münasibəti ilə təbrik edirik!


QafqazPRESS.az
banner125x125 banner125x125