İlham Əliyevdən müharibə xəbərdarlığı
"Hərbi yol da istisna edilmir"
Dağlıq Qarabağ məsələsinin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurub.
Bizimyol.info AzərTAc-a istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı bildirib. Bunu reallıq adlandıran dövlət başçısı qeyd edib ki, biz real dünyada yaşayırıq və reallıqlarla hesablaşmalıyıq.
“Ona görə bizim ordu quruculuğu ilə bağlı ardıcıl siyasətimiz bu gün bir daha göstərir ki, nə qədər düzgün və nə qədər vaxtında atılan addımlar idi. Bu gün biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Sadəcə olaraq hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib.
Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll edilsin. Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər.
Hesab edirəm ki, son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallıq bizim artan iqtisadi və hərbi gücümüzlə əlaqəli olan məsələdir. Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik.
Bu gün güc amili, bir daha demək istəyirəm ki, həlledici rol oynayır. Biz daha da güclü olmalıyıq, oluruq. İqtisadi, siyasi və hərbi potensialımız kifayət qədər güclüdür və danışıqlarda bu amil müsbət rolunu oynayacaq.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.
Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq.
Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər yaradıblar. Bunun çox böyük əhəmiyyəti var. Ancaq bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq üçün kiçik həcmli broşürlər də buraxılmalıdır. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyi birlikdə belə broşürlər hazırlamalıdırlar ki, müxtəlif dillərdə nəşr edilsin və xarici ictimaiyyətə çatdırılsın.
O cümlədən İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktları da geniş auditoriyaya məlum deyildi. Bu məsələni mən birinci dəfə qaldıranda, bu, bəziləri üçün, necə deyərlər, bir yenilik kimi görünürdü. Ancaq bu reallıqdır, bunu hazırda Azərbaycanda hər kəs bilir və imkan düşdükcə biz bunu beynəlxalq konfranslarda, forumlarda, tədbirlərdə daim qeyd etməliyik. Çünki bu, tarixi həqiqətdir.
Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi. Bir sözlə, həm tarixi, həm hüquqi tərəf bizim mövqeyimizi dəstəkləyir”.
Dövlət başçısı onu da bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. “Digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Yəni, bu, artıq çox möhkəm hüquqi zəmindir.
Düzdür, bu, hələ ki, real nəticəyə çevrilməyib. Ancaq bu tarixi və hüquqi zəmin vardır. Belə olan halda təbii ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyil. Əlbəttə ki, Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikasını” müstəqil qurum kimi tanımayacaq. Orada keçirilən qanunsuz referendumlar dünya birliyi tərəfindən tanınmayıb və tanınmayacaq.
Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaq. Başqa variant yoxdur! Mən bunu bir daha bəyan etmək istəyirəm. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir! Biz sadəcə olaraq istəyirik ki, bunu nə qədər mümkündürsə tez edək. Ancaq edəcəyik.
Onu da qeyd etməliyəm ki, əlbəttə, bu münaqişədən xalqımız, qaçqınlar və köçkünlər əziyyət çəkir. Ancaq biz məsələni köklü şəkildə həll etməliyik. Yəni, məsələnin yarımçıq şəkildə həll edilməsi, sadəcə, bir mərhələ ola bilər və təbii ki, mərhələli həll üstünlük təşkil edir və edəcək. Ancaq biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar.
Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır.
Siz diplomatlar yaxşı bilirsiniz və biz bu məsələni öyrənmişik - dünyada, Avropada nə qədər muxtariyyətlər vardır. Orada bütün məsələlər çox gözəl tənzimlənir. Bizim məsələdə də bu yanaşma üstünlük təşkil etməlidir”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR