» » İlham Əliyev "ASAN xidmət"ə 8 milyon manat ayırdı

İlham Əliyev "ASAN xidmət"ə 8 milyon manat ayırdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 iyul 2014
//
Bölmə: Siyasət / Təhsil
İlham Əliyev "ASAN xidmət"ə 8 milyon manat ayırdı




Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, ölkədə həyata keçirilən institusional islahatlar nəticəsində yaradılan "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərə yenilik gətirmiş, bu sahədə rahatlığı və şəffaflığı təmin edilib.

Müasir texniki avadanlıqla təchiz edilmiş avtobusların regionlara səfərlərinin təşkil edilməsi vətəndaşlara bilavasitə yaşayış yerində operativ və yüksək peşəkarlıqla müxtəlif xidmətlər göstərilməsinə şərait yaratmışdır.

Sərəncama əsasən, görülən işlərin davam etdirilməsi və səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 8,0 (səkkiz) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.



QafqazPRESS.az
banner125x125 banner125x125