"Regionda etnik separatçılığı durdurmanın ortaq modeli Elat bayramıdır"
Zəlimxan Məmmədli: “Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunun möhkəmlənməsi Cənubi Qafqazın daha güvənli gələcəyə gedişinin əsasıdır”
Hər il iyul ayının 26-sı Borçalı Türklərinin Elat Mədəniyyəti Günü kimi qeyd edilir. Gürcüstanın Dmanisi rayonunun Armudly yaylağında Cəmiyyət tərəfindən böyük bayram tədbiri təşkil olunur. Çoxsaylı insanların, o cümlədən media mənsublarının da qatıldığı bayram tədbiri, Elatın ictimai-siyasi və mədəni əhəmiyyəti, cəmiyyətə verdiyi mesaj, Gürcüstan azərbaycanlılarının problemlərinin həllinə təsiri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli cavablandırır.
- Zəlimxan bəy, 26 iyul tarixinin Borçalı Türklərinin Elat Mədəniyyəti Günü kimi qeyd edilməsi nədən və haradan qaynaqlanır?
- 2009-cu ildə cəmiyyətin sədri kimi fəaliyyətə başlayanda ilkin əsas hədəf ideoloji prinsipləri müəyyənləşdirmək, toplumu bir araya yığma və bir arada tutma yolunu aramaq idi. Uzun müzakirələr və axtarışlardan sonra Borçalı Türklərinin həyat tərzində, poetik dünyasında, folklorunda, məişətində, Elat ənənələrinin mühüm, bəlkədə üstün yer tutduğunu müəyyənləşdirdik. Elat ənənələri, Elat ruhu hər bir ailədə hiss olunmaqdadır. ELAT Elat köç ənənələri, ona hazırlıqlar, borcların ödənilməsi, küsülülərin barışması, yol tədarüklərinin hazırlanması, harayçıların halayı, aran qabağı evlərin, həyətlərin ideal təmizlənməsi kimi müqəddəs, toplumsal inanc sisteminin hopduğu ruhani mədəni-məişət birgəyaşayış və kollektiv əmək vərdişləri ilə zəngindir. Elat ənənələrində xap (ağartının həftəlik, aylıq və ya günlük bir ailəyə verilməsi, bunun bərabər şəkildə dövriyyəsi), alışma (kəsilən ətin tərəzi olmadan bərabər bölünməsi) kimi insanlar, ailə və nəsillər arasında etimad yaratma, inam, etibar sistemi qurulubdur. Təbii ki içərisində olduğum Elat ənənələrinin dirçəldilməsinin toplumun gerçək mahiyyətinin üzə çıxmasında mühüm rolu artıq yüz minlərin, milyonların gözü qarşısında baş verməkdədir. 26 iyul tarixinin seçilməsi isə apardığımız tətqiqat nəticəsində həmin tarixdə statistik olaraq havaların nisbətən yağmursuz keçməsi ilə bağlıdır. Tarixin dəyişməməsində əsas hədəflərdən biri isə həmin tarixin simvollaşması, bayramlaşması, Gürcüstan həyatında toplumun toparlanma günü kimi təqvimə düşməsi ilə bağlıdır.
- “Borçalı” Cəmiyyəti tərəfindən artıq bir neçə ildir ki, davamlı şəkildə Elat Mədəniyyəti Günü qeyd olunur. Ənənəyə uyğun olaraq, bir neçə gün bundan öncə də bu günlə bağlı böyük bir bayram şənliyi keçirildi. Bilmək istərdik, bu tədbiriniz necə keçdi, insanların Elata münasibəti necə oldu?
- Bu il sayca VI “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” bayram tədbirini keçirdik. Bu ideyanın yarandığı gündən çox böyük qüvvələr bu ideyanı gözdən salmağa çalışmaqdadırlar. Hər iki dövlətin siyasi sistemində açıq və dolayı formada mane olmaq cəhdləri də olub. Hətta 2010-cu ulə II Elat Bayramının həmin il qeyri-mümkünlüyü haqda Gürcüstanın o vaxtkı hakimiyyətinin rəsmi məktubunu da almışdıq. Ancaq həmin məktubda bir neçə ciddi xətalara yol verilmişdi və Borçalı Cəmiyyətini siyasətləşdirmə cəhdi açıq sezilirdi. Təbii ki, kifayət qədər siyasi təcrübənin olması və idarə heyətinin çox dəyərli üzvlərinin iradəsi ilə biz, həmin qərarı geri oxutmağı bacardıq. Gürcüstan siyasi hakimiyyətinin o vaxtki quberniya rəhbərliyi yanlışlığa yol verdiklərini sonralar etiraf etməli oldu. 2011-ci ildə bir nəfər idmançımızın suda batması, bəzi üzdəniraq “ziyalıların” qapı-qapı düşüb insanları bu möhtəşəm birlik modelindən sapındırma cəhdi də baş tutmadı. Bu il jurnalist dostlarımızın hesablamalarına görə 30 min nəfərdən çox insan iştirak etdi Elat bayramında. Gürcüstanda soydaşlarımızın məskunlaşdığı 200-ə qədər kəndin əksəriyyəti ziyalıları ilə təmsil olundu bu tədbirdə. Elat bayramında İnsanlardakı sevgini yalnız azadlıq meydanındakı millətimizin sayğı və sevgi dolu birliyi ilə müqayisə etmək olar. Elat bayramı artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Toplumsal, sağlam, barış və sülh gücü meydanlardadır. Gürcüstan sürətlə bu layihəyə inanmağa meyillənir. Hesab edirəm ki, Elat üç dövlət arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirməklə, düşmənlərə dirəniş üçün ictimai güc vasitəsinə çevrilməkdədir.
- Elat bayramına gürcü rəsmiləri, həmçinin xarici ölkələrdən də qonaqlar qatılmışdılarmı?
- Elat tədbirində Türkiyə, Güney Azərbaycan, Şimalı Azərbaycan, MDB, Avropa ölkələrindən də çoxsaylı insanlar iştirak edirdi. Qonaqlar arasında Qars bələdiyyə başqanı Murtaza Karaçanta, Bursa Bələdiyyə rəsmisi Sadəttin Turan, Qars Sərhəd Bolu Dərnəyi başqanı Məhərrəm Yıldız, Uluslararası İpəkyolu Strateji Araşdırmalar vəqfinin qurucusu, telejurnalist Seyfullah Türksoy, Bursada ünlü iş adamı Zəkəriyyə Kutlucanı, Karapapaklar dərnəyinin başqan və üzvlərini, media mənsublarını, Güney Azərbycandan aşıqlar qrupunu xüsusi qeyd etmək istəyirəm. Bununla yanaşı, bayram tədbirində gürcü ziyalıları, ictimaiyyət nümayəndələri, Gürcüstan parlamentinin üzvləri iştirak etdilər. Amma təbii ki, biz bununla qane ola bilmərik. Düşünürəm ki, bu tədbirdə açılış nitqini Gürcüstan höküməti rəsmilərindən biri, məsələn quberniya rəsmisi və ya bu statusda kimsə etməli idi. Görünür, etimadsızlıq mühiti hələ öz işini görməkdədir. Ona görə də bu layihəyə ögey yanaşan hər kəsə səslənirəm: -Xalqla, ellə, elatla, mədəniyyətlə, ruhla bu cür davranış yaxşı nəsə demir və günahdır.
- Gürcüstan hökumətinin bu tədbirə münasibəti necədir?
- Ünsiyyətdə olduğum Gürcüsran rəsmiləri bu tədbirə xoşgörülü davranış sərgiləyirlər. Bəzi xırda anlaşılmazlıqları da anlaşaraq yoluna qoya bilirik. Gürcüstan siyasi sistemi və aydınları bizim dəstək verdiyimiz və israrla apardığımız siyasətə rəğbətlərini ifadə etməkdədirlər.
- Belə bir vacib tədbirin keçirilməsində təşkilatçılıq baxımından dəstəkçiləriniz kimlərdir? Rəsmi qurumlardan da sizə dəstək varmı?
Azərbaycan və Gürcüstan tərəfindən kimsənin bizə mane olmamasını dəstək kimi qəbul edirik. Amma hər iki dövlətin əlaqədar qurumları bu layihədə yaxından iştirak etməlidirlər. Hər il hər iki dövlətin rəsmi qurumlarına dəvət göndəririk. Hətta bu layihənin maliyyə xərcləri rəsmi səviyyədə həllini tapmalıdır. Mən naqisliklərə qarşı müxalifəm, hər zaman da olacam. Mənim üçün milli və dövlət maraqları hər şeydən ucadır. Bunu dövlət rəsmiləri belə də qəbul etməli, sağlam iradə nümayiş etdirməlidirlər. Cəsarətlə deyə bilərəm ki, bəzi əlaqədar dövlət qurumlarının rəhbərlərində MİLLİ maraq anlayışı yoxdur. Bir məsələni də qətiyyətlə bəyan edirəm. “Borçalı” Cəmiyyətinə heç zaman çirkin əl, pul və niyyətə yer olmayacaq. Millətimizin, Borçalının dəyərli iş adamları, nəhayət İŞ ADAMI olduqlarını sübut etməli, önə keçib iş görməlidirlər. Çox nikbinəm, hesab edirəm ki, bu baş verəcəkdir. Yeri gəlmişkən, bu ilki tədbirimizin ağırlıq yükü də bir neçə yaxın könül dostlarımız üzərinə düşdü. Türkiyədən təmsilçimiz Məhərrəm bəyin, Seyfullah bəyin, Dostum Hüseyn bəyin, Osman bəyin, İsrafil bəyin, EL məclislərimizin adını çəkə bilərəm ki, el yolunda fədakarlıq nümunələrinə çevriliblər.
- Zəlimxan bəy, siyasi baxımdan Elatın əhəmiyyəti nədən ibarətdir? Bununla təmsil olunduğumuz cəmiyyətlərə hansı mesajlar verilir?
- Qafqazda bir cərəyan mənfiyüklüdür. Beləki, insanları ictimai, siyasi proseslərdən təcrid etməni yanlış olaraq məqbul hesab edirlər. Düşünürük ki, problemlərin həllində, mədəniyyətlərin yaxınlaşmasında dövlətlərin dostlaşmasında xalq, mədəniyyət, insanların ruhu birbaşa iştirak etmirsə, bu siyasət qusurludur və əldə edilən nəticə dayanıqlı ola bilməz. Artıq Elat mədəniyyəti tədbirinin siyasi proseslərə, pozitiv cərəyanlara ictimai dəstəyi göz önündədir. 2009-cu ildən siyasi, mənəvi məsuliyyət gününü öz üzərimizdə göstərən üç dövlətin bayrağını və güc birlikdədir şüarını başımızın üstündən asmışıq. Biz hesab edirik ki, Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunun möhkəmlənməsi Cənubi Qafqazın daha güvənli gələcəyə gedişinin əsasıdır. Bir zamanlar buna görə bizi qınayanlar bu gün nə xoş ki, bizi alqışlamaqdadırlar. Birbaşa siyasətlə məşğul olmasaq da bu və digər formada siyasətin milli və dövlət maraqlarımızın təmininə yönəldilməsində ciddi təsir mexanizminə çevrilməkdəyik. Elat tədbiri həm də el qarşısında hesabatımız və yeni hədəflərin müəyyən olunduğu məkandır. Bu müddətdə yüzlərlə ailələr “Borçalı” Cəmiyyəti vasitəsilə bir-birinə qovuşublar. Türkiyəyə bir zamanlar köç etmiş soydaşlarımız öz əqrabalarına qovuşmaqdadırlar. Türkiyə siyasi dairələri əməkdaşlığa əl qoyurlar. Bir sıra razılaşdığımız məsələlər hökmən soydaşlarımıza və Gürcüstana faydalar verəcəkdir. Bu il Türk dünyası və Gürcüstan bir yerdə idi. Lakin hələlik, Azərbaycan və Gürcüstan arasında müəyyən fərqliliklər hər iki dövlət rəsmilərinin bu möhtəşəm layihəyə seyrçi qalmalarının əsas səbəblərindən biridir.
Düşünürük ki, regionda sülh və barış layihəsi olan və artıq milyonlara nüfuz etmiş bu layihəyə kənardan baxılmayacaq. Ən yaxın zamanlarda 3 dövlətin - Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin illik zirvə toplantılarının məhz Elat törənində gerçəkləşəcəyinə inanırıq. Dövlət başçılarına zaman-zaman müraciətlərimizdə də bunu vurğulayırıq. Regionda etnik separatçılığı durdurmanın ən klassik, ortaq modeli Elat bayramıdır.
- Sizcə, bu kimi tədbirlərlə azərbaycanlıların problemlərinin həlli baxımından Gürcüstanda nəyəsə nail olmaq mümkündürmü?
- Gürcüstanda məskunlaşmış soydaşlarımızın siyasi mahiyyət daşıyan problemlərindən danışmaq daha doğru olar. Sosial mənşəli problemlər əsasən ümumi xarakterlidir və zaman, həmçinin aparılan islahatların ardıcıllığı bu problemlərin həllinin açarıdır. Bu tip problemləri siyasiləşdirənlər ən yüngül formada məsuliyyətlərini dərk etməyənlər və ya səviyyəsində natamamlıq olanlardır. Siyasi mahiyyətli - tarixi yaddaşın məhvinə və etnik qarşıdurmaya hesablanmış tarixi türk toponimlərinin gürcüləşdirilməsi yolverilməzdir. Hesab edirik ki, Bolnisi rayonunda 1991-92-ci illərdə saxtakarlıqla dəyişdirilmiş toponimlər bərpa olunmalıdır. Bu alternativsiz yoldur. Bunu ağıllı Gürcüstan ziyalıları, siyasətçiləri dərk etməli və nə qədər gec deyil bu addımı cəsarətlə atmalıdırlar. Burada toplumsal dirəniş çox önəmli görünür. Eyni zamanda Elat bayramı toplumsal sağlam güc mənbəyi olmaqla bizi separatçılıqda suçlamaq istəyənlərə ən tutarlı cavabdır. Türk heç zaman heç kimə yedək olmadığı kimi, Borçalı türkləri də hər zamankı kimi sağlam dövlətçilik və vətəndaş mövqeyində duracaqdır. Toplumun gücü həm də ona güvənc hissinin artmasına rəvac verəcəkdir. Elat artıq bir prosesdir. Bu dalğa sübut edəcək ki, üçüncü tərəf olmadan Gürcü və Azərbaycan türkü bir ailə kimi yaşamaq, yaratmaq gücündədir.
- Verdiyiniz bəyanatlardan, facebook statuslarınızdan belə müəyyən olur ki, həyata keçirdiyiniz bu tədbirə, gördüyünüz işlərə qara yaxmağa cəhd göstərənlər də var. Onlara sözünüz nədir?
- “Borçalı” Cəmiyyətinin tutduğu prinsipial mövqeyi bölüşməyən qüvvələr mövcuddur. Kremlin iradəsinə zidd olaraq, biz Gürcüstan Azərbaycan strateji, siyasi, hərbi tərəfdaşlığını, dostluq xəttini yürüdürük. İranın bölücü düşüncəsinə qarşı ictimai müqaviməti təşkil edirik. Eyni zamanda Azərbaycanda gözü ayağının altını görməyən, harın və təfəkkürcə birlik və bərabərlik düşüncəsindən çox uzaq olan bəzi məmurlarla da üz-üzəyik. Bundan başqa, “Borçalı” Cəmiyyəti bir qrup insanın gürcüləri söyərək çörək qazanmasına bais olub. İndi təsəvvür edin vəziyyətimizin çətinliyini. Bu qüvvələrin hədəfi sağlam milli düşüncə xəttidir - Borçalı hərəkatıdır. Ancaq arxayınıq ki, niyyətimiz də, əməlimiz də, cibimiz də, yolumuz da çox safdır. Himayədarımızın Böyük Yaradan olduğuna əminliyimiz, qələbəmizə şübhə yeri qoymur.
- “Borçalı” Cəmiyyətinin sədri olaraq, gələcək planlarınız nədən ibarətdir?
- Bu ildən gələcəyə yeni hədəflərmizi bəyan eləmişik. Növbəti ildən Elat qurultayı Gürcüstanın ərazi bütövlüyünün təmini üçün Abxaziya və Cənubi Osetiya ilə Gürcüstan siyasi hakimiyyəti arasında vasitəçilik missiyasını öz üzrərinə götürmək niyyətlindədir. Bölücü hörgütlənmənin durdurulmasının ən ideal yolu xalqlarının və mədəniyyətilərinin birlik modeli olan elat ruhunu önə verməkdir. Azərbaycan tərəfdən “Borçalı” Cəmiyyətini Gürcüstan türklərinin icma təmsilçisi kimi tanıtmaq iddiamız var. Hesab edirik ki, haqlıyıq və milli maraqlarımız bu modellə daha dolğun təmin oluna bilər. Eyni zamanda Gürcüstan tərəfdən bizi Gürcüstanın Azərbaycanda diaspor quruluşu kimi qəbul etməklərini istəmişik. Diaspor etnik sərhədləri aşmalıdır. Diasporda gürcü milli kimiliyi ilə Gürcüstanı sevən türk kimiliyi arasında fərq qoyulmamalı və biz diaspor siyasətini daha dolğun yerinə yetirə bilərik, düşüncəsindəyik. Artık rəsmi müraciətlərimiz Prezidentlərə ünvanlanıbdır. Gələn il isə sayca 7-ci Elat bayramıdır. Ölkə başçılarının müdrik qərarlar verəcəklərini gözləməkdəyik. Gələn il mərkəzdə möhtəşəöm Gürcüstan çadırı quracayıq. Gürcüstanı ətrafında Türk dövlətlərinin çadırları qurulacaq. Türk dünyasını doğma vətənimiz olan Gürcüstanın başına yığmaq, önun duz çörəyinə qonaq etmək istəyirik. Çox istərdik ki, 7-ci birlik qurultayının xeyir duasını Hacı Allah Şükür Paşazadə və Gürcüstanın katalikosu II İlya həzrətləri versin, üç dövlətin prezidentləri təbrik nitqləri söyləsinlər. Proseslərin inkişafı, hər üç dövləti təhdid həlqəsinin daralması vahid gücə çevrilməni diktə edir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR