Prezident İlham Əliyev Gürcüstanda səfərdədir
10:47
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə "SOCAR-Georgia" şirkətinin inzibati binası ilə tanış olub.
Trend xəbər verir ki, 2012-ci ilin 19 sentyabr tarixində ARDNŞ-nin Gürcüstandakı mərkəzi ofisinin təntənəli açılış mərasimi olub. Mərkəzi ofisin binası ARDNŞ-nin Azərbaycandan kənarda yerləşən ən böyük inzibati binası olub özündə çirkətin Gürcüstan Nümayəndəliyi, "SOCAR Energy Georgia" MMC başda olmaqla SOCAR-a tabe törəmə şirkətləri cəmləşdirir.
ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin inzibati binasının tikintisi məqsədilə ARDNŞ-nin Gürcüstan Nümayəndəliyi 2006-cı ildə Tbilisi şəhərinin 300 Araqveli küçəsi, 24 ünvanında yerləşən binanı və ona bitişik 4178 kvadrat metr sahəni birbaşa satış yolu ilə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyindən alıb.
Bakıda İçərişəhərdə yerləşən Qız Qalasını xatırladan yeni ofısin layihəsi "Kobulia brother and Partners" arxitektura fırması tərəfindən hazırlanıb. Binanın layihələndirmə və inşaatı işlərinə 2009-cu ildə başlanıb və 2012-ci ildə tamamlanıb. Binanın ümumi sahəsi 17 600 kvadrat metr təşkil edir. Binanın layihələndirmə və inşaatına 1000 nəfərdən çox mütəxəssis cəlb olunub.
Tikintinin əsas podratçısı Türkiyənin "System İnşaat" şirkəti olub. Bina A, B, C, D və E bloklarından ibarətdir. А, В və С bloklarında ofis sahələri təşkil edilərək, 350-dən çox əməkdaşın və xidmət personalının çalışması üçün rahat şərait yaradılıb və ən yüksək beynəlxalq standartlara cavab verir. D blokunda yeməkxana və 25 ədəd avtomobil üçün nəzərdə tutulmuş yeraltı qaraj mövcuddur. E blokunda isə texniki sahə yerləşir.
ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin binası ən müasir avadanlıqlarla təchiz olunmuş mürəkkəb texniki tikintidir. Sözügedən bina Tbilisi şəhər meriyası tərəfindən təşkil olunmuş "Memarlıq Mükafatı 2011" beynəlxalq müsabiqəsində "Realizə olunmuş ictimai tikinti" nominasiyasının qalibi olub. Açılış ARDNŞ-nin Gürcüstan bazarına daxil olmasının 5 illiyinə təsadüf edərək nailiyyətlər və gələcəyə inkişafı simvolizə edir.
----------
10:36
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı Səfırlik kompleksi ilə tanış olub.
Trend-in xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, Gürcüstan Prezidentinin 349 saylı 29 may 2008-ci il larixli əmri ilə Azərbaycan Respublikası və Gürcüstan arasında əməkdaşlığa yardım üzrə bir sıra tədbirlər çərçivəsində Tbilisi şəhəri, V.Qorqasali küçəsi, 4 ünvanında ümumi sahəsi 5722 kvadrat metr olan ərazi Azərbaycan Respublikasının Gürcüstanda Səfirlik kompleksinin tikintisi üçün ayrılıb.
Səfirlik kompleksinin inzibati binasında Heydər Əliyev zalı, qonaq qəbulu otaqları, konfrans zalı, iclas və iş otaqları yerləşir. Heydər Əliyev zalında ulu öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən şəkillər və kitablar toplanıb. Burada Azərbaycan Respublikasının dövlət bayramları və əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər keçirilir.
Səfirliyin inzibati binasının giriş zalında ulu öndər Heydər Əliyevin büstü qoyulub.
---------
10:24
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.
Trend xəbər verir ki, Mirzə Fətəli Axundov (1812-1878) 1834-cü ildə Tiflisə gəlmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilmişdir. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının Gürcüstan rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun ev muzeyi kimi fəaliyyət göstərib.
1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib.
2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən, muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib.
2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri, Baş nazirin birinci müavini, həmçinin nazirlər iştirak ediblər.
Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq, təmsil və təbliğ etməkdir.
---------
10:21
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə ulu öndər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olub.
Trend-in məlumatına görə, dövlət başçısı ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın açılışı 2004-cü il iyun ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə baş tutub. Parkın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılıb. Parkda ilk ağacı İlham Əliyev əkib.
2007-ci ildə aparılmış təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi xüsusi zövqlə bəzədilib, çoxsaylı ağaclar və dekorativ bitkilər əkilib, oturacaqlar qoyulub. 2007-ci il may ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili, o cümlədən iki ölkənin hökumət və parlament üzvlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidənqurmadan sonra rəsmi açılış mərasimi baş tutub.
Qeyd edək ki, ulu öndərin adını daşıyan parkın ümumi sahəsi 1 hektar təşkil edir. Layihənin memarı F.Axundov, heykəltəraşı isə Azərbaycanın xalq rəssamı Natiq Əliyevdir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR