Köksü yaralı Vətən Ürəyimdən səngərə gedən yol
Nə yazıqlar ki, Vətənimizin 20 faizdən çox torpağı 23 ildən çoxdur ki, nankor yağıların, zalım düşmənlərin işğalı altındadır. Neçə-neçə kəndimiz, yurdumuz-yuvamız, düşmən tapdağında qan ağlayır. Cənnət-məkan Qarabağımızın barlı-bərəkətli torpağını erməni qəbskarları tapdaladıqca, bu dərddən qaysaq bağlamış yaralarımız qopur, qan verir və parçalanmış ürəyimiz göyüm-göyüm göynəyir.
Vətən, torpaq itkisinin ağrısını, el-oba həsrətini çəkmək insan üçün çox ağır və məşəqqətdir. Çox təəssüflər ki, bu çıxılmaz dərd, bu dözülməz ağrı Azərbaycan xalqının ürəyini param-parça edib. Bu böyük niskili, bu böyük kədəri hələ də yaşamaqdayıq. Çox heyf ki, erməni əsirliyində Azərbaycan vətəndaşları hələ də əzab-əziyyət çəkir, işgəncələrə məruz qalırlar.
Ana vətənimlə bağlı bu ağrı-acını, bu dərdi qələmə almaq bir Azərbaycan vətəndaşı kimi ürəyimi çox ağrıdır. Həqiqətən bu ağrıya tab gətirmək mümkünsüzdür. Neyləyək, hələ ki, bu dərdləri çəkməyə məhkumuq. Kaş ki, tezliklə torpaq həsrətli ağrı-acını çəkməkdən qurtula biləydik!
Qarabağa-cəbhə bölgəsində düşmənlə təmas xəttində yerləşən kəndlərimizə, el-obalarımıza tez-tez səfər edirəm. Hətta, çalışıram ki, bu qism səfərlərim hər ay baş tutsun və belə səfərlərimin sayı çox olsun. Bu səfərlərin həyata keçməsi üçün əlimdən gələni əsirgəmirəm. Allaha çox şükürlər edirəm ki, bu istəyimə nail ola bilirəm. Bunu bir Azərbaycan vətəndaşı, bir şair-jurnalist kimi özümə borc bilirəm.
Bu səfərim isə Tovuza və cəbhə boyunca təmas xəttində yerləşən Əlibəyliyə, Aşağı Öysüzlüyə, Yuxarı Öysüzlüyə və Hacallar kəndinə oldu. Bu səfərimdən öncə isə Qarabağın dilbər guşəsi Ağdama bir həftəlik səfər etmişdim.
Beləliklə, 13 noyabr 2014-cü il həftənin cümə axşamı Tovuza-Əlibəyliyə olan səfərim baş tutdu. Saat 14:30-da Bakı Avtovağzalından “Mersedes” markalı avtobus birbaşa Tovuza yol aldı. Yol boyunca görəcəyim işləri düşünürdüm. Həmişə səfərə gedəndə çantama bir-iki kitab qoyuram ki, yol boyu mütaliə edim. Bu dəfə böyük Cəlaləddin Ruminin yaradıcılığı əks olunan “Eşq pərvanəsi” kitabını götürmüşdüm. 6 saatlıq yol boyu Mövlana Cəlaləddin Ruminin qələmə aldıqlarını oxuduqca ruhum rahatlıq tapırdı, ürəyim mənəvi zənginliklə dolurdu.
Nəhayət, noyabrın 13-də axşam saat 20:00-da əyləşdiyim avtobus Tovuzun avtovağzalına çatdı. Avtobusdan düşən kimi Tovuzun o gözəl havasını udduğum üçün, 6 saatlıq yol yorğunluğum yadımdan çıxdı. Axı rayonun, kəndin havası həqiqətən çox təmiz olur.
Noyabrın 14-də saat 11:30-da Tovuzun mərkəzindən taksiyə əyləşib düşmənlə təmas xəttində olan Əlibəyli kəndinə yollandım. Saat 12:00-da N saylı hərbi hissədə oldum. Torpaqlarımızı, vətənimizi göz bəbəyi kimi qoruyan Mübariz ruhlu əsgərlərimiz ilə söhbət etmək mənim üçün həqiqətən böyük şərəfdir. Uca Tanrıma şükranlıq duası edirəm ki, belə bir gözəl şərəfi, belə bir səadəti mənə nəsib edir. Taleyimə belə bir böyük şərəfin yazılmasına çox şadam. Nə xoş ki, vətənimi, torpağımı canı, qanı ilə qoruyan qorxmaz, igid qəhrəman Azərbaycan əsgərləri ilə tez-tez görüşə bilirəm. Torpaqlarımızı qoruyan zabit və əsgərlərimizlə vətənpərvərlik mövzuda söhbət etməkdən böyük qürur hissi keçirirəm.
Hər zaman olduğu kimi, bu dəfə də vətəncanlı əsgərlərimizlə çox gözəl görüşüm oldu. Əsgərlərimizə vətənpərvərlik və sevgi mövzusunda bir neçə şeir söylədim. Eləcə də vətəncanlı, qorxmaz və igid əsgərlərlə vətənpərvərlik mövzuda bir qədər əhatəli və geniş söhbət etdik. Görüşün sonunda vətənimizi gecə-gündüz göz-bəbəyi kimi qoruyan məğrur və qorxu bilməz cəsur əsgərlərimizlə xatirə şəkilləri çəkdirdik.
Bəli, cəbhə boyunca-düşmənlə təmas xəttində ana vətəni, torpağı qorumaq əsl qəhrəmanlıqdır. Yağı düşmənlə çox yaxın məsafədə gecə-gündüz səngərdə dayanıb dövlətimizi qoruyan, üçrəngli bayrağımızın keşiyini çəkən zabit və əsgərlərimiz sözün əsl mənasında qəhrəmandır.
Allahım, o gün neçə də xoşbəxt idim! Ona görə ki, torpaqlarımızın, vətənimizin keşiyini çəkən Azərbaycan əsgərləri ilə eyni səngərdə və eyni sırada dayanmışdım. Bu sevincdən çox kövrəlmişdim, gözlərim dolmuşdu. Çünki düşmənlə üz-üzə olan səngərdə cəsur və qorxmaz əsgərlərimizlə birgə addımlamaq və eyni sırada dayanmaq mənə çox böyük qürur verirdi. Həmin xoş saatlar, sevincli dəqiqələr, gözəl anlar mənim üçün çox qiymətli idi. O gözəl hissləri qələmə almaq elə də asan deyil. Çünki o qürurverici dəqiqələri hər bir insan özü yaşamalıdır. O gün, çox xoşbəxt oldum, bir neçə saatlıq olsa da. Bu böyük sevinci isə söyləmək mümkün deyil. Var olsun Azərbaycan Milli Ordusunun igid əsgərləri ki, o sevinci, o şərəfi və o dəyərli saatları mənə yaşatdılar.
Ana vətənimizi qoruyan, üçrəngli bayrağımızın keşiyini çəkən vətənpərvər, igid zabit və əsgərlərimizlə bir görüşüm də beləcə başa çatdı. Qəhrəman əsgərlərimizlə sağollaşıb Əlibəyli kəndindən Tovuzun avtovağzalına yollandım. Saat 15:00-da avtovağzala çatdım. Oradan isə Qazaxın Xanlıqlar kəndinə yola düşdüm. Saat 16:20-də Tovuzun avtovağzalından avtobusa əyləşdim və 17:15-də Qazaxa çatdım. Eləcə də, Qazaxda bir neçə dostlarla da görüşdüm – Elnur Həsənovla və Aqil Nəsibovla.
Qazağın Xanlıqlar kəndində bir ailənin qonağı oldum. Bu ailənin oğlu Anar da nə xoş ki, səngərdə ana vətənimizi qoruyur. Bu vətənpərvər ailəni tanıdığım üçün çox şad oldum. 15 noyabr saat 12:00-da Xanlıqlar kəndindən çıxdım. 12:20-də Qazax avtovağzalına çatdım. 12:30-da isə Qazax avtovağzalından avtobusa əyləşib Bakıya yollandım. Axşam saat 18:30-da avtobus Bakı avtovağzalının həyətinə daxil oldu.
Bir daha Böyük Allaha təşəkkür edirəm ki, cəbhə bölgəsinə olan bir səfərim də xoş ovqatla başa çatdı. Axı, üç bacım həmişə olduğu kimi səbrsizliklə yolumu gözləyirdi. Bu günə də şükürlər olsun.
Xatirə Rəhimli
Bakı-Tovuz-Əlibəyli
Qazax-Xanlıqlar-Bakı
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR