Dədə, mənəm, Miriş - FOTO
Bu gün tanınmış gülüş ustası, Azərbaycanın xalq artisti Arif Quliyevin doğum günüdür. Milli.Az xəbər verir ki, tanınmış aktyor 1950-ci ildə Əl-Bayramlı (hazırkı Şirvan) şəhərində anadan olub.
Bu gün adının çəkilməsi ilə hər kəsin üzündə təbüssüm yaratmağı bacaran aktyor uşaq evində böyüyüb və çətin həyat sürüb.
Bu haqda özünün dediklərindən: "Uşaqlığım rahat keçməyib. İki yaşımda valideynlərim vəfat edəndən sonra qara çarşablı bir qadın məni Mərdəkanda uşaq evinin qarşısında qoyub gedib. Mən ətəyindən tutdum buraxmadım. Dedi ki, gözlə peçenye alıb gəlirəm. Amma gəlib çıxmadı".
Amma bütün çətinliklərə baxmayaraq Arif Quliyev "Allahımdan razıyam" deyir
Arif Quliyev 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.
A.Quliyev müxtəlif səpkili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar aktyorun komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
A.Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Yol əhvalatı", "Yarımştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazlar A.Quliyevin yaradıcılıq potensialının zənginliyini ifadə edir. Hal-hazırda A.Quliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.
1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb. 1993-cü ildə A.Quliyev Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. 1994-cü ildə o, xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrda qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR