Melburnda Qarabağ sərgisi başa çatdı
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” adlı layihəninin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçirilib.
Azərbaycan Dillər Universitetinin 2-ci tədris korpusunun kitabxanasında təşkil edilən təqdimat mərasimində İctimai Birliyin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva layihə barədə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihənin məqsədinin Azərbaycanın uzaq Avstraliyada təbliği istiqamətində kiçik bir addım atmaq, zəngin Azərbaycan mədəniyyətinin bu ölkədə tanınmasına xidmət göstərmək, Azərbaycanın qadın rəssamlarının Qarabağ mövzusunda işlədikləri rəsm əsərlərini nümayiş etdirməklə Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması işinə töhvə vermək olduğunu bildirib.
Xatırladaq ki, layihə çərçivəsində iyunun 15-dən 22-dək Melburnda fəaliyyət göstərən Dikin Universitetində Azərbaycanın gənc qadın rəssamlarının – Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərlərindən ibarət sərgi təşkil olunub. Universitetin tələbə və müəllimləri sərgidə bu rəssamların “Qarabağ atları”, “Şuşa məscidi”, “Torpaq həsrəti”, “Xudafərin körpüsü”, “Xarı bülbül”, “Gözlərdə Qarabağ həsrəti” və s. adda rəsmləri ilə tanış olublar.
Eyni zamanda layihə çərçivəsində Dikin Universitetində Azərbaycan guşəsi də yaradılıb. Bu guşədə Azərbaycanın tarixi və mədəniyyəti, xüsusən Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə geniş informasiya, habelə bu mövzuda kitab və broşüralar təqdim olunub. Həmin guşə uzun müddət universitetdə saxlanılacaq.
Sərgiyə gələnlərə Azərbaycan haqqında dolğun informasiya verən vərəqələr, “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış bukletlər, eləcə də erməni işğalını əyani göstərən xəritələr paylanılıb. Əsərləri Melburnda nümayiş olunan rəssam Nərminə Vəliyeva tədbirdə çıxış edərək bu cür mədəniyyət tədbirlərinin əhəmiyyətindən danışıb, layihənin gerçəkləşməsində xidməti olanlara təşəkkürünü bildirib.
Amerikalı şair və tədqiqatçı Əlison Məndəvil də təqdimat iştirakçıları qarşısında çıxış edib. O, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi layihələri yüksək dəyərləndirib.Tədbirdə Melburnda keçirilən sərgi barədə foto şəkillər, habelə sənədli film nümayiş olunub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR