Humanist dəyərlərə söykənən məktəb
Humanist dəyərlərə söykənən məktəb
Çətinliklər Böyükağa müəllimi daha əzmli edir...
Bəllidir ki, cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi dövlətimizin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə mühüm addımlar atılır, müasir tələblərə uyğun sistem qurulur. Daha doğrusu, hamımız aydın görürük ki, Azərbaycanda məktəb islahatlarının önəmli cəhətləri çoxdur və bu prosesə uyğun olaraq son illər təhsil müəssisələrinin təmiri, yeni məktəb binalarının inşası, təhsilin, pedaqoji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkün məktəblərinin aidiyyəti üzrə təminatı məsələləri dövlətimizin diqqətində duran vacib işlərdir. Bu inkişafı Ağdam rayon Qaradağlı kənd tam orta məktəbində də aydın müşahidə etmək mümkündür. Diqqətçəkən haldır ki, bu məktəb hazırda düşmənlə təmas xəttində yerləşir. Məktəb, ana Vətənimizin torpaqları uğrunda şəhid olmuş Ayaz Abbasovun adını daşıyır.
Xatırladaq ki, Ağdamın Qaradağlı kəndinin müəyyən ərazisi ermənilərin işğalı altındadır. Adıçəkilən məktəb erməni güllələrinin altında cəsarət və mərdlik nümunəsi göstərir. 1978-ci ildə fəaliyyətə başlayan bu məktəb son illər azğın erməni qəsbkarlarının hədə-qorxularına mərd-mərdanə sinə gərir.
1998-ci ildə Qarabağlı kənd tam orta məktəbinin 20 illiyi keçirilib. 1 mart 1999-cu ildə isə məktəbin yubileyi daha geniş şəkildə qeyd edilib. Bu nümunəvi məktəbdə 320-yə yaxın şagird təhsil alır və onların təlim-tərbiyəsi və tədris işi ilə 48 müəllim məşğul olur. Məktəbdə hər cür şəraiti olan müasir idman zalı da var. Həmçinin, adıçəkilən məktəbin 20 sinif otağı, fizika və kimya laboratoriyası, 2 bufeti, 3 hektara yaxın ərazisi, idman meydançası da var ki, bunlar da özlərinin müasir təchizatı ilə diqqət çəkir.
Qaradağlı kənd tam orta məktəbi Ağdam rayon təhsil şöbəsinin rəhbərliyinin və rayon Icra Hakimiyyəti başçısının mütəmadi diqqəti mərkəzindədir - bu məktəbdən heç bir diqqət və qayğı əsirgənilmir. Bu, məktəbdə təhsil alan şagirdlərin, həmçinin sakinlərin daha inamlı olmalarına zəmin yaradır.
Elə bu qayğı və diqqətin nəticəsidir ki, bu məktəbdə şagirdlərin çoxu əla qiymətlərlə oxuyurlar.
10-cu sinif şagirdi Zeynalov Qəzənfər Ağa oğlu bir müddət əvvəl keçirilmiş sınaq imtahanında 630 bal toplayıb. Əlbəttə, 10-cu sinif şagirdi üçün bu, yüksək nəticədir. Qeyd edək ki, bu istedadlı şagird cəbhəboyu düşmənlə təmas xəttində yerləşən Ağdamın Qaradağlı kəndində müəllim ailəsində dünyaya göz açıb. Bu əlaçı şagirdin atası Ağa Zeynalov və anası Zənurə Zeynalova da böyük həvəslə şagirdlərin təlim-tərbiyyəsi ilə məşğul olur.
Qaradağlı kənd tam orta məktəbinin digər əlaçı şagirdlərindən olan 11-ci sinif şagirdi Qarayev Anar Məhərrəm oğlu isə sınaq imtahanlarında ən yüksək nəticə göstərərək, 700 bal toplamağa nail olub. Bəli, bu nəticə də həqiqətən alqışa layiqdi.
Bu nümunəvi məktəbin digər iki şagirdi İsmayılzadə Ülkər İsmixan qızı və Həmidova Gülay Hüsaməddin qızı, eləcə də əla qiymətlərlə oxuyan bir neçə şagird də sınaq imtahanında yüksək nəticə əldə ediblər.
Cəbhə bölgəsində düşmənlə üzbəüz təmas xəttində fəaliyyət göstərən Ağdam rayonunun Qaradağlı kənd tam orta məktəbinin müəllimlərinin yüksək əməyi həqiqətən alqışlanmalıdı. Məktəbin rəhbərliyinin və bu məktəbdə böyük həvəslə çalışan müəllimlərin, həmçinin Ağdam rayon təhsil şöbəsinə rəhbərlik edən məsul şəxslərin bu dəyərli işi bir çox təhsil işçilərinə sözün həqiqi mənasında əsl örnəkdi.
Qaradağlı kəndinin 5000-dən çox əhalisi var. Bu kənd qonşu Eloğlu, Rzalar kəndləri ilə birlikdə düşmənə göz dağıdır.
Biz cəmiyyət tərəfindən təriflənən bu məktəb haqqında çox eşitmişdik, lakin hər şeyi canlı olaraq müşahidə etmək üçün bu təhsil ocağına gəldik və məktəbin təşkilati işlər üzrə direktor müavini Əliyev Böyükağa Şahmar oğlu ilə həmsöhbət olduq. Böyükağa Əliyev 1973-cü ildən müəllim kimi çalışır. Müəllim kimi ilk əmək fəaliyyətinə Aşqabadın Sovet ticarəti texnikumunda başlayıb. 42 illik pedaqoji fəaliyyətində təhsil və tədris sahəsində çoxlu uğurlara imza atıb.
O, söhbət əsnasında dedi ki, direktor müavini olduğu Qaradağlı kənd tam orta məktəbində təhsil və intizam qaydalarına böyük önəm verilir. Bunun nəticəsidir ki, şagirdlərimiz yüksək bal toplayaraq ali məktəblərə qəbul olurlar. Məzunlarımızdan biri Allahverdiyev Novruz Muxtar oğlu hazırda Türkiyənin Səlcuq Universitetində bilgisayar kafedrasının müdiridir. O, ali təhsilini Bakıda alıb - Texniki Universitetin elektrotexnika fakültəsinin kibernetika şöbəsini bitirib.
Bəli, baxmayaraq ki, Qaradağlı kənd tam orta məktəbi düşmənlə təmas xəttində yerləşir, təhsilə münasibəti, cəmiyyətə uyğunluq yarada bilməsi ilə bir örnək, bir nümunə ovqatı yaradır. Bunu Ağdam rayon təhsil şöbəsində məsləhətçi işləyən Məmmədov Bayram Muxtar oğlu ilə söhbətimizdə də vurğuladıq. O da adıçəkilən məktəbin həqiqətən basılmaz bir qala olduğunu təsdiqləyir:
- Təhsil işçilərinin əməyinin stimullaşdırılması vacib faktorlardan biridir. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək haqları artırılır. Şübhə yoxdur ki, Azərbaycanın dinamik iqtisadi inkişafı təhsil işçilərinə də bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan yaradacaqdır.
Doğrudan da, cəbhə xəttində yerləşən Qaradağlı kənd tam orta məktəbində aparılan uğurlu təhsil strategiyası adıçəkilən məktəbin təhsil ənənələrində önəm kəsb edir. Təhsilə günbəgün artırılan diqqət sayəsində məktəbdə yaradıcı potensialın, bilik və bacarığın aşkara çıxarılması məqsədi ilə müxtəlif olimpiadalar təşkil edilir, mütəmadi olaraq təhsil müzakirələri mübadiləsi həyata keçirilir.
Böyükağa müəllim, baxmayaraq ki, cəbhə bölgəsində məktəb-cəmiyyət işlərinə önəm verir, bu gün də öz müəllim-vətəndaş sevgisini müavini olduğu məktəbin şagird və müəllim kollektivindən əsirgəmir. Bu dəyərli ziyalıya, eləcə də Qaradağlı kənd tam orta məktəbinin müəllim kollektivinə möhkəm cansağlığı, iş fəaliyyətlərində uğur arzulayırıq.
Xatirə Əzizqızı
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR