» » Əli Məsimov: “Qanuna görə, kredit alan tələbə banka girov qoymur” - MÜSAHİBƏ

Əli Məsimov: “Qanuna görə, kredit alan tələbə banka girov qoymur” - MÜSAHİBƏ

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 aprel 2014
//
Bölmə: Müsahibə
Əli Məsimov: “Qanuna görə, kredit alan tələbə banka girov qoymur” - MÜSAHİBƏ



Uzun müddətdir tələbələrin səbirsizliklə gözlədiyi “Təhsil kreditləri haqqında” qanun layihəsi hələ də qəbul olunmayıb. Hələ 2012-ci ildə Milli Məclisin yaz sessiyasında qəbul olunması gözlənilsə də, ümidlər doğrulmayıb. Layihənin həmmüəllifi, Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü, İqtisadi İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli Modern.az saytına müsahibə verib.

– Ölkəmizdə ali təhsil sistemində ödənili formanın payı nə qədərdir və hazırladığınız “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbulu məsələsi nə yerdədir?

– Azərbaycanın təhsil sistemində təhsilin ödənişli formasının payı sürətlə artır. Hər 3 tələbədən 2-si ödənişli qaydada təhsil alır, yəni öz vəsaiti hesabına oxuyur. Eyni zamanda, ölkədə orta aylıq əmək haqqı 430 manat, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin orta maaşları 200-250 manat bir şəraitdə təhsil haqları 900-4500 manat arasındadır. Ona görə də aztəminatlı ailələrdən çıxan gənclər ödənişli qaydada təhsil aldıqda ciddi problemlərlə qarşılaşır, bəzən də maliyyə imkansızlığı üzündən daxil olduqları məktəbi tərk etməli olurlar. Vəziyyətin bu cür davam etməsi aztəminatlı ailələrdən çıxan xeyli sayda istedadlı gəncin ali təhsildən kənarda qalması deməkdir. Bu isə Azərbaycan intellektual potensialı, insan kapitalının inkişafı və gələcəyi üçün böyük təhlükədir. Ona görə də həmin problemin yumşaldılması üçün təhsil kreditləri haqqında qanunun qəbul edilməsi obyektiv zərurətə çevrilib.

Qanun layihəsini deputat həmkarım Vahid Əhmədovla birlikdə qanunvericilikdə müəyyən olunmuş qaydada Milli Məclisə təqdim etmişik. Azərbaycan gəncinin əksəriyyətinin real tələbatını nəzərə alaraq, layihəsində təklif edirik ki, aztəminatlı ailələrdən çıxan istedadlı gənclərə həm birbaşa təhsil haqlarını, həm də təhsil aldığı müddətdə qidalanma, mənzil, nəqliyyat və s. əlaqədar xərclərini ödəməkdən ötrü kredit verilsin. Layihə İqtisadi siyasət komitəsində müzakirə olunub, amma hələ plenar iclasa çıxarılmayıb.

– Hazırda Azərbaycanda təhsilə çox yüksək faizlərlə kredit təklif edirlər. Sizin hazırladığınız layihədə faiz məsələsi necə qoyulub?

– Beynəlxalq praktikada təhsil kreditlərinin faiz dərəcələri bir qayda olaraq ya simvolik xarakter daşıyır, ya da ki, ölkədəki inflyasiyanın orta illik səviyyəsinə və ya Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun səviyyədə müəyyənləşdirilir. Təhsil kreditlərinin faiz dərəcəsini istehlak kreditlərinin faiz dərəcəsinə çatdırılması təcrübəsinə də rast gəlinir. Məsələn, Azərbaycan bankları 25-26% faizə təhsil krediti təklif edir. Əslində bu, təhsil kreditinin mahiyyətinin təhrif edilməsidir, çünki o cür yüksək faizlərlə verilən istehlak kreditinin adı dəyişdirilib, təhsil krediti qoyulmuş bir variantıdır. Qanun layihəsinin tələblərinə görə, kommersiya xarakterli təhsil kreditləri maksimum 5 faiz dərəcəsi ilə verilməlidir. Bu həm Mərkəzi Bankın uçot faiz dərəcəsinə (4,75%), həm də Azərbaycanda orta perspektivdə gözlənilən inflyasiyanın proqnoz göstəricilərinə (rəsmi hökumət proqnozlarına görə, Azərbaycanda 2014-cü ildə 3,5 faiz, 2015-ci ildə 3,8 faiz. 2016-cı ildə 3,9 faiz, 2017-ci ildə 4 faiz inflyasiya gözlənilir) uyğundur. Bu faiz dərəcəsi həm MDB məkanına aid ölkələrin daha çox tətbiq etdiyi dərəcədən xeyli aşağı (Qazaxıstan-8-12%), həm inkişaf etmiş ölkələrin (ABŞ-da – 3,8-5%; İsveçdə –1%, Danimarkada – 1,6%, Böyük Britaniya və digər Avropa ölkələrində inflyasiyaya uyğun səviyyədə – 3 faizdən aşağı) tətbiq etdiyi orta statistik göstəriciyə yaxın, həm də postsovet məkanında, məsələn, Estoniyadakı dərəcəyə (5 faiz), Rusiyanın Əmanət Bankı tərəfindən güzəştlə verilən təhsil kreditləri faizi (5,06%) dərəcəsinə, xüsusən də Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin faiz dərəcəsinə (6%) uyğundur.

– Azərbaycanda faiz dərəcələri yüksək olduğu şəraitdə bankları təhsil krediti verməyə necə sövq etdirmək olar?

– Əgər banklar istehlak kreditlərini 25-26 faizə verə bilirlərsə, belə şəraitdə təbii ki, təhsil kreditlərini yüksək faizlə verməyə çalışacaqlar. Bu problemi birdən-birə aradan qaldırmaq mümkünsüz olsa da, yumşaltmaq olar. Məsələn, Mərkəzi Bank təhsil krediti üçün güzəştli şərtlə müvəkkil banklara resurs verə bilər, ya da ki, məsələn, hansısa bankın təqdim etdiyi 12%-lik təhsil kreditinin 5%-inin təhsil kreditini alan şəxsin ödəməsi, 7%-inin isə dövlətin məqsədli proqram çərçivəsində subsidiyalaşdırması variantına gedilə bilər. Sosial xarakterli təhsil kreditləri isə dövlət büdcəsinin, məqsədli fondların, ayrı-ayrı şəxslərin vəsaitindən, eləcə də qrantlardan istifadə etmək olar.

– Təhsil kreditlərinin qaytarılması müddəti ilə bağlı beynəlxalq praktikada necədir və qanun layihəsində siz nə təklif edirsiniz?

– Qaytarılma müddəti hər bir ölkənin spesifikliyindən və digər şərtlərdən asılı olaraq müxtəlifdir. Praktikada 7 ildən (Moldova) 10 ilə qədər (Almaniya, Latviya) müddət daha çox tətbiq olunur. Krediti 15 ilə (Qazaxıstan), 20 ilə (Norveç) və 10-30 ilə (ABŞ) qədər müddətə, eləcə də 30-40 ilə və müddətsiz verən ölkələr (İsveç) də var. Azərbaycanda orta əmək haqqı ilə təhsil haqqı arasında böyük fərqin hələ bir müddət qalacağını, Azərbaycan gənclərinin xeyli hissəsinin mənzil probleminin olduğunu və sair bu kimi amilləri nəzərə alaraq, layihədə təhsil kreditlərini qaytarmağın onsuz da kifayət qədər problemləri olan Azərbaycan gənci, gənc ailələr üçün əlavə ağır yükə çevrilməməsi variantına üstünlük verilib. Həm kommersiya, həm də və sosial xarakterli təhsil kreditlərinin 20 ildən çox olmayan müddətdə qaytarması nəzərdə tutulur. Beynəlxalq praktikadan məlumdur ki, təhsil kreditlərinin faizi yüksək və müddəti dar olduqda, bu sahədəki problemli kreditlərin də payı artır və bəzən ifrat səviyyəyə çatır. Ona görə də qanun layihəsində borcalanın aldığı kommersiya və sosial xarakterli təhsil kreditlərinin 20 il müddətində qaytarılması variantı Azərbaycan reallığına daha uyğun işlək mexanizmin tərkib hissəsi hesab edilir. Adi şərtlərlə 2014-cü ildə orta hesabla 4000 manat kredit almağa başlayan tələbə hər il 5% əlavə ödəməklə 14 il ərzində 798 manat əlavə ilə cəmi 16798 manat və ya ayda 100 manat ətrafında pul ödəyəcək. Həmin şəxs keyfiyyətli təhsil aldıqdan sonra bizim hesablamamıza görə, böyük ehtimalla 2020-ci ildə hər ay azı orta statistik azərbaycanlı qədər yəni 1000-1070 manat gəliri olacaq. Bu gəlirin onun üçün əsas təminatçısı olan keyfiyyətli təhsil olduğundan onun haqqını əmək haqqının cəmi 10%-ini verməyə dəyər. Sonra bu ödəniş tədricən aylıq əmək haqqının 10% ətrafında olması ehtimalı böyükdür.

– Məlum məsələdir ki, təhsil kreditlərində dövlətin rolu önəmli rol oynayır. Sizin layihədə təhsil kreditlərinin verilməsi və qaytarılmasında dövlət hansı rolu oynayır?

– Layihədə göstərilib ki, təhsil kreditlərinin verilmə və qaytarılması prosesində dövlət aşağıdakı funksiyaları yerinə yetirir: Dövlət Təhsil Kreditləri Fondu yaradır; büdcədə nəzərdə tutulan pul vəsaiti hesabına həmin Fonda və müvəkkil banklara kredit resursları verilir; təhsili əla qiymətlərlə başa vuran borcalanların sosial kredit üzrə borcları silinir; təhsili əla qiymətlərlə başa vuran borcalanların kommersiya xarakterli kreditlər üzrə faiz ödənişlərini dövlət həyata keçirir.

– Bəs layihədə təhsil kreditləri ilə bağlı hansısa güzəştlər təklif edirsinizmi?

– Təhsil kreditləri mahiyyət etibarı ilə kommersiya xarakterindən daha çox sosial mahiyyət kəsb etməlidir. Ona görə də layihədə bu sahədə bir sıra güzəştlər nəzərdə tutulub. Onların arasında aşağıdakı məqamlar daha vacibdir:

Təhsil kreditləri borcalan təhsilini başa vurduqdan iki il sonra ödənilməyə başlayır.

Təhsilini əla qiymətlərlə başa vuran borcalan sosial xarakterli krediti ödəməkdən azad edilir və nəticədə həmin kredit təhsili müvəffəqiyyətlə başa vuranları stimullaşdırmaq məqsədilə faktiki olaraq qranta çevrilir.

Təhsilini əla qiymətlərlə başa vuran borcalan kommersiya xarakterli kreditlərə görə hesablanmış faizlərin ödənilməsindən azad edilir. Nəticədə təhsili müvəffəqiyyəıtlə başa vuranları stimulladırmaq məqsədilə kommersiya krediti faktiki olaraq sosiallaşır.

– Beynəlxalq praktikada ən ağrılı məsələ məhz alınan kreditin vaxtında qaytarılması məsələsidir. Bunun vaxtında qaytarılmasının hansı mexanizmini təklif edirsiniz? Eyni zamanda kreditin qaytarılmasında problemlər yarananda onun riskini kim öz üzərinə götürür?

– Sualın birinci hissəsi ilə bağlı onu deyə bilərik ki, biz layihədə çox liberal bir mexanizm təklif etmişik. Təhsil kreditlərinin şərtlərini daha çox aztəminatlı ailələrdən çıxan gənclər üçün təklif etdiyimizdən, kredit alan girov qoymur. Təhsilini başa vurandan iki il sonra aldığı krediti qaytarmağa başlayır. Bu zaman onun əmək haqqı və gəliri ilə bağlı kredit kartından istifadə edilir. Yəni borclu krediti qaytarmayanda, qnunla müəyyən edilmiş prosedurlara əməl etməklə, kredit kartından çıxılır. Bundan başqa bizim layihəyə görə, təhsil illərində və möhlət müddətində riskləri dövlət öz üzərinə götürür. Borcalan işlədiyi müddətdə bədbəxt hadisələr zamanı riskləri müvafiq sığorta şirkəti öz üzərinə götürür.

Qalan vaxtlarda isə risk borcalanın gələcək gəlirləri vasitəsilə onun öz üzərində qalır. Eyni zamanda qanun layihəsində göstərilib ki, təhsil kreditlərini həmin gəncin işləməyə başladığı müəssisə və təşkilat da ödəyə bilər. Borcalan təsadüfən çıxılmaz vəziyyətə düşüb təhsildə uğursuz nəticə göstərsə, kredit dayandırılır. Beynəlxalq praktikada belə halda itkiləri dövlət ya və ya Almaniyada İnkişaf Bankı öz üzərinə götürür. Bizim layihədə də həmin itkiləri əvvəlcə dövlət öz üzərinə götürsə də tələbə təhsili başa vurduqda sonra gələcək əmək haqqı hesabına qaytarmalıdır.

– Qanun layihəsində təhsil kreditlərinin verilməsi və qaytarılmasına nəzarət necə qurulub?

– Təhsil kreditləri sahəsində beynəlxalq praktikada toplanan təcrübə göstərir ki, bu işdə ən ağrılı məsələ məhz təhsil kreditlərinin işlək qaytarılma mexanizminin olmamasıdır. Bunu nəzərə alaraq layihədə təhsil kreditlərinin verilməsinə və qaytarılmasına üç qat nəzarət mexanizmi nəzərdə tutulub: Müvafiq İcra hakimiyyəti orqanı tərəfindən; Milli Məclis və onun orqanı olan Hesablama Palatası tərəfindən; İctimai nəzarət (Müşahidə Şurası vasitəsilə).

Fikrimizcə, belə bir nəzarət mexanizminin həyata keçirilməsi həm təhsil kreditləri sahəsində aşkarlıq və şəffaflığın təmin edilməsi, həm də alınan kreditlərin qaytarılma faizinin yüksək olması üçün çox zəruridir.

– Sizcə belə bir qanunun qəbulu təhsilə nə verə bilər?

– Təhsil kreditləri haqqında qanunu qəbulu aztəminatlı ailələrdən çıxan istedadlı gənclərin keyfiyyətli təhsil alıb, cəmiyyətdə öz potensialına layiq yer tutmasında, təhsildə rəqabətin güclənməsində, yüz milyonlarla dövlət vəsaitinə qənaət edilməsində mühüm rol oynaya bilər.



QafqazPRESS.az
banner125x125 banner125x125