» » “Məşhur tələbə yoldaşım”: “Firəngiz Mütəllimova ilə küsüşdük, kimsə araya girmişdi”

“Məşhur tələbə yoldaşım”: “Firəngiz Mütəllimova ilə küsüşdük, kimsə araya girmişdi”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 may 2014
//
Bölmə: Müsahibə
“Məşhur tələbə yoldaşım”: “Firəngiz Mütəllimova ilə küsüşdük, kimsə araya girmişdi”


Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq. Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasında bu dəfə xalq artisti Firəngiz Mütəllimova barədə onun tələbə yoldaşları, həmkarları Zemfira Nərimanova və İlham Əsgərov tələbəlik xatirələrini paylaşır:

Zemfira Nərimanova: “Firəngiz haqqında danışmamağım mümkün deyil. Biz artıq bir yerdə bir igidin ömrünü yaşamışıq. İlk dəfə Firəngizi qəbul imtahanlarında gördüm və elə onda mənim diqqətimi cəlb etdi. Çox mülayim, gözəl qız idi, hörükləri var idi. Qəbuldan sonra da biz bir kursa düşdük və bir yerdə oxuduq. O vaxtdan da dostluq etməyə başladıq. Sonra xoşbəxtlikdən tale elə gətirdi ki, bir teatrda çalışdıq. Hətta indi geyim otağımız da birdir. Dostluğumuz indiyə kimi davam edir. Və deyərdim ki, teatrda mənim ən yaxınım Firəngizdir.

Bizim kursumuz doğrudan da çox maraqlı bir kurs idi. Kursun rəhbəri Böyükağa Kazımov, səhnə danışığı müəllimimiz Ənvər Vəliyev, rəqs müəllimimiz Kamal Həsənov olub. O kursu bitirən 4 nəfər – İlham Əsgərov, Firəngiz Mütəllibova, mən, Xalid Qabayev Akademik Milli Dram Teatrına dəvət aldıq. Xalid Qabayev artıq teatrdan çıxıb, oğlu səhnə maşinisti kimi çalışır”.

“Bizi tez-tez səhv salırdılar”

“O vaxtdan yadımdadır ki, Firəngizlə gəzintiyə çıxırdıq. O, yaxşı oxuyurdu. Mülayim, üzügülər idi. Məşhur olduqdan sonra bizi tez-tez səhv salırdılar. Məsələn, mənə deyirdilər “Fira”, ona deyirdilər “Zema”. İkimizin də yanağında xal var idi. Biz də incimirdik, əksinə xoşumuz gəlirdi, gülürdük. Tamaşaçı da səhv salırdı. Firəngiz bir xanım kimi çox təmizkar idi, yəni, indi də təmizkardır.

Artıq teatrda işlədiyimiz dönəmdə hərəmizin öz dünyası, öz problemlərimiz var idi. Olurdu ki, ya mən onlarda qalırdım, ya o bizdə qalırdı. Öz şəxsi həyatımızdan bir-birimizə danışırdıq. Cavan vaxtlarımız idi. O vaxtlar hətta bir-birimizin sirlərini də bilirdik. Firəngiz çox işgüzar idi. Tələbəlik vaxtından çalışırdı ki, nəyləsə seçilsin, həmişə də seçilirdi. Geyimində səliqəli idi. Baxmayaraq ki, o vaxtlar o qədər də tanınmırdı, amma geyiminə də, davranışına da diqqət yetirirdi”.

“Anam məndən çox Firəngizə diqqət göstərirdi”


“Tələbəlik dövründə çox hadisələrimiz olub. Mənim anam o vaxt VVAQ-da işləyirdi. Bəzən anama baş çəkirdik. Anam mənə 5 manat verəndə, Firəngizə 25 manat verirdi. Mən də ondan inciyirdim, deyirdim “Aaa, qızına 5 manat verirsən, Firəngizə 25?!” Deyirdi, “sənin anan burdadır, amma onun valideynləri rayondadır. Firəngizə nəvaziş, diqqət göstərmək lazımdır”. Ona görə Firəngizə daha çox diqqət göstərirdi. Mən onda inciyirdim, başa düşmürdük də, cavan idik. Bunu tez-tez xatırlayırıq. Sonra bütün qrupla yığışıb yelləncəyə qaçmağımızı xatırlayırıq”.

“Direktor deyən kimi o dəqiqə bir-birimizin üstünə atıldıq, öpüşdük”

“O vaxtın cavanlıq xatirələri gözəl idi. Amma əsas odur ki, biz yenə də bir yerdəyik. Baxmayaraq ki, artıq tanınanıq, xalq artistləriyik. Amma bir-birimiz üçün necə var idik, elə də qalmışıq. Doğrudan da, bizim bir-birimizə hörmətimiz olduğu kimi qalıb. Bir dəfə hətta aramıza girmək istəyən olub. Teatrda işlədiyimiz vaxtlar idi. Mən onda Bakıda deyildim. Moskvada yaşamışam, orada idim. Moskvadan qayıdandan sonra eşitdim ki, söz-söhbət var. Biz də bir-birimizdən küsdük. Heç bilmədik nədən küsdük. Kimsə araya girmişdi. Mənim xəbərim yox idi. Çünki Bakıya təzə gəlmişdim. Onun da qulağını kimsə doldurub, bilmirəm. Nə isə. Sonra direktor bizi yanına çağırdı. Hətta gözləyirdik ki, direktor bizə desin ki, hə, barışın. Bizi elə bil bunu gözləyirdik. Direktor deyən kimi o dəqiqə bir-birimizin üstünə atıldıq, öpüşdük. Və çıxanda deyirdik ki, dırnaqla ətin arasına girən iylənib çıxar”.


İlham Əsgərov: “1976-cı ildə İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə, SSRİ xalq artisti Adil İsgəndərov və Böyükağa Kazımovun həqiqi qiymətləri ilə qəbul olduq. Birinci kursdan iki qrupa ayrıldıq. O kurslardan biri Böyükağa Kazımovun, digəri isə Ənvər Quluzadənin idi. Amma ümumi tələbəlik Adil İsgəndərov tərəfindən idarə olunurdu. Böyükağa Kazımovun kursunda təhsil aldıq. 12 nəfər – 8 oğlan, 4 qız idik. Qızlardan biri də Firəngiz xanım idi. Firəngiz xanım elə ilk gündən hamımızın ürəyinə yatdı. Qarabağlı qız, şuşalı qız, öz şirin söhbətləri, ləhcəsi ilə bizi valeh etmişdi. Hər dəqiqə onun söhbətinə ehtiyac duyurduq. Böyükağa müəllim səhnə tapşıranda çox vaxt tərəf-müqabili olurduq və tərəf-müqabilliyimiz doğrudan da çox yaxşı tuturdu. Üçüncü kursda oxuyanda da Hüseyn Cavidin “Ana” pyesinin əsasında qurulmuş bir pərdəli tamaşada tərəf müqabili olduq, çox yaxşı tamaşa təqdim etdik. Ümumiyyətlə, bu tamaşaların əksəriyyətinə Böyükağa müəllim tərəfindən bir müəllim kimi yaxşı quruluş verilirdi. Biz də tələbə kimi onun ürəyincə idik”.

“Firəngizin də deməyə, gülməyə ehtiyacı çoxdu”

“Biz elə yataqxanada qalırdıq. Böyükağa müəllimin böyük həvəsi var idi ki, hətta yataqxanaya gələrdi, orada mənimlə məşq edərdi. Dördüncü kursda oxuyanda Şekspirin “İki veronalı”, Lermontovun “İspanlar”ını diplom tamaşası kimi hazırlayırdıq. Hər iki tamaşada bizə böyük rol tapşırılmışdı. Yadımdadır ki, Böyükağa müəllim yenə yataqxanaya bizimlə məşq etməyə gəlmişdi. Həm dərsdə, həm gecə vaxtı yataqxanada, həm də səhər instituta gələndə məşq edirdik deyə bizdə bir az yorğunluq olurdu. Buna baxmayaraq məşq etməyə həvəsimiz var idi. Amma çalışırdıq ki, məşq qabağı istirahət kimi bir söhbətimiz, zarafatımız olsun. Firəngizin xasiyyətini bildiyimizdən hamımız onu qabağa verərdik ki, “Firəngiz, sən canın Böyükağa müəllimlə bir az danış”. Onun söhbətləri Böyükağa müəllimlə yaxşı tuturdu. Məktəbdən, tələbəliyin bəzi günlərindən elə xatirələr danışırdı, elə şirin söhbət alınırdı ki, Böyükağa müəllim gülməkdən uğunub gedirdi. Bizim də başımız qarışırdı. Məşqə gec başlamırdıq, sadəcə olaraq həvəsli başlamaq istəyirdik. Elə hər dəfə belə vəziyyətə düşəndə deyirdik, “Firəngiz, sən canın müəllimimizi dindir, güldür”. Biz də bir az qoşulub gülürdük. Bu günə qədər Firəngiz xanım elə tamaşaçıların tanıdığı kimidir. O səmimiyyət Firəngizdə var, hamıya ürəyiaçıqdır. Demirəm, çətinliyi yoxdur. Onun da çətinliyi, qayğıları var. Deməyə, gülməyə də ehtiyacı çoxdu. Amma hamımıza xoş münasibət bəsləyir. Bilir ki, qarşısındakı insandı, insanın ürəyi var, insanı sevindirmək, ona xoş söz demək lazımdır. Firəngiz də heç kimdən o xoş sözlərini əsirgəmir.

Tələbəlik illərindən hər anımız yaddadır. Əsas onun o şirin zarafatları yadda qalıb. Tamaşa boyu bizim gərgin işlərimiz olurdu. Hər kurs tamaşasında çətinliklərimiz olub. Amma onun o xoş sözü, xoş sifəti, ürəyə yatan sözləri ilə məşqləri yola verirdik”.

“Şəxsi həyatında sevincli günlər də, kədərli günlər də olub”

“Qardaşuşaqları, bacıuşaqları – hamısı Firəngizin övladlarıdır. Özü də deyir ki, onlar elə mənim öz balalarımdır. Hamısına ana qayğısı göstərir. Bacılarına, qardaşlarında da həmişə ana kimi qayğı göstərir. Şəxsi həyatında çox sevincli günlər də, kədərli günlər də olub. Ata-anasını itirəndə də hiss edirdik ki, çox qayğılı günləri var. Bu günə qədər çalışıb ki, nikbin olsun. Ondan həmişə müsbət enerji gəlir”.

“Yaşar Nuri ilə olan mehribançılığı əvəzolunmaz idi”

“İnstitutu qurtaran günü mən, Zemfira Nərimanova, Firəngiz, Bəsti Cəfərova “Azdram”aya (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) gəldik. Firəngiz ilk gündən Yaşar Nuri kimi sənətkarların qayğısı ilə əhatə olundu. Yaşar Nuri ilə tərəfmüqabilliyi tutdu. Ələlxüsus televiziyada Aslan Qəhrəmanovun “Səni axtarıram”, “Bağışla” “Sənsiz” trilogiyasında uğurlu alındı. Mən onda əsgərlikdə idim. Biz tələbə yoldaşları olaraq bir-birimizə məktublar yazırdıq. Firəngizlə də məktublaşırdıq. Yazdığı məktubla sevincini mənimlə böldü. Yazırdı ki, “belə gözəl sənətkarlarla çıxış edirəm. Artıq sənət adamıyam, mənə hörmət edirlər”. O tamaşada oynamağı doğrudan da ona şöhrət gətirdi. Mən də əsgərlikdən qayıdandan sonra gördüm ki, hə, Firəngiz böyük şöhrət qazanıb. Televiziya tamaşası ayrı, teatr səhnəsində olan tamaşalar da bir ayrıdır. Yaşar Nuri ilə o tamaşa ilə məşhur ola-ola başqa-başqa səhnələrdə də oynayırdılar. Həyatda da çox yaxın dost idilər. Yaşar elə hamımızın dostu idi. Sadəcə olaraq onların mehribançılığı doğrudan da əvəzolunmaz idi. Onlardakı həm də ailə dostluğu idi. Firəngiz xanım Yaşar müəllimin həyat yoldaşı Rəhimə xanımın da bacısı kimi həmişə evlərinə gedib. Xəstə olan vaxtlarda da Yaşarla həmişə əlaqə saxlayırdı. Yaşar Türkiyədə müalicə olunanda ondan bir xəbər almaq üçün Firəngizə yaxınlaşırdıq ki, “Firəngiz, Yaşardan nə xəbər?””.


QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125