» » İcra başçısı: “Qoyun otarmaqla o yurdlara qayıtmaq olmaz”

İcra başçısı: “Qoyun otarmaqla o yurdlara qayıtmaq olmaz”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 may 2014
//
Bölmə: Müsahibə
İcra başçısı: “Qoyun otarmaqla o yurdlara qayıtmaq olmaz”



Akif Səlimov: “Bundan belə fikirlərimizi qələbə üzərində qurmaq lazımdır” May ayının 18-də Laçının işğalından 22 il ötəcək. Teleqraf.com bu işğal günü ilə bağlı Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimovdan müsahibə alıb. - Laçının işğalından 22 il ötür və bununla bağlı rayonun icra başçısı kimi fikirlərinizi bilmək istərdik. Uzun olmadı ki? - Olan olub, keçən keçib. Bir- iki gündən sonra Laçının ermənilər tərəfindən işğalının 22 ili tamam olacaq. O qədər “işğal” demişik ki, qulaqlar buna öyrənib. “İşğal günü” sözü artıq leksikona da daxil olub. Bundan belə fikirlərimizi qələbə üzərində qurmaq lazımdır ki, qısa müddətdə qayıdaq öz yurdumuza.Qələbə, qələbə, qələbə! Bundan ötrü hər şey var. Qüdrətli, güclü ordumuz, cəsarətli prezidentimiz var. Xalqın orduya münasibəti 1992-ci ildəki kimi deyil. Millət bu dəqiqə yay kimi gərilib. Gənclərimiz hərbi məktəblərə axın edir. Bütün xalq başa düşür ki, qonşudan pay ummaq olmaz. ATƏT və digərləri boş şeydir. Ona görə də ordumuzu möhkəmləndirməliyik, qıra-qıra, əzə-əzə əzəli Azərbaycan torpaqlarının sərhədinə gedib çıxmalıyıq. Ayrı bir yol yoxdur. - Hərbi məktəblərdə oxuyacaq gənclərin ailələrinə müavinətin verilməsi təşəbbüsü davam edirmi? - Bəli, bu bizim təşəbbüsümüz idi və buna bizim rayondan başlandı. Bununla bağlı böyük təbliğat gedir və bunu da maddiyyatla möhkəmləndirmək üçün hərbi akademiyalara daxil olan gənclərin ailələrinə ayda 200 manat, hərbi litseyə daxil olanların ailələrinə isə ayda 100 manat maddi yardım edilir. Məsələn, ötən il Laçın rayonundan olan gənclərin 4-ü akademiyaya, 7-si isə litseyə daxil olub. Bu il artıq 40 nəfər sənədlərini hərbi məktəblərə sənədini təqdim edib, onlardan neçəsinin qəbul olunub-olunmayacağı bilinmir. Amma hesab edirəm ki, bu il qəbul olanların sayı ötən ilkindən çox olacaq. Bunu bütün rayonlar səviyyəsində etsək nə olacaq? Bizim xalq əkinçi-biçinçi, tolerant, qonaqsevər, beynəlmiləl xalqdan çevrilicək hərbiçi xalqa. Hərbiçi xalqa çevrilən anda qələbə var, qayıdacağıq Laçına. - Laçın batalyonun komandiri olmuş Arif Paşayevlə münasibətiniz necədir, onu niyə çağırmamısınız tədbirə? - Arif Paşayevlə bir problemimiz yoxdur. Anım tədbiri keçirilən zal cəmi 200 nəfər tutur, amma may ayının 18-də Şəhidlər Xiyabanına toplaşacağıq. Ora inan heç kimi çağırmırıq, hər kəs özü könüllü gəlir. Yəqin ki, onda Arif Paşayev də gələcək. - Çalışdığınız qısa vaxt ərzində rayon əhalisinin hansı sosial problemləri həllini tapıb? -Qaçqın və məcburi köçkünlərə dövlət proqramına uyğun olaraq, maddi yardımlar göstərilir. Hazırda bizdə şahidiyik ki, məcburi köçkünlər üçün evlər, mənzillər tikilir və növbəlilik əsasında onlara ev verilir. Bu ilin axırlarından başlayaraq “Taxta Körpü” deyilən ərazidə laçınlılar üçün 1500 ev tikilməyə başlanacaq. Bu dövlətin qayğısıdır. Amma görülən işlərə mənəvi tərəfdən də baxmaq lazımdır. Hər bir məcburi köçkün ailəsi Allahına inandığı kimi inanmalıdır ki, biz yerimizə-yurdumuza qayıdacağıq. Hər ailə başçısı özünə sual verməlidir ki, biz o yerə necə qayıdacağıq? Qoyun otarmaqla, bayatı deməklə o yurdlara qayıtmaq olmaz. Hərbiçi xalq olmaq lazımdır ki, düşməni qırasan. Hərb musiqi, lirika, idman deyil. Hərb qələbə sənətidir, bu sözün tərifində də bu yer alıb. Düşmən qarşında dayananda ona sığal çəkməyəcəksən ki? Dövlətimiz, Ali Baş komandanımız müasir silahlar alıb, bunları idarə etmək üçün yüksək intellektli Azərbaycan oğlu olmalıdır. - Baş nazirin müavini Əli Həsənov Laçının keçmiş icra başçılarının tədbirlərə dəvət edilməsi məsələsini qaldırdı. Bəlkə bu təşəbbüslə ilkin olaraq Siz çıxış edəsiniz? - Mən ömrüm boyu o məsələyə çalışmışam. Amma indi deyəcəyim fikrin doğru anlaşılmasını istərdim. İcra başçısı və yaxud başqa vəzifədə işləyəndə elə çalışmalısan ki, camaatın içinə çıxa biləsən. Özünün elə əməlin olmalıdır ki, qorxmayasan camaat içinə gəlməyə ki, birdən biri çıxıb mənə söz deyə bilər. Vaxtı ilə polis rəisi işlədiyim rayonlara Laçına getdiyim kimi gedirəm. Yanımda heç kim olmur, otururam camaatın içində çay içirəm. Bu da məsələnin bir tərəfidir. Əli müəllimin keçmişdə çalışanlara hörmətlə bağlı səsləndirdiyi fikirlə tam razıyam. Gənc Tamaşaçılar Teatrında keçirilən protokola uyğun tədbir idi. Amma mayın 18-də bütün laçınlıların tədbiri olacaq. İcra başçısı işləyən də, işləməyən də hamısı Şəhidlər Xiyabanına gələcək. O cümlədən sabiq icra başçılarını dəvət edirik,- əgər dəvət lazımdısa-, gəlsinlər. Təqaüddə olduğum 6 ildə Laçının işğal günündə məni heç kim Şəhidlər Xiyabanına dəvət etməyib. Bir gün əvvəl ailəmlə, nəvələrimlə gedib şəhidləri ziyarət etmişəm, hamı ilə birgə getməmişəm. Çünki ora gələnlərin çoxu erməniyə güllə atmayıb. Ora bir döyüşçü kimi gedib, borcumu yerinə yetirmişəm. Belə şeylərdə dəvət lazım deyil, gərək ürəyin ola. - Laçındakı tarixi, xüsusilə alban məbədlərinin qorunmas ilə bağlı beynəlxalq səviyyədə hər hansı işlərin görülməsi mümkündürmü? - Bu məsələnin birbaşa mənə aidiyyatı yoxdur. Amma bir məsələni deyim ki, bütövlükdə xalq olaraq bizim günah nədədir. Xalq olaraq, atəşpərəstliyə, eləcə də 4 əsrə yaxın xristian dininə sitayiş etmişik. Sonradan İslamı qəbul eləmişik. O kilsələri xristian olanda sənin, mənim ulu babaları tikib. İslamı qəbul edəndən sonra utanırıq o yerlərə getməyə, məscidə gedirik. Müsəlman olmamışdan əvvəl babalarımızın tikdiyi bu yerlərə niyə getməyək? Yiyəsiz evə sahib çıxan çox olar. Biz o kilsələrə getmədiyimizə görə, ermənilərdə xaçı saxladı, alban yazıların söküb yerinə öz hərflərinin yazdı ki, bu mənimdir. Yəni biz xalq olaraq, xristian dini ilə bağlı keçmişimizə hörmətlə yanaşmalıyıq və utanmamalıyıq ki, vaxtilə 3-4 əsr xristian olmuşuq. -Laçına qayıtmaq üçün nə etmək lazımdır? -Laçına qayıtmaq üçün bütün toplum iradəli adamlardan ibarət olmalıdır. Necə ki, belə yüksək iradə Prezidentimiz də var.


QafqazPRESS.az
banner125x125 banner125x125