Keçmiş icra başçısı: “Elbrus Orucov bizə Rəhim Qazıyevin “Talış-Muğan Respublikası”na dair planları barədə ciddi faktlar verdi” - MÜSAHİBƏ
Modern.az saytında “Elçibəy hakimiyyətinin icra başçıları” rubrikasının növbəti müsahibi Salyan rayon İcra Hakimiyyətinin başçısı işləmiş, hazırda Klassik Xalq Cəbhəsi Partiyasının həmin rayon təşkilatının sədri Ədalət Yusubovdur.
- Əbülfəz Elçibəy prezident seçilənə qədər İsa Qəmbər Ali Sovetin sədri kimi bir çox rayona icra başçısı təyin etmişdi. Hətta onların bəzilərini sonradan yaranan Müsavat Partiyasıbın icra başçıları hesab edənlər də vardı. Ancaq sizi həqiqətən Elçibəy hakimiyyətinin icra başçısı, özü də ən ideal başçılardan biri kimi təqdim edirlər...
- Təbii ki, mən Elçibəyin komandasının icra başçısı idim. Təyinatımı 1992-ci il mayın 30-da prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri İsa Qəmbər verib. Məni bu vəzifəyə kimin təyin etməsi o qədər də əhəmiyyətli deyildi. Əsas məsələ məsuliyyəti üzərimə götürüb etimadı doğrultmaq idi. Namizədliyimi isə AXC-nin Salyan rayon şöbəsi irəli sürmüşdü. Alternativim olmasa da, birdən-birə razılaşmamışdım. 31 yaşım vardı, bilirdim ki, kifayət qədər böyük və məsuliyyətli vəzifədir. Uzun-uzadı müzakirələrin, eyni zamanda AXC rayon şöbəsinin qarşımda qoyduğu tələblər nəticəsində razılaşmağa məcbur oldum.
- İcra başçısı təyin olunana qədər haralarda işləmişdiniz. Çünki sizin də təmsil olunduğunuz hakimiyyətə idarəetmə təcrübəsi olmayan insanların toplaşdığını iddia edənlər az deyildi...
- O vaxta qədər bir neçə sahədə çalışmışdım. Fəhlə də işləmişdim, ixtisasım elektrik mühəndisidir, Neft və Kimya İnstitutunu bitirmişəm. İxtasasım üzrə laboratoriya müdiri, hətta çilingər də işləmişəm. Bunlar hamısı 1990-cı ilin 20 yanvar hadisələrindən sonra olub. 1986-1990-cı ilin 20 yanvarına qədər Salyanda raykom hüquqlu komsomolun birinci katibi olmuşam.
- 31 yaşında Salyana rəhbər təyin olunmusunuz. Baxmayaraq ki, komsomolda işləmişdiniz, AXC hakimiyyəti tamamilə fərqli idarəetmə mexanizmi tətbiq etməyə başlamışdı. Başçı kimi ilk fəaliyyətinizə necə başladınız? Təbii ki, hakimiyyətdən uzaqlaşdırılan Kommunist Partiyasının üzvləri sizi birdən-birə qəbul etməyəcəkdilər...
- Salyan həm iqtisadi, həm də ziyalı potensialı cəhətdən kifayət qədər sanballı bir rayondur. Burada birinci şəxs olmaqla ictimai proseslərə yönəldici təsir göstərmək, özü də yeni bir sistemlə idarə etmək o qədər də asan deyildi. Siz yəqin ki, bizim hakimiyyətə gəldiyimiz dövrü xatırlayırsınız. Adamın çiyinlərinə hərtərəfli ağırlıq yüklənmişdi. Bir tərəfdə müharibə, digər tərəfdə Sovet İttifaqından qalma bütün təsərrüfat sisteminin dağıdılması, iqtisadi-maliyyə əlaqələrinin qırılması, təsərrüfatların başsız qalıb istehsalın reallaşdırıla bilməməsi, idarə, müəssisələrin işçilərin əksəriyyətinə bir ildən artıq müddətə borcların ödənilməməsi, bunlar kifayət qədər çətin məsələlər idi. Açığını deyim, siyasi mahiyyət dəyişikliyi baxımından bir çox şeylərə nail olduqsa da, ancaq idarəetmə baxımından hər şey əvvəlki kimi idi. Yəni eyni strukturlar idi. Belədə ciddi dəyişikliklər baş verməsə də, keçmiş sistemə müəyyən qədər bələdçiliyim başçı kimi fəaliyyətimdə yardımçı oldu.
- Siz hakimiyyəti kimdən təhvil almışdınız?
- Mən rayon partiya komitəsində komsomolun birinci katibi i və bir zamanlar Zərdab rayon İcra Hakimiyyətinin başçısı işləyən Seyran Seyranovdan təhvil almışdım. Məni icra başçısı kimi o zaman kənd təsərrüfatı naziri işləyən Müzamil Abdullayev rayon ictimaiyyətinə təqdim edib. Seyran Seyranovun mənim icra başçısı kimi təqdimat mərasimidəki çıxışı indi də xatirimdədir. Çox normal qarşıladı, dedi ki, bu, bir siyasi sistem dəyişikliyidir. Yeni bir siyasi komandanın hakimiyyətə gəlişi kimi qəbul etdi və dedi ki, sabahdan başlayaraq hər kəs mənim kimi getməyi gözləməlidir. Mən də çıxışını normal qarşılayıb normal da yola saldım.
- Öz komandanızı formalaşdırmaq üçün kifayət qədər kadr potensialınız, həm də etimad etdiyiniz adamlar vardımı?
- Əlbəttə, müəyyən çətinliklər vardı. Mən dərhal kadr islahatlarından başlamadım. Yəqin ki, yadınızdadır, 1992-ci il iyunun 7-də prezident seçkiləri keçirilib. Mən həmin seçkini mövcud olan komanda ilə keçirmətyi məqsədə uyğun hesab etdim. Yüksək səviyyəli seçki keçirdik. Əblüfəz bəy Salyanda 65 faiz səs toplamışdı. Seçki başa çatan gecə o vaxt Ərazi Seçki Komissiyasının (indiki dairə seçki komissiyaları o vaxt belə adlanırdı-red.) sədri işləyən şəxs gecə zəng vurub mənə dedi ki, istəyirsənsə Elçibəyin 65 faizlik səsini Nizami Süleymanovun xeyrinə olan səsin hesabına 10 faiz artırım. Qəti etirazımı bildirdim və səhəri günü onu komissiya sədrliyindən uzaqlaşdırdıq. Çünki Elçibəyə şəxsiyyət olaraq insanlar çox hörmət edirdilər. Bunu, yeri gəlmişkən xatırlatdım. Mənim ilk işim rayonun iqtisadi göstəricilərini statistika idarəsindən alaraq təhlil aparmaq olub. Təyinatımdan üç gün sonra rayon fəalları ilə toplantı keçirib real vəziyyəti dəyərləndirərək qarşımızda duran vəzifələri izah etdim, təbii ki, o zamankı dünyagörüşümə görə çıxış yollarını sadaladım. Eyni zamanda, qarşılarına qoyulan tələbləri xatırlatdım. Dedim ki, yeganə tələbim düzgün işləməkdir, yeni qaydalarla ayaqlaşa bilməyənlər, yaxud bilərəkdən artıq dəyişə bilməyənlər bizimlə bir yerdə ola bilməzlər. Siyasi hakimiyyətdəki dəyişikliklərə bundan sonra başladıq və təbii ki, bu qaçılmaz idi.
- Sözsük ki, hamı sizin istədiyiniz kimi ola bilməzdi. Hansısa təzyiqlə üzləşirdinizmi?
- Təzyiq var idi. Kənd, qəsəbə icra nümayəndələrindən tutmuş müavinlik sisteminə qədər dəyişikliklərdə hər hansı bir təhdid, təklif, yaxud təzyiqlə üzləşməmişəm. Müəyyən təkliflər olurdu, bunu da yaxın ətrafımızdakı şəxslər edirdilər. Təbii ki, mən də təşkilatın üzvü olaraq belə təklifləri saf-çürük edir, bəzilərini hətta müzakirəyə çıxarırdım. Çünki uyğun variantın qəbulunu vacib hesab edirdim. İdarə, müəssiə və təsərrüfatlarda müəyyən dəyişikliklərə gələndə, bəzi hallarda müqavimətlə üzləşirdim. Müqavimətin də ortaya çıxmasının yeganə səbəbi hətta təyinatlı orqanlara yeni kadrın seçki vasitəsilə gətirilməsi idi. Bu zaman maraqlar toqquşurdu, məsələn, hər hansı təsərrüfatın özündə tərəflər ortaya çıxırdı, bu və ya digər formada nəticə alınmayanda bizim rolumuz ortalığa gəlirdi, məhz həmin məqamlarda müəyyən təklif, təzyiq, müqavimətlə üzləşirdik.
- Salyanda xeyli iri idarə və müəssisə olub. Hər hansı şəxs yüksək vəzifəsindən getməməsi üçün sizə nəsə təklif edirdimi?
- Mənə sonradan belə faktlar söyləyiblər. Düzü, ilk gündən elə bir mövqe sərgiləməmişdim ki, kimsə belə bir cəsarətdə ola bilməzdi. Kimsə mənə şəxsən pul təklifi müqabilində vəzifəsində qala bilməzdi. İstədiyim adamı heç nədən çəkinmədən vəzifəsindən uzaqlaşdırmışam. Amma bəziləri təxribatla məşğul olublar. Məsələn, arvadı erməni olan çörək zavodunun direktoru vardı. Bildiyiniz kimi, o zaman bizim hakimiyyəti, həm də xalqı çörəklə imtahana çəkməklə bağlı müxtəlif cəhdlər edilirdi. Bizdə bunu belə edirdilər, rayonun gündəlik çörəyə ehtiyacı bəlli idi. Çörək zavoduna tələbata uyğun un verilirdi. Ancaq həmin direktor unun, məsələn 10-15 tonunu satır, qalan hissəsindən çörək bişirilirdi. Təbii ki, bununla da rayonda süni çörək qıtlığı yaradılırdı. Biz məsələnin üstünə düşdük, araşdırma nəticəsində direktorun bu özbaşınalığının üstü açıldı. Bundan sonra kabinetimdə diz çökdü, ancaq bağışlanması üçün heç bir əl yeri qoymamışdı...
- Ətrafınızdakı adamlara nə dərəcədə etibar edirdiniz?
- Etiraf edək ki, hamını eyni əqidədə və eyni qabiliyyətdə, həm də nəfsi tox görmək arzusu həmişə olur. Amma istər-istəməz insanlar fərqli olur. Çatışmazlıqlarımız olub, lakin bütövlükdə komanda halında hər halda bir illik hakimiyyətimiz zmanı istədiyimizə nail ola bilmişik.
- Hüquq-mühafizə orqanları, xüsusilə də polislə işbirliyiniz alınırdımı?
- Mən icra başçısı təyin olunanda Salyanda polis rəisi işləyən polkovnik Əziz Mövlanov Həcc ziyarətinə getmişdi. Ona qədər bir ildən artıq idi tanıyırdım. Ondan əvvəl isə o vaxtkı Əli Bayramlı şəhərində işləmişdi. İlk tanışlığım da oradan -meydandakı qarşıdurmalardan başlamışdı. İnsan kimi şəxsi keyfiyyətlərinə, eyni zamanda polis rəisi kimi bacarığına, qabiliyyətinə inandığımdan onunla çox tez anlaşa bildik. Ümumi qaydalara əməl edəcəyini, yalnız və yalnız hakimiyyətin maraqlarına uyğun işləyəcəyini bildirdi. Mən də dediklərinə inandım, qeyd etdiyim kimi, çünki bir il müddətində yollarımız bir neçə dəfə kəsişmişdi. Siyasi hakimiyyətlə ciddi qarşıdurma məqamlarında ən azı siyasi hakimiyyətin iradəsindən kənara çıxaraq üç dəfə bizim mövqeyimizi müdafiə etmişdi. Yəni MTN-nin rayon şöbəsinin rəhbərinin, prokurorun, hətta rayon rəhbərinin özünün iştirak etdiyi ciddi qarşıdurmalarda, müzakirələrdə ittiham olunan tərəıf biz olsaq da, Əziz Mövlanov bizi müdafiə etmişdi. Həmişə mövqeyi bundan ibarət idi ki, tələb edən, nəyisə istəyən tərəflə oturmaq, dinləmək və anlaşmaq lazımdır. Yəni istənilən məsələ ilə bağlı obyektiv bir münasibətə malik olduğundan daha çox onunla işləmək fikrim vardı və sona qədər də onu müdafiə etdim. Halbuki, mənim bir azca mənfi münasibətim polis rəisinin dəyişikliyi ilə nəticələnə bilərdi. Mənim problemim prokuror Camal Abbasovla olub. Mən onu ilk dəfə 1990-cı ilin iyun ayında görmüşdüm. Sonralar səhv etmirəmsə, nəqliyyat prokurorluğunda işləyib. 20 yanvar hadisəsindən sonra hüquq-mühafizə orqanlarında aparılan islahatlar daha çox gəncləri əhatə etdiyindən sevinmişdim. Camal Abbasov da həmin gənc kadrlardan biriydi. Ancaq zaman keçdikcə, onu tanıdıqca bütün xarakteri ortaya çıxdı. Onu mən nəinki prokuror, bu sahənin mütəxəssisi, yararlı kadrı, heç şəxsiyyət kimi də dəyərləndirməmişəm, bunlardan çox uzaq adam idi. Çünki zaman-zaman özünü bizim yanımızda, hətta müxalifətdə olduğumuz dövrdə aşağıladığnın, yalan danışdığının şahidi oldum. Onun fəaliyyətində bizim qoyduğumuz qaydalardan kənara çıxmaq meyllərini açıq-aşkar görürdüm.
- Siz onun haqqında çox mənfi fikirdəsiniz. Nə kimi hərəkətləri sizi qane etmirdi?
- Təbii ki, biz hamının başına yağ çəkmirdik. Vəzifəsindən asılı olmayaraq, müəyyən şəxslərlə bağlı zaman-zaman yaranmış münasibətlərdən gəldiyimiz qənaətlər vardı. O şəxslərin əksəriyyətini Camal Abbasov öz ətrafında cəmləşdirib bizə qarşı bir blok qoymaq istəyirdi. Bizim istədiyimiz dəyişikliklərə qarşı özünün əvvəldən qalma qaydalarını tətbiq edib həmin şəxslərə arxayınçılıq fikri aşılamaq istəyirdi. Bir neçə faktdan sonra mən onu qəbuluma çağırıb tələb qoydum ki, cinayətlərini sistemin bəlaları adlandırdığımız şəxsləri müdafiə etməkdən vaz keçsin. Dedim ki, hər bir şəxsin fəaliyyətini ağ kağız kimi görürük, hər kəsin inkişafının tərəfdarıyıq, sən insanları yenə də çirkaba batırırsan. Faktları ortalığa qoyanda imtina etdi. Bu faktlar təsdiqlənəndən sonra isə rayondan qaçdı. Bu 1992-ci ilin noyabr ayında olub. Onunla bağlı bir faktı deyəcəyəm. Bizdə böyük bir quşçuluq fabriki vardı. Onun rəhbəri YAP-ın o vasxtkı tanınmış simalarından biri olan Səfiyar Musayevin ögey qardaşı Səfər Aslanov idi. Onun əvvəlcədən də bizim qoyduğumuz qaydalara qarşı saymazyana davranışı, yaxud səhvi baş vermişdi. Kənd təsərrüfatı məsələləri üzrə müavinin, keçmişdə müavinimin atası ilə münasibətləri yaxşı olub, bir vaxtlar eyni təsərrüfat sistemində işləmişdilər, həmin yaxınlığa görə özündə iradə tapıb onun stolunun üstünə toxunulmazlığının təmin olunması üçün pul qoymuşdu. Həmin şəxs mənə zəng etdi, dedi ki, Səfər Aslanov belə hərəkət edib, böyük bir bağlamanın içərisində pul gətirib. Vurmuşam başına, otağa dağılan pulu yığışdırır. Bu, birinci səhvi idi. Təbii ki, mənim üçün hər şeydən əvvəl həmin pulun mənbəyini araşdırıb tapmaq daha önəmli idi. Buna görə əvvəlcə prokurorluğa tapşırıq verdim ki, komissiya yaradıb həmin müəssisəni yoxlayın. Rəqəm indi də yadımdadır, orada yoxlama aparıldı, təxminən 20 günlük yoxlamanın nəticəsi kimi prokurorluq çatışmazlığı belə ortaya çıxarmışdı: 159 rubl, hardasa 500 yumurta, 25 toyuq. Bu cür xırda rəqəmlərlə ifadə olunurdu çatışmazlıq. Təbii ki, buna inana bilməzdim. Ona görə özüm də paralel olaraq qeyri-rəsmi şəkildə alternativ yoxlama aparırdım. Nəticədə həmin idarənin Azərbaycandan kənarda çox ciddi əlaqələrinin olması ilə bağlı ciddi informasiyalar əldə etmişdim. Əksəriyyəti guya xaricdən həmin fabrikə gətirilən yumurtalarla bağlı idi. Bütün marşrutlar belə idi: İvanovo hava limanı, Türkmənistan və Azərbaycan. Gətirilən malların bölüşdürülməsində Erməınistana qədər müəyyən şeylər gedib çıxırdı. Mən bunu diqqətə alıb rayon prokurorluğundan yoxlamanın ciddi şəkildə aparılmasını tələb etmişdim. Onun ortalığa çıxardığı faktları isə qeyd etdim. Mən yoxlama göndərəndən sonra 250 min yumurtanın aradan çıxarılmasının üstü açıldı, təxminən 1 milyon rubla yaxın vəsait, 50 tondan artıq yem çatışmazlığı müəyyən olundu. Prokurorluğun yoxlamasının nəticələri ilə öz yoxlamamızın nəticəsini Səfər Abbasovun qarşısına qoyub dedim ki, tutuşdur. Sonra soruşdum: “Bu sənin, yoxsa yoxlamanı aparan komissiyanın iradəsinin nəticəsidir?” Fakt qarşısında qoydum və Səfər Abbasov qaçdı, sənədlərin əksəriyyəti prokurorluğa göndərildi. Əslində kimisə tutdurmaq fikrində olmamışam. Məsələnin daha ciddi xarakter daşıdığını nəzərə alaraq həmin sənədləri istintaq üçün respublika prokurorluğuna da göndərdim. Təəssüf ki, nəticəsi olmadı. Prokuror əslən gürcüstanlı idi. Sonradan uzun müddət Salyana prokuror qayıtmaq istədi, yeganə arzusu məni həbs etdirmək idi. Ancaq istəyinə nail ola bilmədi. Onun yerinə kifayət qədər ağır təbiətli, işini bilən, həddindən artıq dəqiq olan Fikrət Azadov təyin olundu və axıra qədər bir yerdə işlədik. Səfər Aslanova gəldikdə, o da prokurorla birgə rayondan qaçmışdı.
- Elçibəy hakimiyyətinə 1993-cü ildə baş verən iyun hadisələri ilə son qoyuldu. Bütün digər səbəblərlə yanaşı, sizin hakimiyyətin daxilindəki müəyyən çəkişmələrin, müəyyən vəzifə sahiblərinin bir-birini qəbul etməməsinin də az rol oynamadığı iddia olunur. Həmin hakimiyyətin təmsilçilərindən biri də siz olmusunuz. Bir ildən sonra hakimiyyətdən getməyinizə sadalananların da təsir etdiyi iddiası ilə razılaşirsınızmı?
- Hətta siyasi təşkilatın özündə bu və ya digər məsələlərlə bağlı bir nəzarət mexanizminin yaradılması vacibdir. Ancaq bizim hakimiyyət dövründə yerlərə o qədər müstəqillik, sərbəstlik verilmişdi ki, sadəcə, qabiliyyətin çatırdısa, özünü göstərə bilirdin. Mən nə prezident, nə dövlət katibi, nə də ayrı-ayrı nazirlər səviyyəsində öz üzərimdə xırdaca da olsun basqı, nəzarət hiss etmirdim. Bu baxımdan idarəçilik mexanizmini kifayət qədər müsbət dəyərləndirmək olar. Ancaq nəzarətin də tərəfindəydim. Təbii ki, dövlət yeni qurulurdu, hakimiyyətə yeni siyasi qüvvə gəlmişdi, ona görə nəzarət daha ciddi həyata keçirilməli idi. Çünki bizim iradəmizdən kənar ikili tabeçiliyi olan idarə, müəssisələrdə, yaxud orqanlarda bu və ya digər formada bizim iradəmizdən kənar xoşagəlməz, yaxud zərər gətirə biləcək proseslər baş verirdi. Nəzarətin həyata keçirilməsi ən azı müəyyən səlahiyyətli şəxslər qarşısında baş verən proseslərin əsl mahiyyətini ortaya çıxara bilərdi. Bəlkə də yıxılmış keçmiş sovet hökumətinin kommunist olan təsərrüfat rəhbərlərinin üzrəimizə qayıtmasının əsas səbəblərindən biri bu oldu. Biz nəzarəti üzü aşağıya qədər həyata keçirə bilməyib, nəzarət hesabına cəzaya layiq olan şəxsləri cəzalandırmadıq. Bəlkə də ən böyük səhvimiz bu olub. Biz birmənalı şəkildə onları zamanında yaşadıqları sistemin bəlası kimi qəbul etdik və bağışlayıb amnistiya verdik.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR