» » Siyavuş Novruzov: "Müxalifət gənclərə meydan vermir"

Siyavuş Novruzov: "Müxalifət gənclərə meydan vermir"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 11 iyun 2014
//
Bölmə: Müsahibə
Siyavuş Novruzov: "Müxalifət gənclərə meydan vermir"


Milli.Az xəbər verir ki, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın yay aylarında fəaliyyətilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Siyavuş müəllim, partiyanız yayda necə fəaliyyət göstərəcək? Xüsusi proqramlarınız varmı?

- Qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkilərə qədər biz boş oturmayacağıq. YAP üzvləri üçün yay məktəbləri təşkil edəcəyik. Hazırladığımız layihələrdən 800-dən artıq gəncin yararlanması nəzərdə tutulub. Proqramların həyata keçirilməsi üçün işlər aparılır. Nəzarət Təftiş Komissiyası rayonlarda təftiş işləri aparırlar, komissiyalar üzərlərinə düşən işləri həyata keçirirlər. Yaxın vaxtlarda yay məktəbləri işə başlayacaq.

- Yay məktəbləri ilə bağlı yeniliklər olacaqmı?

- Bu dəfə yay məktəblərinin təqdimatlarını gənclər edəcəklər. Tanınmış dövlət məmurları, deputatlar, nazirlər, YAP rəhbərliyində təmsil olunan insanlar gənclərlə görüşəcək, söhbətlər edəcəklər. Amma moderatorluğu gənclər özləri edəcəklər. Həm Bakıdan, həm də regionlardan olan gənclər bu məktəblərdə fəal iştirak edəcəklər.

- Digər siyasi partiyalarla görüşlər gözlənilirmi?

- Biz digər siyasi partiyaların elə bir fəaliyyətini görmürük ki, oturub hansısa məsələnin müzakirəsini aparaq. Qəzet üzərində fəaliyyət göstərirlər. Parlamentdəki partiyalarla münasibətimiz normaldır. YAP-ın partiyalarla iş üzrə komissiyası var. Həmin komissiya siyasi partiyalarla bir neçə görüş keçirib. Təkliflər sistemləşdirilib. Bu istiqamətdə işlər davam etdirilir.

- Niyə siyasi partiyaların hamısı yay məktəbləri təşkil etmirlər?

- Bu, istəklə, məqsədlə bağlı olan məsələdir. Parlamentdə təmsil olunan partiyalar dövlətdən maliyyə alırlar. Həmçinin üzvlük haqqı yığırlar. İstəsələr, yay üçün xarakterik olan proqramlar həyata keçirə bilərlər. Görünür, mənimsəmə hallarına yol verdikləri üçün belə proqramlar həyata keçirmirlər. Müxalifət partiyaları gənclərə meydan vermirlər. Siyasi biliklərini, imkanlarını realizə etmək üçün imkanlar yaratmırlar. Siyasi partiyaları monopoliyaya alıblar. 5-6 adam yığışıb partiyaları gəlir mənbəyinə çeviriblər. Onlar nəinki prezident, heç bələdiyyə seçkilərində də səs ala bilməyəcəklər. Çünki sosial bazaları yoxdur.

- Müxalifət partiyalarının gənclərinin maarifləndirici layihələrdən kənarda qalması həmçinin hakimiyyəti narahat etməlidir. Çünki siyasi cəhətdən təkmilləşməyən gəncləri olan partiyaların hakimiyyətə gəlməsi dövlət üçün fəsadlar yarada bilər...

- Müxalifətin hakimiyyətə gəlmək imkanları yoxdur. Ona görə də bu barədə danışmaq düzgün deyil. Bizim yay məktəblərinin proqramları çox zəngindir. İKT proqramları tədris olunacaq. Digər maarifçilik işləri aparılacaq. Yay məktəblərindəki gənclər sonradan qruplar yaradırlar, dostluq edirlər. Sosial şəbəkələrdə fəallıq göstərirlər. Həmçinin siyasi bacarıqlarını, liderlik keyfiyyətlərini artırırlar. Bu proseslər intensiv şəkildə, intellektual müstəvidə aparılır. Biz gəncləri Azərbaycanın gözəl guşələrinə aparırıq, onlara siyasi mədəniyyəti, elm, bilik öyrədirik, savadlandırırıq. Müxalifət isə gəncləri küçələrə çıxarır, onların tərbiyəsini pozur, qeyri-qanuni aksiyaya çıxarırlar. Həmin gənclər heç bir təqsiri olmaya-olmaya, partiya rəhbərlərinin səhv yola yönəltmələri üzündən cinayət məsuliyyətinə cəlb olunurlar. Valideynlər partiya rəhbərlərindən soruşmalıdılar ki, niyə görə gəncləri elmə, tədrisə deyil, aksiyalara, polislə qarşıdurma yaratmağa yönəldirsiz? Nəticədə o uşaqlar həbs olunurlar, gənclik illərini dəmir barmaqlıqlar arasında keçirirlər.

- Sizin layihələrdən müxalifətçi gənclər də yararlana bilərlərmi? Yəni yay məktəblərində müxtəlif siyası baxışları bölüşən gənclər arasında polemikalar təşkil etmək mümkündürmü?

- Biz bu dəfə əməkdaşlıq etdiyimiz xarici siyasi partiyalardan olan gəncləri ölkəmizə dəvət edəcəyik. Beynəlxalq təcrübəni öyrənmək və paylaşmaq baxımından xaricdən qonaqlar dəvət edəcəyik. Gələcəkdə partiyalar arasında dialoq olarsa, gəncləri də bu prosesə cəlb edə bilərik. Belə bir proqram işlənilib, amma tətbiq olunmayıb.



QafqazPRESS.az
banner125x125 banner125x125