“Ay kişi, göydən dollar yağır?”
Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov büdcədənkənar vəsait məsələsinə öz sərt münasibətini bildirib.
Parlamentin növbədənkənar iclasında çıxışı zamanı millət vəkili büdcədənkənar vəsait anlayışının onun üçün qaranlıq qaldığını qeyd edib: “Büdcədənkənar vəsait anlayış nədir, Ziyad müəllim bunu mənə bir başa salsın. Axı belə bir anlayış yoxdur. Xüsusilə də son illər icra hakimiyyəti başçıları bildirirlər ki, guya rayonlarda hansısa işləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Ay kişi, göydən dollar yağmır ki? Hansı pulla bunu həyata keçirirsən? Bu işlər hamısı dövlət vəsaiti hesabına həyata keçirilir.
Ümumiyyətlə, bu məsələyə kim qarantiya verə bilər, siz Ziyad müəllim, buna qarantiya verə bilərsinizmi ki, şəffaflıq qorunacaq? Ona görə bu məsələni aradan qaldırmaq lazımdır. Belə bir anlayış hansı ölkədə var? Türkiyədə, Gürcüstanda hansında var? Heç birində yoxdur. Bu şəffaflığın pozulması deməkdir. Çünki belə vəsaiti heç Hesablama Palatası da yoxlaya bilmir. Bu vəsaitlərin necə və hansı şəkildə xərcləndiyini müəyyən edə bilmərik”.
***
Vergilər nazirinin müavini Sahib Ələkbərov Milli Məclisdə Vergilər Məcəlləsinə edilən dəyişiklərlə bağlı millət vəkillərinin suallarını cavablandırıb. S. Ələkbərov millət vəkili Siyavuş Novruzovun büdcədənkənar vəsait anlayışı ilə bağlı səsləndirdiyi iradlara cavab olaraq bildirib ki, büdcədənkənar fondlar tək Azərbaycanda yox, başqa ölkələrdə də var: “Büdcədənkənar fond Maliyyə Nazirliyinin ciddi nəzarəti altında formalaşır. Eyni zamanda Azərbaycanda büdcədənkənar fondlarla bağlı limit qoyulub. Orada xərclənən hər bir vəsait diqqət mərkəzindədir. Adətən, büdcədənkənar vəsait deyiləndə düşünülür ki, bu vəsait maaşlara əlavə üçün xərclənir. Vergilər Nazirliyi kifayət qədər böyük qurumdur, proqram təminatlarının, aparatların alınması üçün byöük vəsait tələb olunur.
Büdcə ilin əvvəlində təsdiqləndiyi üçün o proqram təminatlarını, aparatları almaq mümkün olmaz. Digər tərəfdən, sahibkarlıq sübyektlərində yoxlamalar 2 il dayandırılıb, ancaq bu, Vergilər Nazirliyinə aid deyil. Çünki Vergilər Nazirliyinin vəzifəsi vergilərlə bağlı yoxlamadır, büdcə dolmalıdır. Sanksiyalardan büdcədənkənar fonda daxil olan məbləğin həcmi də limiti keçə bilməz.
Həm də sanksiyalardan daxil olan vəsait büdcəyə yönəldilir, daha sonra Vergilər Nazirliyi Maliyyə Nazirliyinə müraciət edir ki, həmin sanksiyalardan daxil olan vəsaitin bir hissəsi büdcədənkənar fonda ayrılsın”.
S. Ələkbərov əlavə edib ki, vergi orqanları vasitəsi ilə büdcəyə daxil olan vergilərin 33 faizi əlavə dəyər vergisidir: “Əlavə dəyər vergisi o halda geri qaytarılır ki, şəffaflıq olsun və sənədlər təqdim edilsin. Həm istehsalda, həm ticarətdə şəffaflıq təmin olunacaqsa, əlavə dəyər vergisi ilə bağlı heç bir problem yoxdur. Azərbaycanda əlavə dəyər vergisi ilə bağlı mexanizm tam elektronlaşdırılıb. Əlavə dəyər vergisi dünyanın bütün ölkələrində istfadə edilir. Yeri gəlmişkən, son vaxtlar dayələrin sürücülərin və digər belə vergidərə cəlb olunması barədə danışırlar. Bunun inzibatçılığı o vergilərdən baha başa gəlir. Belə peşə sahibləri üçün ən yaxşı yol patent üsuludur və bu, gələcəkdə tətbiq oluna bilər”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR