» » Varis: “Murakamidə səhv tuturam”

Varis: “Murakamidə səhv tuturam”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 iyun 2014
//
Bölmə: Müsahibə
Varis: “Murakamidə səhv tuturam”



Ötən gün yazıçı Varis Yolçuyevin “Yaşıl üzlü gündəlik” kitabının təqdimatı keçirildi. Onunla müsahibəmiz isə təqdimat mərasimindən bir gün əvvəl baş tutdu. Söhbətimiz də elə imza günlərində kitab satışı məsələsindən başladı.



- Ötən il kitabımın təqdimatı iyunun 16-sında olmuşdu. Həmin gün 40 dərəcə isti var idi. Təqdimat da günorta saat 4-də idi, nəfəs almaq mümkün deyildi. Dedim, biabır olduq, heç kim gəlməyəcək. Amma getdik, gördük, iynə atsan, yerə düşməz. Dedim, İlahi, nə yaxşı bu qədər insan kitab sevgisiylə bura gəlib.

Deməli, Park Bulvarda İmza gününə 1 saat vaxt ayrılır. Başqa yazarlarda ancaq 10-15 dost-tanış gəlir. Amma mən imza günümdə 1 saatda 180 kitab imzaladım. Nə qədəri də kitabın pulla satıldığını bilmirdi, deyirdilər, heç olmasa, salfetə imza at. Dedim, yəqin bununla Azərbaycanda rekord vurdum. Dedilər ki, rekord Qaraqanda olub, onun imza günündə 200-dən çox kitab satılıb. Deyirlər ki, onun “A” romanı superdir, heç də elə deyil. Amma lap yazıçılığımı qoyuram kənara, ondan 10 dəfə güclü gənc yazarlar var. Sadəcə, reper deyillər deyə tanınmırlar. Ona da uşaq-muşaq qulaq asır, oxucuları da dinləyicilərinin arasından gəlir.

- Azərbaycanda ən çox kitabları satılan Çingiz Abdullayev, Qaraqan, Elxan Elatlı və sizsiniz. Deyirsiniz, Qaraqan reper olduğuna görə oxucuları çoxdur. Bəs sizin oxucularınızın çoxluğu nədən irəli gəlir?

- Azərbaycan oxucusu dedektiv əsər sevəndir. Bir dəfə biri televiziyaya çıxıb deyirdi ki, Çingiz Abdullayev və Elxan Elatlı dedektiv yazır deyə sevilir, bəs bu Varisi niyə oxuyurlar? Daha demir ki, 1990-cı illərdə İsmayıl Şıxlı hekayələrimi oxuyub deyəndə ki, ədəbiyyata yeni bir ad gəlir, heç onda mən ədəbiyyata gəlmədim. Birincisi, müharibə dövrü idi, cəmiyyət siyasiləşmişdi, ona görə gəlmədim. İkincisi də, uşaqlıqdan romanı sevmişəm, ədəbiyyata romanla gəlmək istəyirdim. İndi hamı ədəbiyyata romanla başlayır, amma təməl hekayədir. 19 yaşında adam roman yazmaz axı... Yazanda da o romanlarda nə qədər səhv tuturuq.

Elxan Elatlının özündə səhv tuturam, çünki o, riyaziyyat müəllimidir, nasir deyil. Onun dedektiv əsərlərini ancaq kütlə oxuyur, elitar təbəqə oxumur. Necə ki, Qaraqanı reperlər, yeniyetmələr oxuyur, Elxan Elatlını da evdar qadınlar, “talkuçka”da alver edənlər oxuyur. Çingiz Abdullayev də sağ olsun, kitaba sevgi yaradır.

Mən özüm filoloqam, çox mütaliə edirəm, səhvi tez tuturam. O gün Murakamidə kobud bir səhv tutmuşam, bütün tərcümələrdə o səhv var. Deməli, yazıçı özü belə yazıb, əsəri də redaktə elətdirməyib.Yazıçıda olur da. Mənim “Əzilmiş fotoşəkillər” romanımda da elə səhv olmuşdu, təkrar nəşrdə onu düzəltdik. “Yetmiş yeddinci gün” romanımı ikinci nəşrində yığcamlaşdırdıq. Burda isə kommersiya marağı var idi. Çünki o qalınlıqda kitabın xərci borcunu ödəmir, oxucu da onu almağa qorxur.

- Əslində, o səhvləri düzəltmək redaktorun işidir. Amma indi kitabın redaktoru yazıçının həyat yoldaşı, oğlu, qızı “olur”. Siz kitablarınızın redaktəsini kimə həvalə edirsiniz?

- Mənim üç redaktorum var, peşəkar redaktorlardır. Onlar üsluba dəymir, mənim öz stilim var. Dünyada bütün yazıçıların komandası var, insan özbaşına kitab yaza bilməz. Mütləq nəsə səhv buraxacaqsan. Mən romanımı redaktora verməmişdən əvvəl özüm bir daha oxuyub redaktə edirəm. Kitabı yazıb-qurtarandan sonra 15 gün kitabdan uzaq dururam. Sonra bir daha yaxınlaşanda adam öz səhvlərini görür. Mənim redaktorlarım romanımda 5 faiz səhv tapırsa, səhvin 95 faizini özüm tapıram.

- Bəs romanın həcmini kiçildəndə onun məzmununa xələl gəlmir?

- “Yetmiş yeddinci gün” romanım burda çap olundu, onu Türkiyədə də yayınlamaq istədilər. İngilis dilinə də tərcümə edilir. O kitabı Türkiyəyə göndərəndə onun üzərində işlədim, orda elə məqamlar varıydı ki, türk oxucu üçün maraqsız ola bilər. Hər ölkəylə onun diliylə danışmaq lazımdır. O romanım mürəkkəb strukturlu əsərdir. İndi o-onu sevdi, ayrıldı, öldürür, macəra, bu kimi mövzular maraqsızdır, fərqli nəsə yazmaq lazımdır.

“Sonuncu ölən ümidlər” romanımdan sonra ağzıgöyçəklər deyirdilər ki, Varis ciddi ədəbiyyat yazmır, yüngül ədəbiyyat yazır. Ona demək olardı, o balletrestika idi. Amma filoloq, minlərlə kitab oxuyan bir adam kimi deyə bilərəm ki, “Yetmiş yeddinci gün” artıq ciddi ədəbiyyatın gözəl bir nüsxəsidir. Əsər çox sevildi, hətta Türkiyə universitetlərinin birində dərs vəsaiti kimi kimi qəbul olundu. Mənim kitabımdan imtahan verirlər, bu, mənim üçün fəxrdir.

- Türkiyədə, İngiltərədə sizdən necə xəbər tutdular?

- Tərcümə və yazıçılıq, ümumiyyətlə, iki cür olur. Bütün dünyada nəşriyyatlar satış şəbəkəsi qurur, yazıçının romanları satır, pulunu qazanır. Amma bizdə necədir? Azərbaycanda əli qələm tutan, cümlə qura bilməyən adamlar yazdıqlarını, üstündə də pulunu mətbəəyə verirlər, çap edirlər. Sonra da şərəfli bir iş kimi dost-tanışa paylayırlar ki, mənim kitabım çıxıb. Əfsus ki, tərcümədə də vəziyyət belədir. Bir də eşidirsən ki, filan yazıçının Amerikada kitabı çıxıb. Yazıçı burda əsərini xarici dil müəlliminə tərcümə elətdirir, aparır xarici ölkəyə, pulunu verir, çap etdirir. Orda 4-cü, 5-ci dərəcəli mətbəələr kitabı çap edirlər, ad olur ki, filankəsin filan yerdə kitabı çıxdı. Bu, gözə kül üfürməkdir.

Bir dəfə ağsaqqal bir kişi gəldi ki, maşınımı satıb kitabımı çıxartdırmışam. Dedim, nəyə lazım idi axı bu? Dedi, içimdə poeziya var. Hansı ki, oxuyanda adamın əti tökülür. Bu, nə dəbdi axı?

Ya kimsə portfelini qoltuğuna vurub gəlir “Qanun” nəşriyyatına, Şahbaz müəllimə deyir ki, qadanalım, kitabımı çap elə. Öz puluya çap edərlər, amma nəşriyyat hesabın çap eləmək, satmaq və yazara faiz vermək, bunu eləməzlər.

Amma mənim kitablarım necə oldu xaricə gedib çıxdı? Mən ilk kitabdan oxucu rəylərini toplayıram. O rəylərdən görünürdü ki, bir çox ölkələrdən oxucum var. 25 minə yaxın oxucu rəyim var. Xarici ölkələrdəki oxucularım da azərbaycanlılar idi. Sonra kitablarım yavaş-yavaş Cənubi Azərbaycana gedib çıxdı. Kitabı çap etmək təklifi ilk dəfə İrandan gəldi, amma onlar müəyyən redaktələr etmək istədiyindən razılaşmadım. Azərbaycanın nəyinisə təbliğ edən hissələri lazımsız bilirdilər.

İkinci təklif Özbəkistandan gəldi. Orda ayrıca kitab kimi yox, bestseller qəzetdə iki romanımı çap etdilər. Astronomik tirajla – 126 və 140 min tirajla.

Sonra Türkiyədən təklif gəldi, ard-arda iki kitabım çıxdı. Orda “Son məktub” romanım sakit səmada şimşək kimi çaxdı. O kitabım satışına görə ən populyar kitab reytinqinə - “1000 kitab.com”a düşdü. 60 min kitab reytinqində romanım 182-ci yerdədir.“1000 kitab.com” reytinqinə düşən ilk azərbaycanlı mənəm. Üç romanım rus və ingilis dilinə tərcümə edilib. “Son məktub” romanımda ingilis qızı Qloriyanın sevgisindən də bəhs edilib, ona görə ingilislərdə maraq oyandı. Dünyanın ən böyük kitabxanası olan Birminqem universitetindədir. Romanı universitetin əsas fonduna daxil etmək üçün müraciət etdilər, mən də beşəlli razılaşdım.

- Sizcə, sizin romanlarınız oxucuya nə verir?

- Mənim üçün çox xoşdur, hansısa oxucu yazır ki, mən xərçəng xəstəliyinə tutulmuşam, sizin kitab məni həyata qaytarır. “Əzilmiş fotoşəkillər” romanıma görə 100-dən artıq insan yazıb ki, mən intihar edəcəkdim, amma sizin kitabınızı oxuyub, çəkindim. “Sonuncu ölən ümidlər”dən sonra nə qədər adam yazdı ki, həyat elə gətirmişdi, pis yola düşmüşdüm, əsəri oxuyub tövbə etdim.

- Bəs niyə sizi ciddi ədəbiyyat adamı kimi qəbul etmirlər?

- Məncə, elə deyil. Birinci kitabımdan sonra belə söhbət vardı. Ciddi qəbul olunmaq nəyə deyirlər? Azərbaycan hökumətinin ali mükafatını almışam. Ən yaxşı tənqidçilər - Vaqif Yusifli, Nizaməddin Şəmsizadə haqqımda yazıblar. Hətta Yazıçılar Birliyinin sədri Anar müəllim də mənim haqqımda müsbət sözlər deyib.

Kitab oxunmayan, maksimum tirajın 500 olduğu ölkədə böyük iddiayla ədəbiyyata gəlmək olardımı, yox. Mən də itib-batacaqdım. 5 ildə kifayət qədər uğurlarım var, rəsmi olaraq ən böyük tirajlı yazıçıyam. Qeyri-ciddi yazıçının “1000 kitab” reytinqinə düşməyi gülünc bir şeydir. “Ciddi və qeyri-ciddi yazıçı” termini bircə Azərbaycandadır. Onlar Çingiz Abdullayevi də, PauloKoelyonu da, Xalid Hüseynini də qeyri-ciddi hesab edirlər. Ciddi bircə klassik yazıçılardır? Bir dənə ad eşidiblər – FransKafka. Heç onun bir əsərini də oxumayıblar. Azərbaycanda kafkaşünaslar peyda olub. Mənə “qeyri-ciddi” deyənlər uğura çatmayan adamlardır. Onda bir dənə ciddi əsər ortaya qoysunlar. Mən kənara çəkilib öz işimlə məşğul oluram.

Yazıçı şəraitə uyğun hərəkət etməlidir. Biz analiz etdik ki, Azərbaycanda statistik oxucu kimdir? Baxdıq ki, tələbə xanımlardır. Tələbə xanım nə oxuyur? Təbii ki, sevgi, hiss-həyəcanla dolu əsərləri. Bütün bunlara uyğun ilk romanımı yazdım. “Sonuncu ölən ümidlərdir” müstəqil Azərbaycanda ən çox çap olunan kitabdır, 5 dəfə təkrarən nəşr edilib. Oxucunun dalınca qaçmaq lazımdır. Müəyyən vaxtdan sonra 20-30 min oxucun var, onda oxucunu öz ardınla apar. Hələ ki, ədəbiyyatda öz sözümü deməmişəm, nə olacaqsa, bundan sonra olacaq.

Yazarlarımız oxucunun ətəyindən yapışırlar ki, qurban olum onu oxuma, məni oxu. Mənim belə bir problemim yoxdur.

- Onda belə çıxır ki, yazarlar sizi qısqanırlar?

- Əlbəttə, qısqanclıqdır. Ümumiyyətlə, Azərbaycanda bineyi-qədimdən ədəbiyyat adamları arasında bir-birinə qarşı ədavət var. Son vaxtlar yazarlar bir-birlərinə hədyanalar deyir. Axı adama nə qədər sataşarlar? Təəssüf ki, bizim hörmətli Anar müəllimə, Elçin müəllimə də hədyanalar yazılır, Anarı məcbur edirlər ki, onlara cavab versin. Yaşlılar gənclərin istedadını boğurlar, düşmən kimi baxırla r ki, taxt-tacıma sahib çıxacaqlar. Bir dənə qotur kitab yazanlar ədəbi zirvədə dayananlara həcv yazırlar, biabırçılıqdır. Yazıçılar bir-birlərinin haqqında söz deməkdənsə, oturub əsərlərini yazsınlar. Ay başına dönüm, bundan ötrü tənqidçi var da.

- Amma onlar sizinlə rəqabətə girməyi belə lazım bilmirlər. Amma siz də elə bil “Muxtar respublikasınız”. Bu, istedadın arxayınləğıdır, yoxsa oxucu çoxluğunun?

- Bir dəfə o yazıçılardan biri ilə “Ali və Nino”dan qonorarımızı alanda rastlaşdım. O, 7 manat qonorar alırdı, mən isə 1200 manat. Elə həmin vaxt məni bəyənməyən o yazıçı ilə baxışdıq.

Mən hələ özümü böyük yazıçı hesab edə bilmərəm. Böyük əsərlər 50-55 yaşlarında ortaya qoyulur. Ancaq Dostoyevski və Kafkanı yazıçı hesab etmək gülüncdür.

Mən kitabımı bestseller qaydalarına uyğun yazıram. Bu gün dünyada populyar olan yazıçıların, demək olar ki, hamısı eyni stildə yazırlar. Fikir ədəbiyyatı ilə yazası olsaq, əsər öləcək. Orda mütləq hadisə olmalıdır. Bu günün ədəbiyyatını 100 il bundan qabağın ədəbiyyatı ilə müqayisə etmək yanlışlıqdır.

- Ancaq birmənalı olaraq kütləyə hesablanan ədəbiyyatı da düzgün hesab etmək olmaz axı. Ona qalsa, televeziyada biabırçı verilişlər var ki, çoxluq onlara baxır. Bu, o demək deyil ki, o, yaxşı verilişdir.

- Televiziya verilişləri və musiqi auditoriyaya pulsuz çatdırılır. Televiziyaya baxmayan adam yoxdur. Amma ədəbiyyat tamam başqa şeydir. Kitab pullu əmtəədir, kitabda kütləvi zövq yoxdur. Üç nəfərdən biri kitab oxuyur, amma üç nəfərin üçü də musiqi dinləyir. Kitab oxuyan insanın obrazını yaradıb, ona uyğun kitab ünvanlamaq yazıçının borcudur. Yazıçı kitabını yazdı, onu oxudular, bazara girə bildisə, deməli, onu qəbul etmək olar.

Kitabda kütləvi zövq təkcə pornoqrafiyada ola bilər. O da ki, yaşlı adamları cəlb etmir.

- Siz oxucularınızın səviyyəsindən razısınız?

- Bu gün mənim statistik oxucumun yaşı 29-dur. Aşağı səviyyəli oxucular var, onlar o dəqiqə hiss olunur. Amma bir dəfə biri mənə yazmışdı ki, ilk dəfə sənin kitabını oxudum, amma səndən sonra 100 başqa kitab da oxudum. Qoy elə məni bəyənməyən bədnam yazarlar da götürüb oxusunlar o kitabı, onlar özləri də oxunsun. Mənim hesabıma onlar da oxucu qazanır. Bir türk yazar mənə zəng vurub ağlayırdı ki, siz “Son məktub”da necə belə dramatizm yarada bilmisiniz?

Mənim oxucularım arasında dövlət qulluqçuları, millət vəkilləri, hətta nazirlər də var.

- Bunu hardan bilirsiniz, sizə romanlarınız haqda hər hansı rəy bildiriblər?

- Hə. Təbii ki, 100 adamdan biri rəy bildirir. Mənim üçün hər cür oxucu qiymətlidir. Deyirlər, idmançılar kitab oxumur, amma mənim oxucularım arasında dəfələrlə dünya çempionu olan adamlar var. Mənim hər təbəqədən oxucum var.

Hətta əsgərlər də məni oxuyurlar. Bir dəfə əsgərlər təlim əvəzinə, yığışıb mənim kitabımı oxuyurlarmış. Komandir kitabımı əllərindən alıb, cırıb ki, bu nədi, siz ön cəbhədə kitab oxuyursunuz?

- 6 ildə 9 romanınız çap olunub. Tez tükənməkdən qorxmursunuz?

- Ümumiyyətlə, yazıçıların ən qorxduğu şey tükənməkdir. Amma mənim belə bir qorxum yoxdur. Məni bu gün cəlb edən 14 mövzu var ki, bu barədə roman yazmaq istəyirəm. Hələ əksinə düşünürəm ki, mən yazıq neyləyim, hansını yazım?

Bir-iki yazıçı var ki, bir dənə romanı yazıb deyirlər ki, vəssalam, mən sözümü dedim, tarix yazdım, tükəndim. Bu, nə deməkdir?

- Müasir yazarlarımızdan oxuduğunuz imzalar var?

- Ad çəkmək istəmirəm. Ancaq bir neçə nəfər haqda xoş söz demək istəyirəm. “Ədəbiyyat” qəzetinə Elçin Hüseynbəyli baş redaktor gəldi və qəzeti təpədən-dırnağa dəyişdi. “Ədəbiyyat” mənim stolüstü qəzetidir. Sonra “Ulduz” jurnalına Qulu Ağsəs gəldi, necə gözəl etdi. Səlim Babullaoğlunun redaktorluğu ilə çıxan “Kitabçı” nəşri gözəldir.

Xəyal Rzanın AYB-nin mətbaut xidmətinə gəlməsi bir canlanma yaratdı.

- Yazıçıların 12-ci qurultayından gözləntiniz nədir?

-Mənə elə gəlir ki, hörmətli Anar müəllim Yazıçılar Birliyini idarə edə bilir. Çoxları elə bilir ki, Anar müəllim ondan ev, maşın istəmək üçün var. AYB-yə başqa gözlə baxırlar.

Anar müəllimin başını elə qatırlar ki, yaradıcılıqla məşğul ola bilmir.

Yazıçılar paxıllıqdan onların əleyhinə danışırlar. Ondansa birləşib ədəbiyyatdakı naşı adamları uzaqlaşdırsınlar. Bu gün elə tənqidçilər var ki, onlara 300 manat ver, zibil də yazsan, sənin haqqında yaxşı yazı yazsınlar. Bunların qarşısı alınmalıdır. Kimlərsə kitabını camaata verir ki, sən canı arasına 10 manat qoy, mətbəəyə borcum var.

- Varis bəy, qazaxlılar sizin bu rayona mənsuz olduğunuzu deyir. Amma həm də belə bir fikir var ki, siz sazlı-sözlü Qazaxın sanki pop musiqisisiniz.

- Mən Sumqayıtda doğulmuşam. Ana tərəfim qazaxlıdır. Seyid Nigari Qarabağlının nəslindənik. Ata tərəfim Qarsdan Azərbaycana köçüb. Məni ulu babam yolda, sərhəddə dünyaya gəlib deyə Yolçuyev soyadı da burdan gəlir.

Hətta qazaxlılarda belə bir fikir yaranıb ki, mən yerimi danıram. Amma ömrümdə Qazaxda 4-5 dəfə olmuşam. Hər kəsin vətəni onun doğulduğu yerdir, mən də sumqayıtlıyam.

- Sizin aksesuarlarınız həmişə diqqət cəlb edir. Deyirlər, bu görkəmlə Rusiyaya alver eləməyə gedib, varlanıb qayıdan adamlara oxşayır.

- Yox, onlar “tros sep” zad taxırlar. Qolumun boş olmağını xoşlamıram, “braslet” taxıram həmişə. “Sep”im də var, heç vaxt göstərmirəm, təsadüfən görünür. Mən bunu üstümdə bahalı bir şey olsun deyə taxmıram, sadəcə, xoşum gəlir.


QafqazPRESS.az
banner125x125 banner125x125