Milli Qurtuluş Günü münasibətilə "dəyirmi masa" keçirilib
Bu gün "Səs" qəzetində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "dəyirmi masa" keçirilib.
Trend xəbər verir ki, tədbirin məqsədini diqqətə çatdıran "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, qəzet ənənəvi olaraq dövlətimiz və xalqımız üçün maraq kəsb edən, ictimai-siyasi hadisələrlə bağlı hökumət, dövlət nümayəndələrinin, millət vəkillərinin, siyasi və ictimai təşkilatların rəhbərlərinin, ziyalıların iştirakı ilə "dəyirmi masa"lar təşkil edir. Növbəti "dəyirmi masa" isə Azərbaycan tarixinə dövlətimizin və xalqımızın xilası günü kimi daxil olmuş 15 iyun - Milli Qurtuluş Gününə həsr olunub.
Azərbaycan Prezidenti Adminstrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxışında deyib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi təkcə bu dövlətin qorunub saxlanması, onun sabitliyinin, təhlükəsizliyinin təməl prinsiplərinin hazırlanması ilə bitmədi, eyni zamanda məhz bu parçalanma prosesinin qarşısını aldı. Bu prosesin dayanması özü çox böyük tarixi hadisədir.
N.Məmmədov qeyd edib ki, o zaman çox mürəkkəb dövr idi. Bir sıra qüvvələr bütün imkanlardan istifadə edib, hakimiyyətə gəlmək istəyirdilər. Onlar ümummilli lider Heydər Əliyevin də hakimiyyətə gəlməsinə qarşı çıxırdılar. Bunun üçün müxtəlif imkanlardan istifadə edir, məhdudiyyətlər yaradırdılar. Bunlardan biri də yaş senzinin tətbiq edilməsi idi. Hətta onu müdafiə edənlər həbs edilirdi. Buna baxmayaraq, xalq ulu öndəri dəstəklədi və onu hakimiyyətə gətirdi.
PA rəhbərinin müavini bildirib ki, hakimiyyətdə olmayan dövrdə belə Heydər Əliyev yanaşması, fikirləri ilə siyasi proseslərdə fəal iştirak edirdi: "Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi o dövrdə ən mühüm hadisələrdən və mərhələlərdən biri idi. O, Azərbaycan dövlətinin maraqlarının qorunub saxlanması üçün tarixi işlər görüb".
O, qeyd edib ki, Heydər Əliyev ən çətin, müharibə şəraitində olan vaxtda Azərbaycanı elə təməl üzərində qurdu ki, Azərbaycan bu gün də məhz həmin təməl üzərində inkişaf edir: "Bizim bu günümüz də Heydər Əliyevlə bağlıdır. Biz hər gün onun ruhunu, fikirlərini, mövqeyini mürəkkəb proseslərdə görürük, hiss edirik, duyuruq".
N.Məmmədov uzun illər keçməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyev kimi şəxsiyyətə rast gəlmədiyini də açıqlayıb: "Mən onunla 7 il bir yerdə işlədim. 70-80 ölkənin rəhbərləri ilə onun yanında iştirak edib görüşlərdə oldum. Səmimi deyirəm, bu dövr ərzində mən ona bərabər ikinci bir dövlət başçısı, rəhbəri, şəxsiyyət görə bilmədim. Hətta ondan sonra da ikinci belə bir adam görə bilmirəm".
Siyasi prosesləri təbiətdə zəlzələ və vulkanlarla müqayisə edən Novruz Məmmədov deyib ki, Azərbaycan elə bir mövqedə yerləşir ki, əslində o, "zəlzələlər"in, "vulkanlar"ın mərkəzidir: "Heydər Əliyevin qoyduğu təməl prinsipləri üzərindəki yolu indi xalqına, dövlətinə, millətinə bağlı olan prezident İlham Əliyev davam etdirir. Sabitliyin bu günədək davam etməsi Heydər Əliyev dühasının töhfəsidir. Eyni zamanda, bu sabitlikdən əlavə, böyük inkişafın olması Azərbaycanın müstəqillikdən sonra böyük tarixi nailiyyətidir. Bizim sabitliyimiz və inkişafımız heç bir ölkə ilə müqayisə oluna bilməz".
Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Eldar İbrahimov 20-ci əsrin 90-cı illərinin əvvəlində, Azərbaycanın müstəqilliyinin ilk aylarında Naxçıvan Muxtar Respublikasındakı ağır ictimai-siyasi vəziyyətdən, ulu öndər Heydər Əliyevin Naxçıvana qayıtmasından və YAP-ın yaradılmasından sonra vəziyyətin yaxşılığa doğru necə dəyişməsindən bəhs edib. Onun fikrincə, ölkədə stabilliyin və əmin-amanlığın yaranmasında, Azərbaycan xalqının səfərbər olmasında YAP-ın xüsusi rolu olub.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, 1993-cü ildə separatçı Əlikram Hümbətovun Talış-Muğan Respublikası yaratması, Sürət Hüseynovun rəhbərliyi ilə Gəncədə üsyanın baş verməsi həmin dövrdə ölkədə ictimai-siyasi vəziyyətin necə ağır olduğunun göstəricisidir. Məhz belə bir çətin dövrdə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ölkəni parçalanmadan, fəlakətlərdən xilas etdi.
"Dəyirmi masa"da çıxış edən "Azərbaycan" nəşriyyatının direktoru, Ağabəy Əsgərov, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, "İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və digərləri müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdiyini və bu baxımdan Azərbaycanın varlığının məhz1993-cü ilin 15 iyunundan başladığını bildiriblər.
Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanın inkişafını daha da sürətləndirib. Bu isə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamlığından xəbər verir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR