Bu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir - VİDEO
Bir müddət əvvəl avtomobillərdə dəbdə olan səs siqnalları, sayrışan işıqlar yenidən gündəmə qayıdır. Son zamanlar yollarda sayrışan işıqlarla bəzədilən, müxtəlif səs siqnalları quraşdırılan avtomobillərlə tez-tez qarşılaşırıq. Axşam saatlarında bu işıqlandırmalar gözyorucu ola bilir. Bəlkə də sayrışan işıqlardan istifadə edən sürücülər avtomobillərinin yollarda “yolka” kimi göründüyünün fərqində belə deyillər.
Avtomobillərə əlavə qurğuların quraşdırılması qanunla qadağandır. Bəziləri qanunun tələblərinə tabe olmaqdan boyun qaçırır.
Əslində, gecə saatlarında baş verən qəzaların bir səbəbi də məhz qarşıdan gələn sürücünün rəngli işıqlardan istifadə etməsidir. İstər stop işıqlarına, istərsə də avtomobilin ön fənərlərinə əlavə sayrışan işıqlar quraşdırmaq digər hərəkət iştirakçılarının fikrini yayındıra bilir.
Sürücülər nə üçün avtomobillərə əlavə qurğuların quraşdırılmasına bu qədər meyillidir? Ümumiyyətlə, nəqliyyat vasitələrinə quraşdırılan əlavə qurğuların hansı təhlükəsi var?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, avtomobilin konstruksiyasına edilən bütün müdaxilələr birbaşa təhlükəsizlik sistemini zəiflədir:
“Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinin 3-cü bəndində qeyd olunub ki, xarici işıq cihazlarının miqdarı, tipi, rәngi, yerlәşmәsi vә iş rejimi nәqliyyat vasitәsi konstruksiyasının tәlәblәrinә uyğun olmadıqda, bu, nasazlıq yarada bilir. Sözsüz ki, avtomobillərə quraşdırılan işıqlar və digər avadanlıqlar onun standart iş rejimini pozur. Bu isə inzibati xəta tərkibi yaradır.
Sözügedən xətalara yol verən şəxsləri İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə gözləyir. Eyni zamanda, İXM-nin 342.2.2-ci maddəsinə əsasən, avtomobildə standartlar pozulmaqla avadanlıqların yığılması və ya çıxardılması da qadağandır. Yəni, sürücülərin öz zövqünə uyğun, fərqli görünmək üçün işıq cihazlarının avtomobilə quraşdırılması yol verilməzdir”.
Müdaxilələr səbəbindən avtomobilin alışma ehtimalının olub-olmamasına münasibət bildirən K.Əliyev həmin qurğuların avtomobilin akkumulyatorundan qidalandığını xüsusi vurğulayıb:
“Əgər nəqliyyat vasitəsində bu kimi qurğulara ehtiyac olsaydı, istehsalçı şirkət, zavod özü bu müdaxilələri edərdi. Əlavə işıq qurğularının standartların tələblərinə uyğun olmayan şəkildə yanıb-sönməsi gərginliyin anidən artıb-azalmasına səbəb olur. Bu halda təbii olaraq, naqillərdə qızma ola bilər. Naqillərin qızması isə avtomobilin qəflətən alışmasına gətirib çıxara bilər.Bundan başqa, həmin işıqlar digər hərəkət iştirakçılarının - sürücülərin gözlərini qamaşdıraraq idarəetməni itirmələrinə səbəb olur. Bu halda qəza şəraitinin yaranması da istisna edilmir. Sözsüz ki, avtomobilin sabit, bir rəng stop işıqlarına quraşdırılan sayrışan işıqlar inzibati xəta tərkibi yaradır. Bu da İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbini pozur. Bu halda həmin maddənin tələbini pozan predmetin müsadirə edilməsi ilə avtomobilin sürücüsünü 500 manatdan 800 manata qədər cərimə gözləyir. Bu kimi hallarda məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur. Cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir”.
Xatırladaq ki, istehsalçı tərəfindən nəzərdə tutulan işıq cihazları istisna olmaqla, "Yol hərəkəti haqqında" qanuna əsasən, ön fənərlərdə ağ, sarı və narıncı rəngdən savayı başqa işıqların istifadəsi qadağandır. Əks halda, İnzibati Xətalar Məcəlləsinin (İXM) 155.2.2 maddəsi ilə 150 manat miqdarında cərimə nəzərdə tutulur. Həmçinin, nasazlıq aradan qaldırılan müddətə qədər avtomobil cərimə meydançasına da aparıla bilər.
Avtomobilin dövlət qeydiyyat nişanına standart olmayan işıq cihazlarının quraşdırlması qanunla qadağandır. Əks təqdirdə İXM-in 342.2.2 maddəsinin tələbləri pozulur və 150 manat məbləğində cərimə nəzərdə tutulur. Həmin işıq cihazı sökülməsə, avtomobil cərimə meydançasına aparıla bilər.
İXM-in 329.3. maddəsi ilə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulmasına görə, 30 manat məbləğində cərimə nəzərdə tutulur.
İXM-in 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Qanuna görə disklərin, avtomobilin altının və işıqyuyucularının başlıqlarının işıqları xarici işıq cihazı hesab edilmədiyi üçün bu halda cərimə nəzərdə tutulmur.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR