» » Pandemiya ilə əlaqədar iş saatı azaldılsın - Təklif

Pandemiya ilə əlaqədar iş saatı azaldılsın - Təklif

Müəllif: Səma Zərdablı
//
Tarix: 07 dekabr 2020
//
Bölmə: Sosial
Pandemiya ilə əlaqədar iş saatı azaldılsın - Təklif


Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar işçilərin iş saatının azaldılması və işçilərin mütləq əksəriyyətinin onlayn qaydada işləməsi təklif edilir.
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə açıqlamasında bildirib ki, hazırda ölkəmizdə koronavirusun yayılması sürəti olduqca yüksəkdir. Son günlər ərzində sutkalıq yoluxma sayının 4000-i ötməsi yeni tədbirlərin görülməsini zəruri edir.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən özəl müəssisələrə də işçi sayında 30 faizlik limitin tətbiqi tövsiyə edilsə də, bir çox müəssisələr buna əməl etmirlər:
"Biz müşahidə edirik ki, bir çox müəssisələrdə bütün işçi heyəti işə gəlir. Bundan başqa, onlar həmişə olduğu kimi adi iş rejimində çalışırlar. Buna görə də təklif edərdim ki, pandemiya dövründə işçilər səhər 9-dan axşam 6-ya kimi 9 saat deyil, gün ərzində heç olmasa, 5-6 saat işləsinlər. Çünki bu, həm işçilərin işə növbə ilə gəlməsinə imkan yarada, bir otaqda olan və gündəlik olaraq, bir-biri ilə təmasda olmağa məcbur olan işçilərin sayını azalda bilər. Digər tərəfdən, gün ərzində çox işləmək insanın immunitetini aşağı salır. Gərgin iş saatında işləyənlər üçün isə stress immuniteti aşağı salan ən birinci amil sayıla bilər. İmmunitetin aşağı düşməsi isə insanları virusa daha tez yoluxdurur".
Hazırkı dövrdə işçilərin məsafədən, yəni onlayn qaydada işləməsinin daha düzgün olduğunu deyən Y.Abdiyeva qeyd edib ki, informasiya texnologiyalarının inkişaf etdiyi indiki dövrdə bunu bəzi sahələr istisna olmaqla, bir çox yerlərdə tətbiq etmək olar.
Mütəxəssis bildirib ki, Azərbaycanda ən yüksək yoluxma sayının qeydə alındığı ərazi Bakı şəhəridir. Eyni zamanda, iş yerlərinin çoxu da bu şəhərin payına düşür. Buna görə də ilk Bakı şəhərində işçilərin onlayn qaydada işləməsi təmin edilməli, burada çalışanların iş saatı qısaldılmalıdır.
banner125x125 banner125x125