Çoban Xanışın oğlunun arvadını öldürməsi ilə bağlı icra hakimiyyətindən açıqlama
Dünən axşam saatlarında Lerikdə ağır cinayət hadisəsi baş verib
13:45
““Çoban Xanış”ın oğlu Nazim Şahıyevin həyat yoldaşı Səkinə Əliyevanı döyməsi barədə Rayon İcra Hakimiyyətinə heç bir məlumat daxil olmayıb".
Bu sözləri publika.az-a açıqlamasında Lerik rayon icra başçısının humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova deyib.
“Bu, Nazim Şahıyevin üçüncü məhkumluğudur. O, əvvəl də narkotik maddə istifadə etdiyinə görə həbs edilib. S.Əliyevanın həyat yoldaşı 2010-cu ildə həbsdə olanda qaynı İcra Hakimiyyətinə müraciət edib, qadının iki azyaşlı uşağına baxması üçün işlə təmin edilməsini xahiş edib. Biz də müraciəti dəyərləndirib, S.Əliyevanı 2010-cu ilin avqustundan rayon mərkəzi xəstəxanasında xadimə işinə düzəltdik. Bu qadın hər zaman nəzarətimizdə olub”.
A.Vəliməmmədova bildirdi ki, bu şəxslər boşanıblar, ailəli olmadıqlarına görə, müdaxilə etmək mümkün olmayıb. Onun sözlərinə görə, yalnız müraciət edildiyi halda İcra Hakimiyyəti hadisəyə müdaxilə edə bilərdi:
“Həm də qadın problemləri ilə məşğulam, müraciət olsaydı, bu fakt dəyərləndirilərdi, azyaşlılar üzrə komissiya addım atardı, polis məlumatlandırılardı. Polisə müraciəti istisna etmirəm, onlar da yəqin, lazımı tədbirlər görüblər. Bundan başqa, biz N.Sahıyevin hələ də həbsdə olduğunu bilirdik”.
A.Vəliməmmədova bildirdi ki, S.Əliyevanın iki azyaşlı uşağı barədə onun yaxınları qərar verəcəklər.
Lerik Rayon Polis Şöbəsinin rəisi Hüseynəli Məlikov isə S.Əliyeva tərəfindən dəfələrlə müraciət edildiyini və ona uyğun tədbirlər gördüyünü deyib:
“S.Əliyeva ilə N.Şahıyev ailəli olmayıblar. Məhkəmə qərarına əsasən, boşandıqdan sonra onların bir evdə yaşamasına icazə verilib. N.Şahıyev də ifadəsində bildirib ki, o yenidən barışmaq istəyib. O, uşaqlarına görə barışmaq istədiyini deyib, lakin S.Əliyeva razı olmayıb, əsəbləşib onun üzqırxan əşyalarını, dəsmalını həyətə atıb. Daha sonra “102”yə zəng edib, polislər hadisə yerinə çatana qədər N.Şahıyev onu öldürüb. İndi peşman olduğunu desə də, bunun heç bir əhəmiyyəti yoxdur”.
Xatırladaq ki, “Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşı Əliyeva Səkinə Şaban qızını qətlə yetirib.
Mərhumun yaxınları publika.az-a deyiblər ki, o, bir neçə dəfə ərizə ilə Lerik Rayon İH-nə və rayonun hüquq-mühafizə orqanlarına müraciət edib ki, həyat yoldaşı tərəfindən təhdid edilir və onu qətlə yetirə bilər. Amma bu müraciətlərə heç bir reaksiya verilməyib.
---------
13:09
Keçmiş arvadını bıçaqlayaraq öldürən Lerik sakini saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 6-da Lerik şəhərinin ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Şahıyev münaqişə zəminində keçmiş arvadı Səkinə Əliyevaya bıçaqla xəsarətlər yetirib. Xəstəxanaya yerləşdirilmiş S.Əliyeva orada ölüb.
Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Şahıyev tutulub.
---------
09:47
Milli.Az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Çoban Xanış kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşını qətlə yetirib.
Mərhumun yaxınları qeyd ediblər ki, ailədə tez-tez baş verən dava-dalaş zamanı həyat yoldaşı onu öldürəcəyini deyirmiş. Mərhum dəfələrlə bu barədə rayon hüquq-mühafizə orqanlarına müraciət edib, lakin heç bir tədbir görülməyib.
Qeyd edək ki, Nazim Şahıyevin qətlə yetirdiyi həyat yoldaşı iki uşaq anasıdır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR