» » Səlim Müslümovdan daha bir yeni təyinat

Səlim Müslümovdan daha bir yeni təyinat

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 may 2014
//
Bölmə: Sosial
Səlim Müslümovdan daha bir yeni təyinat



Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə layihəsi olan “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin öz əsas komponentləri üzrə icra mexanizminin təkmilləşdirilməsi istiqamətində islahatyönümlü tədbirlərə başlanılıb.
Modern.az-ın məlumatına görə, tədbirlər çərçivəsində nazir Səlim Müslümovun müvafiq əmri ilə Elnur Süleymanov Layihənin direktoru təyin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, E.Süleymanov 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 2000-ci ildə Asiya Universitetinin hüquq fakültəsini bitirib. 2003-2005-ci illərdə Moskva şəhərində “Ali İqtisadiyyat Məktəbi” Dövlət Universiteti yanında Ali Menecment Məktəbində strateji menecmentlik ixtisası üzrə MBA dərəcəsinə yiyələnib. Rusiya Sahibkarlıq Akademiyasının aspirantıdır.

1996-2001-ci illərdə Azərbaycan Beynəlxalq Bankında, 2001-2003-cü illərdə “Allianz Group” Şirkətinin əməkdaşı kimi AFR, ABŞ və RF-da fəaliyyət göstərib. 2003-2011-ci illərdə Moskva şəhərində “ROSNO” ASC sığorta şirkətində məsul vəzifələrdə, habelə İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. 2011-2012-ci illərdə “ONEXİM GROUP” şirkətinin icraçı direktoru, 2012-2013-cü illərdə “Soqlasie” MMC-nin Baş direktoru və İdarə Heyətinin sədri, 2013-cü ilin may ayından hazırkı dövrədək NPO MAKSS GRUPP şirkətinin Müşahidə Şurasının sədri olub. Türk, rus və ingilis dillərini mükəmməl bilir.

“Sosial Müdafiənin İnkişafı Layihəsi”nin ƏƏSMN-nin institusional və insan resursları imkanlarının genişləndirilməsi, idarəetmə sisteminin və sosial təminat proqramlarının təkmilləşdirilməsi, əmək bazarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti gücləndiriləcək. Sosial müdafiə sistemində müasir tələblərə uyğun iş metodlarının hazırlanması və tətbiqi, əhaliyə xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi və bu sahədə şəffaflığın təminatı sahələrində ƏƏSMN tərəfindən aparılan islahatlarda layihənin rolu artırılacaq.

Eyni zamanda, müasir bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşan keyfiyyətli əmək ehtiyatları bazasının yaradılması, sosial təminat sisteminin təkmilləşdirilməsində yeni texnologiyaların tətbiqi, xidmət sferasında avtomatlaşdırmanın təmin olunması kimi işlərdə Layihənin imkanlarından daha səmərəli istifadə olunacaq.


QafqazPRESS.az
banner125x125 banner125x125