"Məscid bekarların yeridir, biz isə..."
İmam Baqir (ə) buyurur: "İslam Peyğəmbəri (s) Mədinə şəhərinə təzə hicrət etmişdi. Məscidin kənarında yaşayan Səd adlı bir müsəlman çox ağır vəziyyətdə yaşayırdı. O həmişə Peyğəmbərlə (s) birlikdə camaat namazında iştirak edirdi. Heç bir çətinlik onu, ibadətini tərk etməyə vadar edə bilmirdi. Peyğəmbər (s) hər dəfə Sədi görəndə çox qəmgin olurdu. Onun qərib yerdə həddindən artıq fəqir yaşaması Peyğəmbəri (s) çox narahat edirdi. Bir gün Həzrət (s) Sədə buyurdu: “Əlimə bir şey düşsə, sənə verəcəyəm".
Bir müddət keçdi. Peyğəmbər (s) Sədə kömək göstərə bilmədiyi üçün narahat idi. Allah-təala, Peyğəmbər (s) qəmgin olduğu üçün Cəbraili ona nazil etdi.
Cəbrail iki dirhəm pulla Peyğəmbərin (s) hüzuruna gəlib dedi: "Allah-təala sənin qəmgin olmağını bilir. Sədin ehtiyacını ödəmək istəyirsənmi?
Peyğəmbər (s) buyurdu: "Bəli".
Cəbrəil dedi: "Bu iki dirhəmi Sədə ver və ona de ki, bu pulla ticarət etsin". Peyğəmbər (s) o iki dirhəmi aldı və günorta namazı üçün məscidə tərəf yollandı. Yolda Sədin gördü. Peyğəmbər (s) ona buyurdu:
"Ey Səd! Ticarət edə bilərsənmi"?
Səd dedi:
"Allaha and olsun, ticarət etməyə heç bir şeyim yoxdur".
Peyğəmbər (s) iki dirhəmi ona verdi və buyurdu:
"Bu iki dirhəmlə ticarət et və Allahın ruzisini qazan".
Səd o pulu aldı və Peyğəmbərlə (s) birlikdə məscidə getdi. Namazdan sonra Peyğəmbər (s) ona buyurdu:
"Ey Səd! Qalx ayağa və ruzi dalınca get. Mən sənin bu vəziyyətindən narahatam".
Səd ticarətə başladı. İki dirhəm o qədər bərəkətli oldu ki, o pulla alınan hər bir şey çoxlu qazanc gətirirdi. Bu yolla Səd çoxlu sərvət qazandı. Onun ticarəti gündən-günə rövnəqlənirdi. O, məscidin kənarında özünün ticarəti üçün bir yer düzəltmişdi. Bilal azan deyəndə Peyğəmbər (s) məscidə gəlirdi, lakin Sədi əvvəlki kimi namazda görmürdü.
Peyğəmbər (s) vəziyyəti belə görüb Sədə müraciət etdi:
"Ey Səd, dünya malı səni namazdan ayırdı!"
O isə Peyğəmbərin (s) cavabında bəhanə gətirib deyirdi:
"Nə edim? Malımı tələf edimmi? Bir kişiyə mal satmışam, pulunu almaq istəyirəm, digərindən mal almışam, pulunu vermək lazımdır. (Bu vəziyyətdə nə cür namaza gəlim?)
Peyğəmbər (s) Sədin bu vəziyyətindən o qədər narahat olmuşdu ki, onun bu narahatçılığı Sədin kasıblığına görə keçirdiyi nigaranlıqdan da çox idi.
Bu vaxt Cəbrəil Peyğəmbərə (s) nazil olub ərz etdi:
"Allah-təala sənin Səd barədə narahat olmağını bilir. Sədin bu iki vəziyyətindən hansını xoşlayırsan? O fəqir olanda namaza və ibadətə diqqətli idi. Amma indi o, namaza çox diqqətsiz olubdur."
Peyğəmbər (s) buyurdu: Onun birinci vəziyyətdə olmağını xoşlayıram. Çünki onun sərvətli olması dinini əlindən aldı.
Cəbrəil dedi:
"Dünya sərvətinə vurğun olmaq xətərdir və insanı axirət işlərindən yayındırar. Sonra Peyğəmbərə (s) xitab edib dedi:
"Ona verdiyin iki dirhəmi ondan al. Bundan sonra onun vəziyyəti əvvəlki kimi olacaq".
Peyğəmbər (s) Sədlə rastlaşanda ona dedi:
"Mənim iki dirhəmimi vermək istəmirsən?"
Səd dedi: "Onun əvəzinə iki yüz dirhəm verməyə hazıram".
Peyğəmbər isə (s) buyurdu:
"Mən təkcə iki dirhəmimi istəyirəm."
Səd Peyğəmbərin (s) iki dirhəmini verdi. Bundan sonra Sədin yığdığı var-dövlət azalmağa başladı. Onun vəziyyəti əvvəlki səviyyəyə qayıtdıqdan sonra, ibadəti də tənzimləndi.
Bu hadisədən nəticə alırıq ki, özünü tam dünya malı ilə məşğul etmək və var-dövlətə həris olmaq insanı Allah yolundan qafil edib çəkindirər. Müasir dövrdə də belə şəxslər az deyil. Onları namaza və məscidə getməyə dəvət edəndə Sədin gətirdiyi bəhanədən gətirirlər. Misal üçün, deyirlər: "Məscid bekarların yeridir. Biz isə iş adamıyıq." Görəsən bu cür bəhanələr nə dərəcədə məntiqə uyğundur?! Nə üçün müsəlman olan şəxs vaxtını düzgün nizamlamır ki, öz dini vəzifələrini də yerinə yetirə bilsin?!
Hər müsəlman şəxsin ən ümdə vəzifəsi onu yaradan Allah qarşısında olan borcudur. Bir halda ki, Ulu Tanrıya ən əziz nemət olan canını belə borclusan, o zaman Onun göndərdiyi qanunlara riayət etməyə tələs! Bir sözlə, Peyğəmbər (s) zamanında baş verən bu hadisə dünya malına vurğun olub ibadətdən uzaqlaşan şəxslərə xəbərdarlıqdır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR