KÜLƏKLİ YAZ AXŞAMI...
ATAMA İTHAF EDİRƏM...
Yaz günlərindən biri idi... Havaların isti keçməsinə baxmayaraq, külək də bir tərəfdən öz şıltaqlığından əl çəkmir, elə bil bütün şəhərə:” Ey, məndə varam, birdən məni unudarsınız haa”,- deyərək, hər yerdə özünü biruzə verirdi: əli ilə şlyapasını tutub, addımlayan kim; toz- torpağın üz- gözünə qonmasından əl yaylığı ilə sifətini gizlədərək, tez- tez yeriyən kim və s. və i. a. Mən isə şəhərin iri parklarından birində əyləşərək, seyr edirdim bütün bu mənzərəni və düşünürdüm: “Axı bu küləkdə mənim burada nə işim var?” Birdən, yadıma düşdü ki, səhərdən bəri ürəyim bərk sığıldığından, özümə heç cürə yer tapa bilmirdim, o otaqdan bu otağa keçməkdən, divarlardakı kağızların göyümtül naxışlarının sayını əzbərləməkdən, artıq sözün əsl mənasında, bezmişdim. Odur ki, belə bir ürəksıxıcı halla qarşılaşdığım üçün, lap vulkan da püskürsəydi, mütləq evdən bayıra çıxıb, bir az gəzişməli idim. Və mən də yaxınlıqdakı parkı özümə bir neçə saatlıq məkan seçmişdim. Ancaq, deyəsən yanılmışdım: parkda ürəkaçan heç bir şey yox idi. İri skamyalara qonmuş qalın toz qatının üzərində əməli başlı yazı yazmaq mümkün idi, fontanlar mövcud olsa da, onlara nədənsə suyu qoşmaq və ana dilimizdə desək, bu fəvvarələrin gözəl göfünməsinə təkan vermək, parkın işçi heyətinin ağlına gəlməmişdi deyəsən. Hələ mən uca- uca küknar ağaclarını demirəm: külək onları o yan bu yana əyir, hərdən vıyltıyla yerindən köklü- kömələkli dartıb çıxartmaq istəyirdi elə bil, və sanki, bununla da deyirdi: “Ay siz öləsiniz, sizsiniz belə vüqarla qarşımda dim- dik dayanan? İndi mən sizi sındırım,ş əyim siz də baxın halınıza!”
Qəribədir, amma havanın küləkli olmasına baxmayaraq, hər yerdə göyərçin gəzişirdi. Maraqlıdır, insanların görünmədiyi halda və adətən belə şıltaq havalarda uçuşlarından imtina edərək, bu sülh quşları indi bütün park boyunca devrə vuvurdular, qəribə, uğultuya bənzər və harda isə, küləklə həmahənglik təşkil edən səslər çıxarırdılar. Mənim əyləşdiyim skamyaya yaxın iki göyərçin vardı. Bir göyərçin, dimdiyindəki, haradansa tapdığı çörək qırıntısını o birirnin qarşısına qoydu və uğultuya bənzər səs ifadə etdi. Yəqin,ş öz quş dilində: “ Al, götür, sənin üçün gətirmişəm,”- deyirdi. Ola bilsin ki, çörək qırıntısını taparaq gətirən quş- erkək idi və digəri də dişi idi ki, bu biri quş digərinin qayğısına qalmağa bu cür çalışırdı. “Ah, bircə onların dilini anlasaydım,- fikirləşdim,- vəfasız insanlardan, bu yalan dolu həyatdan uzaqlaşaraq, bütün günü onlarla söhbət edərdim.” Elə bu məqamda da məşhur misralar düşür yadıma: “O quş dilidir, onu Süleyman bilir ancaq!”
Park tamamilə ürəyimi darıxdırıdı ki, birdən uzaqdan, mənə sarı gələn iki nəfəri gördüm: “Bunlar da deyəsən, mənim ağıldadır,- ağlımdan keçdi,- bəlkə də sevgilidirlər?” Amma, onlar yaxınlaşdıqca, aydın oldu ki, gələnlər: yaşı 45-50 arası olan kişi və onun qoluna qirmiş 14- 15 yaşlarında olan bir qız idi. Görəsən bunlar kimdirlər və nə əcəb bu havada gəzməyə çıxıblar?- ani olaraq dolaşıq suallar beynimdə canlanmağa başladı. Yanımdan keçərkən, diqqətlə nəzər saldım onlara: diqqətlə nəzər saldım onlara: Kişinin gözündə qara eynək vardı və çox güman ki, yanındakı onun qızı idi. Elə bu an, xırıltılı bir səs gəldi: “Yəqin onlar sizin üçün maraqlıdır? “ Cəld səs gələn tərəfə baxdım, əyləşdiyim skamyada, məndən bir az aralı, təqribən 50- 55 yaşlarında gursaçlı və topabığlı, qırmızısifət kişi oturmuşdu. “Aman Allah, bu nə vaxt gəlib bura?”- istər- istəməz karıxdım. Yəqin, çox fikirli olduğumdan və ya diqqəttimi ata- balaya yönəltdiyimdən, onun necə gəldiyini duymamışam... Bəlkə də ola bilər ki, bu insanın ayaq səslrini küləyin vıyıltısı üstələyib ki, bu da mənim onun gəlişindən xəbərsiz olduğuma bir daha işarət edirdi. Qədim rus atalar sözü yadıma düşdü: “Çağrılmayan qonaq tatardan da betərdir.” Odur ki, tatardan da betər kişiyə bərk narazılığımızı bildirmək üçün, üz- gözümü turşutdum. “Bəs necə?! İzin almadan yanımda əyləşməyi bir tərəfə, hələ məni yersiz suallarlada eyməndirir! Amma bir anlıq düşündüm: sual doğrudan da yersizdirmi? Odur ki, maraq mənə güc gəldi və özümdən asılı olmayaraq, tez kişiyə bir sualla müraciət etdim: “Siz onları tanıyırsınız?” Kişi ürəkləndi: “Bizimlə bir blokda yaşayırlar”- dedi. Ata- baladırlar. Sözü gedənlər isə yanımızdan asta addımlarla ötüb, bizə yaxın bir skamyada oturdular.” Öz- özümə- “nədənsə bu insanlar həmişə bir birlərinə yaxın olur, elə bu boyda parkda da gəlib oturublar düz yanımda. Eh, ondansa evdə oturub, divardakı oboyların göyümtül naxışlarının sayını əzbərləmək yaxşı idi.” Yəqin, yenə də külək günahkardır. Sanki, soyuqdan qorunmaq üçün, elə bir- birinə sığınır insan evladı. Əvvəldən də belə olub, bundan sonra da belə olacaq... Nə isə, deyəsən, çox fəlsəfi danışdım. Dönüb atayla qıza baxdım: qız atasının əllərini buraxıb, çiynindən asılmış köhnə çantasından bir alma çıxarıb, kişiyə verdi- atası əli ilə “yox” işarəsini göstərdi. Ağlıma gələn ilk fikirdən yayınmağa çalışdım, dilimə gətirməyə ehyat edirdim,- amma qırmızısifət kişi elə bil fikirlərimi oxuyurdu: “hə, o kordur,- dedi- 2 il olar ki, bu vəziyyətdədir.” “Bəs əvvəl?”- mən sual verdim. “Oh, əvvəllər o çox mötəbər bir yerdə, vəzifəli bir şəxs olub. Amma nkn nl əvvəl bağ evlərində qaz balonu partlayıb, sən demə, külək balona calanan kəməri ayırıb, nəticədə dəhşətli yanğın baş verib və kişinin bütün bədəni yanıb, ən pisi isə odur ki, gözləri kor olub. “Bəs qız, bəs anası, bəs başqa kömək edən- filan? Mən səbirsizliklə sualları yağış kişinin başından aşağı yağdırdım. Həmsöhbətim başını yellədi: “Bu faciə baş verəndən sonra, arvadı on yaşında oğlunu da götürüb, gedib evdən, keçən il isə, onun başqa adama ərə getdiyini eşitdim.” Bu sözdən sonra lap əhval- ruhiyyəm pozuldu. “Bəs qız, yəni ana qızına heç baş çəkmir?”
- “Eh, nə vecinə? Bir iki dəfə gəldi, getdi qızın dalınca, amma qız razı olmadı onunla getməyə. Dedi- Atamla qalacam, vəssalam.”
-“İlahi, bu gün necə də ağır gündür!”- düşündüm. Mən bu qızcığazı çox gözəl anlayırdım. Illərdir, qəlbimdə xoşgəlməz xatirələr baş qaldırdı bir anda. Bütün vücudum titrədi. Qırmızısifətkişi sanki bütün bunları hiss edirmiş kimi dilləndi: “Amma siz narahat olmayın onlara görə, ata-bala bir biriləriylə can deyib, can eşidirlər. Qızı evin bütün işlərini görür. Əhsən belə qıza! Hələ camaat onun məhkəmədə anasına dediyi sözlərdən danışır. Anasına- “ sən atamı atmısan, mən də səndən imtina edirəm,”- deyib. Mən çevrilib qıza baxdım: nimdaş paltarı, səliqəsiz hörülmüş 2 cüt hörüyü ona qayğısızlığından xəbər verirdi. Hələ üzündəki sarsıntı qarışıq iztirabı demirəm. Ağbəniz çöhrəsinə elə bil uzun illərin qayğısı hopmuşdur. Arıq vücudu yaxşı qidalanmadığını göstərirdi, amma olduqca xoşa gəlimli və nurlu siması vardı.
Qırmızısifət kişinin isə çiyinlərinə elə bil ilham pərisi qonmuşdur. Elə hey,ş bəziyib düzüyüb, bədii cümlələrlə qeybətini davam etdirirdi. Izaholunmazdır, amma məndə sakit dinləyirdim bütün söylədiklərini. Elə bil tilsimə düşmüşdüm, heç sualda vermirdim. Və qəflətən, kişinin son sözləri elə bil dərin yuxudan oyatdı məni: “Arvadı heç əvvəllərdə düz- əmılli qadın olmayıb. Kasıb ailənin qızı olub, gətirib özünə arvad edib, banka işə qoydurub, bahalı maşın- filan, hələ burnunu zadı da kəsib, düzəltdirib, bu zalım qızı da bəyənməyib də onu! Hələ yazıq kişinin gözləri görürdü, gözünün qabağında aldadırdı yazığı. Allah da yəqin deyib, əşşi sənin görməyin ya görməməyin onsuzda eyni şeydir! Qadının adı da bilirsiniz nə idi? Rüzgar. Elə külək kimi əsirdi gah o yana, gah bu yana. Bu külək lap əvvəldən düşməyib kişiyə. Əlilliyi də elə küləyin ücbatından olub. Hələ Rüzgar adlı arvadı nələr çəkdirib ona! Bütün blokun kişiləri evlərində idi, kişi işdə olanda. Mən özümdə çox yaxından tanıyırdım onu, lap yaxından...Çevrilib, nifrətlə dolu baxışla qırmızısifət kişiyə baxdım: o, gözlərini qıyıb, qımışa- qımışa atayla qız tərəfə baxırdı. Mən istər- istəməz bayaqkı göyərçinləri xatırladım: bu insanlar şüursuz heyvanlar qədər də deyillər...
Elə bu vaxt, qız atasıyla ayağa qalxıb, gəldikləri yolu yanımızdan keçib, geri döndülər: “Qızın zərif, nəvazişlə dolu səsi eşidilirdi: “Hava küləklidir, ata, Xəstələnərsən, sonra bizdə əvvəlki kimi gəzə bilmərik səninlə...”
Gözlərim doldu. Sanki, ana balasını dilə tuturmuş kimi rəftar edirdi atası ilə. Ata ysə sakitcə başını tərpədirdi. Əli qızının əlində yollarını davam edirdilər.
Yaxşı ki, tənha deyil,”- düşündüm və cəld ayağa qalxaraq, yanımda əyləşən tatarabənzər qırmızısifət kişiylə sağollaşmadan, addımlamağa başladım... Arxamca kişinin xırıltılı səsi gəlirdi: ”Deyəsən, söylədiklərimdən xoşunuz gəlmədi. Amma düz söz qeybət deyil, bunu allah da deyir, peyğəmbər də, kitab da”.
“Eh, sənin kimilərinin Allahın yazdıqlarından, buyurduqlarından nə xəbəri”-, deyə düşündüm. Gün mənim üçün ağır başlamışdı və ağırda bitdi. Eh, ondansa evdə otursaydım, deyə öz- özümə məzəmmət edirdim. Artıq hava qaralırdı. Evimizə yaxınlaşdıqca, gün ərzində gördüklərim gözümün önündə bir daha canlanırdı...
Kişinin söylədikləri: “Külək qaz balonunun kəmərini qoparmışdı... Qız anasına deyib- sən atamı atmısan, məndə səndən imtina edirəm... Qızın, yanımızdan keçərək, atasına söylədiyi sözləri xatırladım: “Ata, hava küləklidir, xəstələnərsən...”
Göz yaşlarım yanağımdan axmağa başladı. Bu qızcığazın əlil atasına olan isti nəvazişi hətda mənim kimi daşürəkli bir insanı da kövrəltmişdir. Mənzilimiz yerləşən həyətə daxil oldum, göz yaşlarımı silərək, öz- özümə birdə o parka getməyəcəyimə söz verdim. Bir neçə dəqiqə sonra, çarpayımda uzanaraq, divar kağızındakı göyümtül naxışları sayaraq, bir günündə belə keçdiyini düşünürdüm...bəli, bir küləkli yaz axşamı da belə keçdi...
Gecəyə doğru isə külək daha da şiddətlə əsməyə başladı, elə bil varlığının unudulacağından ehtiyatlanaraq, bütün gücüylə şəhərə təsirini göstərir: ”Ey, insanlar, hökmdar mənəm, hakim mənəm deyirdi...” Bütün dərdlərimizin, iztirablarımızın, günahlarımızın səbəbkarı, şahidi külək...
Aynur Nurlu
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR