“Hər iki valideynini itirən körpə qızlara dayaq olmuş dövlət əsrlər boyu yaşayacaq”
Yaxud, bir həqiqət barədə iki yazıdan yaranmış məmnunluq
Əvvəlcə bir avropalının Şərqlə Qərbi müqayisə edən fikirlərindən qısaca sitat gətirək. Ötən əsrin əvvəllərində uzun müddət müsəlman ölkələrində çalışmış ingilis hərbçilərindən biri yazırdı ki, bizdə ata-anasını itirmiş uşaqlar az olsa da, tənha qalanlar çoxdur. Şərqdə isə yetimlər çox olsa da, kimsəsiz qalanlar olduqca azdır. Kifayət qədər düşündürücü məqamdır.
Bəlkə də 20 ildir bu fikiri dönə-dönə müxtəlif yerlərdə səsləndirmişəm. Çünki burada Şərq müdrikliyinin, müsəlman ədalətinin, türk humanistliyinin təsdiqi ilə yanaşı, başqa bir həqiqət də özünü göstərir. Belə ki, ata-anasını itirmiş uşaqların Şərqdə daha çox olması bütün müharibələrin məhz bu tərəflərə yönəldilməsi ilə bağlıdır. Yetim uşaqların kimsəsiz və ya himayəsiz qalmaması isə… Qərbdə onun mənasını bizim kimi dərk edə bilməzlər.
Söhbətin nədən getdiyin izah etmək üçün öncə oktyabrın 23-də “Xalq qəzeti”ndə verilmiş müxbir yazısından bir neçə sətirə diqqət yönəldək:
…Qızlar 4-6 yaşları olanda qısa müddətdə əksər doğma və yaxınlarını itirirlər. Əvvəl baba və nənələri dünyalarını dəyişir, sonra isə ata- analarını da itirirlər. Kirayə mənzildə, kimsəsiz qalmış körpə qızlara xalaları Rəfiqə xanım və onun nəcib həyat yoldaşı Adil Əsgərovlar sahib çıxırlar. Köməyə dağlar qədər ehtiyacı olan bu körpələr - Fatmaxanım və Hilalə xalası qızları Aygünlə bir yerdə - qayğısız böyüyürlər. Qızlar orta məktəbi bitirəndə Rəfiqə xanımın Ukraynanın Luqansk şəhərində yaşayan yaxın rəfiqəsi Rəhilə Cabbarova Əsgərovların növbəti ağır qayğısına çiyin verir. Qeyrətli həmyerlimiz qızları yanına aparıb buradakı Taras Şevçenko adına Dövlət Universitetinə daxil olmalarına kömək edir. Bacılar II və III kursları başa vurmaq ərəfəsində olanda Luqanskın səmasında mərmilər oynayır, qan su yerinə axır. Universitetin binası və qızların qaldığı yataqxana da dağılır…
Məqalədə daha sonra oxuyuruq ki, bu ilin əvvəlindən ağır xəstəlikdən intensiv şüa və kimyaterapiya müalicəsi alan Rəfiqə xanım, beləliklə daha bir ağır sınağın məngənəsinə düşür. Yaxşı insanların köməyi ilə qızlar Bakıya gətirilir. Müxtəlif yollarla Ukraynanın ali məktəblərinə qəbul edilmiş minlərlə azərbaycanlının Bakının küçələrinə tökülüb ali təhsilin davamını öz ölkəsinə dəyişməyə çalışdıqları günlərdə Fatmaxanım və Hilalənin probleminin ağırlığını başa düşən Əsgərovlar nicat yolunu dövlətimizin humanizm prinsiplərinə üz tutmaqda görürlər. Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ünvanlanmış məktublar həyatları və təhsilləri pozulmuş qızların taleyinə yenidən işıq salır. Cavablarda bildirilir ki, problem bacıların seçdikləri ixtisas üzrə təhsil verən istənilən ali məktəbin rəhbərliyinə müraciət etməklə həllini tapacaq.
Bacısının valideynsiz qalmış qızlarına illərdən bəri analıq etmiş Rəfiqə xanım həmişə olduğu kimi indi də yolların ən doğrusunu seçir. O, Bakı Dövlət Universitetinə müraciət etməyi qərara alır. Kimsəsizlərin kimsəsini qəbul edən rektor – akademik Abel Məhərrəmov təkcə məsələyə həssas münasibət bəsləmir, həm də sənədlərin təcili olaraq hazırlanıb Təhsil Nazirliyinə göndərilməsi barədə qəti göstəriş verir. Rəfiqə xanımın, ümumilikdə Əsgərovların həmin məqamda hansı hissləri yaşadığını təxmin etmək o qədər də çətin deyil. Amma, bir var təxmin, bir də var həqiqət. O həqiqəti ancaq Rəfiqə xanım bilərdi. Bildiyinə görə də o boyda hadisəni cəmi bir vərəqdə yazıb. Həmin vərəq mənə təqdim ediləndə düşündüm ki, əlimdəki vərəqdə bir qadının, ananın universitet rektoruna minnətdarlığını ifadə edən sadə cümlələrdən başqa nə ola bilər ki? Amma… Qoy elə hörmətli oxucularla birlikdə oxuyaq:
“ Bir daha əmin oldum ki, dövlətimiz himayəsiz uşaqlara arxa- dayaqdır. Ukraynada başlamış qanlı münaqişə və dağıdıcı müharibə ilə əlaqədar təhsillərini doğma Vətəndə davam etdirmək istəyən bu qızların yad ölkədə taleyin ümidinə qalması dövlətimiz tərəfindən yüksək həssaslıqla qarşılandı. Hazırda bu qızlar dünyaca şöhrətli Bakı Dövlət Universitetinin tələbələridir.
Deyirlər həyatda həlledici bir məqam var. Varlığın mənasını dərk etdiyimiz məqam. O məqamı əbədi eləyən isə insandır, kamil insan, onun əməlidir. Kamilliyin ölçüsü nə, vahidi nə? O vahid ki, pulla, varla, dövlətlə deyil, daha ali ölçü ilə, xeyirxahlıqla, imanla qoyub getdiyiniz nurla , sevinclə ölçülə bilər…”
Rəfiqə xanımın rektora xitabən qələmə aldığı əl boyda yazısında universitet binasında olduğu iki saat müddətində müşahidə etdiyi başqa məqamlar da var: “Mən Sizin qəbulunuza mətbuat işçisi kimi yox, bir valideyn kimi gəlmişdim. İki saatlıq müşahidələrimdən əmin oldum ki, düz ünvana gəlmişəm. Heç zaman yadımdan çıxmayacaq bir hadisənin də şahidi oldum. Şamaxıdan qəbulunuza gəlmiş vətəndaşın həmin axşam rayona gedib səhər yenə Bakıya qayıdacağını biləndə narahatlıq keçirdiyinizi hamı kimi o adam da gördü və siz onun məsələsinin daha tez həll olunmasına göstəriş verdiniz. Həmin gün … ürəyi yüklü insanları riqqətə gətirəcək məqamlar çox idi.”
Minnətdarlıq məktubu olduqca uğurlu bir ümumiləşdirmə ilə bitir: “Biz müstəqil Azərbaycan dövlətinə, dövlət başçımıza, Heydər Əliyev Fondunun rəhbərliyinə, Təhsil Nazirliyinə, Bakı Dövlət Universitetinin rektorluğuna sonsuz minnətdarlığımızı bildiririk. Mən əminəm ki, hər iki valideynini itirən körpə qızlara dayaq olmuş dövlət əsrlər boyu yaşayacaq”.
Nəhayət, Ukraynadan – od-alov içərisindən xias olub öz doğma torpaqlarına üz tutan qızlar Bakı Dövlət Universitetində təhsillərini öz ixtisasları üzrə davam etdirməyə başlayırlar. Dərslər başlanandan bir neçə həftə sonra keçirilən tədbirdə isə akademik Abel Məhərrəmov deyir: “Problemi olan insanlara kömək etmək hər bir vəzifə sahibinin həm də insanlıq borcudur. O ki qaldı bu qızlara, belələri barədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyamızda açıq yazılıb: ata- anasını itirmiş uşaqlar təhsillərini bitirənədək dövlət himayəsi ilə əhatə olunurlar. Biz dövlətimizin bu ali məramını yerinə yetirməyə borcluyuq. Dadaşova bacılarının başı üstünü almış təhlükə də Prezident İlham Əliyevin daim sadiq qaldığı bu xoş məramla sovuşduruldu. Fatmaxanım və Hilalə universitetimizdə oxuduqları müddətdə humanist qanunlarımızdan irəli gələn ən yüksək qayğı ilə əhatə olunacaqlar”.
P.S. Mən bu sətirləri qələmə alanda əməkdaşlarımızdan biri xahiş etdi ki, yazıda mütləq Rəfiqə xanımın qeyrətli, qüdrətli ana ürəyindən də söz açarsan. Mən isə sadəcə ən humanist dəyərləri bayraq edən Azərbaycan dövlətinin insansevər siyasətindən söz açdım. Azərbaycan da ana deyilmi?
İttifaq MİRZƏBƏYLİ
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR