Keçmiş dövlət müşaviri: "Eldar Mahmudovun dövründəki MTN yenidən qurulmalıdır"
Dünən prezident İlham Əliyev imzaladığı sərəncamlarla güc strukturlarının rəhbərlərinin vəzifə yerlərini dəyişib.
Son dəyişikliyi sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Yenicag.az-a şərh edib.
Qabil Hüseynli bildirib ki, baş verən dəyişikliklər kifayət qədər gerçəkliyi özündə əks etdirir:
“Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirildi, yerinə isə Vilayət Eyvazov təyin edildi. Mədət Quliyev isə müdafiə sənayesi naziri təyin olundu. Bu məsələdə də qanuna uyğunluq saxlanıldı. DTX rəisi Mədət Quliyevdən boşalan yerə isə Əli Nağıyev gətirildi. DTX dövlətin bel sütunudur. O quruma bir çoxları güc xidməti kimi baxır. Ancaq əksər ölkələrdə xüsusi xidmət orqanları intelektualların yığışdığı, informasiya toplamaq, onu işləmək, ona uyğun dövlətin milli təhlükəsizliyi üçün konsepsiyalar, doktrinalar hazırlamaq, dünyada baş verən prosesləri izləmək və ona uyğun adekvat addımlar atmaq funksiyasını həyata keçirən bir qurum kimi fəaliyyət göstərir. Əvvəllər xüsusi xidmət orqanlarımız Sovet KQB sisteminə uyğun hərəkət edirdi, yəni, həbs etmək, atəş açmaq funksiyalarını yaxşı bilən qurum kimi diqqət mərkəzində idi. DTX-nı intelektualların yığışdığı, informasiyalar əldə edən, onu dəyərləndirib dəqiq analizlər aparan qurum kimi görmək istəyirəm. Bu qurumda ən ağıllı, ən təcrübəli və eyni zamanda bu sahədə kifayət qədər səriştəsi olan adamlar toplanmalıdır”.
Sabiq dövlət müşaviri onu da qeyd edib ki, prezident etibar etdiyi adamları yüksək posta gətirib:
“Prezident hazırda bu generallarla işləmək istəyir. Eldar Mahmudovun dövründəki MTN-in ciddi yenidənqurmaya ehtiyacı var. Bu yenidənqurma dünya standartlarına uyğun səviyyəsidə aparılmalıdır. DTX dövlətin təhlükəsizliyi üçün bütün məsələləri yüksək intellektual səviyyədə işləyib, hazırlayıb, lazımi praktiki nəticələr çıxaran bir orqana çevrilməlidir. Prezident də bu quruma məhz xüsusi xidmət orqanlarında böyük iş təcrübəsi olan bir şəxsi rəhbər təyin etdi”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR