“Terror təhlükəsizliyi ciddi təhdid edir” - Mədət Quliyev
“Qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir”.
Bunu Minsk şəhərində MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) iclasında iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib. DTX rəisi bildirib ki, Azərbaycanın tərəqqisi və inkişafı üzrə strateji xəttin həyata keçirilməsi sahəsində dövlətimiz təhlükəsizliyin təmin olunması məsələsində beynəlxalq əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Bu baxımdan, yeni yaradılmış DTX təhlükəsizlik məsələləri ilə bağlı iki və çoxtərəfli səviyyədə müxtəlif formatlarda, o cümlədən SORB çərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsində maraqlıdır.
M.Quliyev diqqətə çatdırıb ki, qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir. Bu təhlükəli təzahürlərin coğrafiyası yeni ölkələrin və qitələrin hesabına daha da genişlənir: “Terrorçuluqdan getdikcə çətin fərqləndirilən dini ekstremizm artıq müasir dünya üçün böyük təhlükəyə çevrilmişdir. Hazırda törədilən terrorçuluq əməllərində dini ekstremizmin əsasları özünü daha çox büruzə verir. Bunun başlıca səbəbi kimi "Əl-Qaidə", "İŞİD" və digər terrorçu təşkilatların öz dağıdıcı fəaliyyətlərində ənənəvi dinin ehkamlarını dəyişib əsl mahiyyətini təhrif edərək, ondan sui-istifadə ilə təlqin etdikləri dini-ideoloji təlimatları göstərmək olar”.
DTX rəisi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükə və təhdidlər barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR