» » “Azərbaycan müəllimi” qəzetinin 80 yaşı tamam olur

“Azərbaycan müəllimi” qəzetinin 80 yaşı tamam olur

Müəllif: Nicat Əmirov
//
Tarix: 24 oktyabr 2014
//
Bölmə: Təhsil / Sosial
“Azərbaycan müəllimi” qəzetinin  80 yaşı  tamam olur



Bu gün Azərbaycanda təhsillə, məktəblə, müəllimlə bağlı olmayan bir ailənin tapılması mümkün deyil. Çünki bütün ailələrdə ya bu sahədə çalışan var, ya təhsil alan, ya da dolayısı ilə bu sistemə bağlı olan. Ona görə də “Azərbaycan müəllimi” qəzetini ölkə əhalisinin hamısı üçün maraqlı olan yeganə sahə qəzeti adlandıranlar tamamilə haqlıdırlar. Bu ifadə digər sahə qəzetlərindəki həmkarlarımız tərəfindən incikliklə qarşılanmasın deyə fikrimizi bir qədər konkretləşdirək. Diqqətlə yanaşsaq görərik ki, istənilən sahə qəzeti - konkret ad çəkməyin münasib olmadığını hörmətli oxucuların özləri də yaxşı bilirlər - məhz təmsil etdiyi sahədə çalışanlar üçün maraqlıdır. Məktəb və təhsil isə, bilavasitə ümummilli liderimizin dediyi kimi ümumxalq işi, hamının marağında olan məsələdir. Bundan başqa, ulu öndərimiz ölkə əhalisinin hamısı üçün maraqlı olan bu qəzet haqqında deyib: "Azərbaycan müəllimi" qəzeti respublikamızın mətbuat tarixinə şərəfli yaradıcılıq yolu keçmiş, pedaqoji ənənələrin inkişafında silinməz izlər buraxmış, özünəməxsus dəst-xətti ilə seçilən nəşrlərdən biri kimi daxil olmuşdur. Azərbaycanda pedaqoji mühitin formalaşmasında, müəllim kadrların elmi-metodiki səviyyəsinin yüksəldilməsində bu qəzetin mühüm xidmətləri vardır”. Ona görə də, “Azərbaycan müəllimi” qəzetinin 80 illik yubileyinin qeyd olunması əslində ölkə əhalisinin hamısına dəxli olan bir məsələdir. Elə bu sətirlər də həmin zərurətdən yarandı.
Mən hələ orta məktəb illərindən etibarən bu qəzetin fəal oxucularından biri olmuşam. “Azərbaycan müəllimi”ndə ilk yazım isə 70-ci illərin ortalarında verilmişdi. İndiki Səbail - o zamankı 26 Bakı Komissarı rayonunda yaradılmış “Gənc müəllimlər şurası” Bakıdakı “ Müəllimlər evi”ndə şair Nəriman Həsənzadənin bir kitabının oxucular konfransını təşkil etmişdi. Həmin tədbir haqqında “Azərbaycan müəllimi”ndə verdiyim yazı sonralar məni bu redaksiyanın dostuna çevirmişdi. İndi də “Azərbaycan müəllimi”nin “təcrübəli oxucularından” biriyəm.
QafqazPRESS.Az xəbər verir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu qəzet haqqında Dövlət Radiosu üçün hazırladığım material mənə imkan vermişdi ki, “Azərbaycan müəllimi”nin tarixçəsini daha dərindən öyrənim. Öyrənmişdim ki, 1934-cü ildə "Kommunist maarifi" adı ilə nəşrə başlayan qəzetin başlıca məqsədi geniş maariflənmə proqramlarının həyata keçirilməsinə kömək, qazanılmış uğurları təbliğ etmək, təhsillə bağlı qarşıda duran vəzifələri həyata keçirmək olub. 1938-ci ildən "Müəllim qəzeti" adıyla çıxan qəzetin bütün əməkdaşları cəbhəyə getdiyinə görə müharibənin sonuna qədər oxucular bu qəzeti görməyiblər. Müharibə qurtarandan təxminən bir il sonra isə "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayan qəzet bu gün artıq 80 yaşlı bir müdrik ağsaqqal kimi oxucularının görüşünə gəlir.
“Azərbaycan müəllimi” müstəqilliyimizin ilk illərində də öz ağır günlərini yaşadı və həmin ağırlıqlar 41-45-in ağırlıqlarından o qədər də yüngül olmadı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtması isə cəmiyyət həyatının digər sahələri kimi təhsil, məktəb və müəllim sözlərinin önündə də yaşıl işıq yandırdı və “Azərbaycan müəllimi” eynilə 1946-cı ilin aprelində olduğu kimi öz fəaliyyətini tamamilə yenidən başladı. Heydər Əliyevin ölkəmizdə start verdiyi təhsil islahatlarının həyata keçirilməsində, təhsilin və elmin inkişafında, bütövlükdə milli təhsilimizin uğurlarında "Azərbaycan müəllimi" qəzetinin rolu artmağa başladı. Qəzetin əməkdaşları fəxrlə vurğulayırlar ki, ümummilli lider Heydər Əliyevin qəzetin 60 illik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin isə qəzetin 70 illik yubileyləri münasibətilə redaksiya kollektivinə göndərdikləri təbrik məktublarında "Azərbaycan müəllimi"nin fəaliyyətinə layiqli qiymət verilib, onun ictimai-siyasi həyatımızdakı rolu yüksək dəyərləndirilib. Əlavə edirlər ki, ulu öndərin redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda qeyd edilən müddəalar hələ neçə-neçə illər bundan sonra da qəzetin əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək, kollektivə yeni ruh verəcək. Həmin tarixi məktubda deyildiyi kimi: "Azərbaycan müəllimi" yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş, respublika həyatında baş verən ictimai-siyasi hadisələrə də nüfuz etmişdir. Qəzet respublikamızda jurnalistika sənətinin inkişafı işində əhəmiyyətli rol oynamışdır”.
Yuxarıda qeyd etdiyim kimi mən indi də "Azərbaycan müəllimi" qəzetinin daimi oxucusuyam və görürəm ki, qəzet bu gün də öz ənənələrinə sadiq qalaraq Azərbaycan təhsilindəki bütün uğurların təbliği və yarımçıq, başdansovdu görülmüş işlərin tənqidi yönündə qəti addımlar atır və dövlətin təhsil siyasətinin uğurlu icrasına öz töhfələrini verir. Özü də daha böyük tirajla. Bu qəzetin səhifələrində yeni əsrdə qəbul olunmuş Təhsil haqqında Qanun, Yeni Təhsil Strategiyası, Azərbaycan təhsilinin Avropaya inteqrasiyası üçün atılmış mühüm addımlardan olan Boloniya sistemi, ölkəmizin təhsil tarixi, dünya təhsil təcrübəsi barədə çoxsaylı mükəmməl və dəyərli materiallar oxumuşuq. Bundan başqa, “Azərbaycan müəllimi” qəzeti bu gün Azərbaycan müəlliminin özü kimi ölkə həyatında baş verən ictimai-siyasi proseslərə çevik və adekvat reaksiya verir, bütün məsələlərə təkcə sahə mətbuatına xas məhdud çərçivədə deyil, vətəndaşlıq mövqeyindən, əhatəli və obyektiv münasibət bildirir. Dövlət başçısının Azərbaycan təhsilini sürətlə inkişaf etdirmək üçün ortaya qoyduğu məqsədin – neft kapitalının insan kapitalına çevrilməsi məramının, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin ən böyük təbliğatçılarından biri də məhz “Azərbaycan müəllimi” qəzetidir.
Dostlarımızın 80 yaşını təbrik edir və bu cümlələri dövlət başçımız İlham Əliyevin ifadələri ilə yekunlaşdırıram: “Azərbaycan müəllimi" qəzeti təsis olunduğu gündən etibarən Azərbaycanda təhsilin aktual problemlərinin işıqlandırılmasında, qabaqcıl pedaqoji təcrübənin təbliğində böyük xidmətlər göstərmiş, təhsil müəssisələri üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasında aparıcı rol oynamışdır.

İttifaq MİRZƏBƏYLİ,
Azərbaycan müəllimi”nin oxucusu
banner125x125 banner125x125