“Ayna-Zerkalo”nu bərpa edə bilməyən Elçin Şıxlı: “Allah kəssin belə dincəlməyi” - MÜSAHİBƏ“Ayna-Zerkalo”nu bərpa edə bilməyən Elçin Şıxlı: “Allah kəssin belə dincəlməyi” - MÜSAHİBƏ
Bu gün “Ayna-Zerkalo” qəzetinin 24 yaşı tamam olur. Modern.az saytı hazırda müvəqqəti olaraq fəaliyyəti dayanan qəzetin təsisçisi və baş redaktoru Elçin Şıxlı ilə danışıb:
- 1990-cı ilin bu günündə işıq üzü görən “Ayna-Zerkalo” qəzeti çox hadisələrin fonunda fəaliyyət göstərib. Geri dönüb 24 illik yolunuza baxarkən nələri görürsünüz?
- Çox hadisələr gözümün qabağında olub. Birincisi Sovet dövründə bu qəzeti təsis etdik. Fövqəladə vəziyyətlərdən, 4 senzuradan keçdik, hərbi vəziyyəti gördük. Xüsusi buraxılışlarla, silahlı kurslardan keçə-keçə qəzetimizi buraxdıq, yaşadıq. Gələcəyə ümidimiz çox idi, nikbin idik. Biz ən azı 3 dövlət çevrilişinin şahidi olduq. Yenə də heç nədən qorxmadıq. Müxtəlif hakimiyyətlərin zamanında döyüldük də, söyüldük də, haqsızlıqlarla da üzləşdik, yenə də əyilmədik, sınmadıq. Gələcəyimizə inandıq. Amma bugünkü gündə 24 yaşına çatan qəzet artıq yoxdur. Qəzet əmin-amanlıq dövründə birdən-birə işləyə bilmədi. “Ayna-Zerkalo”ya işləməyə imkan olmadı və qəzet dayandı. Gözümün qabağına bu gəlir və təəssüf hissi ilə düşünürəm ki, dava-şava dövründə qalib çıxdıq, amma əmin-amanlıq dövründə qəzetimiz yoxdur.
- “Ayna-Zerkalo” qəzetinin hansı ildönümü daha çox yadınızda qalıb?
- Mənim üçün hər ildönümü dəyərlidir. Sadəcə olaraq iki dəfə böyük təmtəraqla yubileyimizi qeyd etmişdik. Biri 10, biri də 15 yaşımızda idi. Qəzetin qalan doğum günlərini kollektivin içində, iş başında keçirirdik.
- Qəzetlə bağlı gələcək planlarınız nədir? Belə bir məlumat var ki, sentyabr ayında “Ayna-Zerkalo” nəşrini bərpa edəcək.
- Mən belə başa düşürəm ki, qəzet bərpa olunmayacaq. Plan qəzeti bərpa etməkdi, amma bu gedişlə heç də bərpa olunmayacaq.
- Mətbuat Şurasının sədri Əflatun Amaşovla qəzetin bərpası üçün olan görüşlərinizin nəticəsi necə oldu?
- Görüşlərin nəticəsi olaraq mən belə bir nəticəyə gəldim ki, qəzeti bərpa etmək mümkün olmayacaq. Yəni o görüşlərin heç bir nəticəsi olmadı.
- Qəzet bərpa olunmayacağı təqdirdə sayt yaratmağı düşünürsünüz?
- Həm “Ayna”nın, həm “Zerkalo”nun saytı var. Söhbət qəzeti kağız və yaxud elektron formatda buraxmaqdan getmir. Söhbət onun məzmunundan gedir. Yazdıqlarımızı tək Azərbaycanda yox, Rusiyada da, Türkiyədə də bir çox adamlar sindirə bilmir. Əsas da təbii ki, Azərbaycanda. Ona görə də düşünürəm ki, kağız versiyası olmayan yerdə heç elektron versiyasına da ehtiyac yoxdur.
- Qəzetinizin doğum günü münasibəti ilə sizi təbrik edənlər varmı?
- Sizdən əvvəl öz işçilərimizdən biri zəng vurub təbrik etdi. Sizdən başqa heç kim təbrik etməyib.
- “Ayna-Zerkalo”nın kollektivi hazırda nə ilə məşğuldur?
- Hərə özünə guya müvəqqəti olaraq bir iş tapıb. Mənim özümdən və bir-iki nəfərdən başqa böyük əksəriyyətinin işi var.
- Siz hələ dincəlirsiniz?
- Allah kəssin belə dincəlməyi..
- Rauf Mirqədirovun işi ilə bağlı aparılan kompüterinizin prosessoru qaytarılıb?
- Nəsə o prosessor yaman xoşlarına gəlib, qaytarmayıblar. Görünür, çox bəyəniblər, qaytarmaq istəmirlər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR