» » LALƏLƏR ŞƏHİD QANI

LALƏLƏR ŞƏHİD QANI

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 fevral 2014
//
Bölmə: Ədəbiyyat
LALƏLƏR  ŞƏHİD QANI




Azərbaycan Respublikasının
Millli Qəhrəmanı Rafiq Alıcanovun
Vətən uğrunda şəhid olmasının
20-ci ildönümü münasibətilə onun
əziz xatirəsinə ithaf olunub.



Kitab Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin Qadınlar şurası və «Məhsəti» Şairlər Məclisi İctimai Birliyinin təşəbbüsü ilə çap olunub.


Rəyçi: Nizami Cəfərov
AMEA-nın müxbir üzvü


Redaktor: Qərənfil Xəlilova
filologiya elmləri üzrə
fəlsəfə doktoru


Bədii redaktor: Pərvanə Nizaməddin
Şair







© Bakı-2013, 50 səh. 


LALƏLƏR ŞƏHİD QANI...

Qazax mahalının Kəmərli kəndi İncədərəsinin düşmənlə üzbəüz yerləşən üç sərhəd kəndindən biridir. Kənd rayon mərkəzindən ucqarda yerləşsə də çoxsaylı ziyalıları-alim, şair, mühəndis, həkim, idmançı və el-obasına fəxarət gətirən övladları var.
Hər zaman zorən məcbur edildiyimiz müharibələrdə Kəmərli kəndi də öz şəhidlərini verib. Böyük Vətən müharibəsində qapıları döyən “qara kağızlar” sonrakı müharibələrdə də uzun şəhid siyahısı yaradıb. Vətənin dar günündə hər kəs onu bu faciədən qurtarmaq üçün ona döndü, üstünə yüyürdü, Anam dedi. Belə bir vaxtda yurdun səsinə səs verən oğullardan biri də Qazax mahalının Kəmərli kəndində dünyaya göz açmış, sonralar isə ailəsi ilə Ağstafanın Köçvəlli kəndində məskunlaşan Rafiq Cəfər oğlu Alıcanov idi.
HAŞIYƏ: Taleyin qəribə işləri var... Əslən Kəmərlidən olsam da Köçvəlli kəndində dünyaya gəlmişəm. Təbii ki, ailənin bu kənddə olması atamın işi ilə əlaqədar olub və mənim üç yaşım olana qədər orada yaşamışıq. Sonra isə kəndimizə köçmüşük-Kəmərliyə.Orta məktəbi bitirəndə şəhadətnaməmdə doğulduğum yerin Köçvəlli kəndi olduğunu gördükdə, atama çoxsaylı suallar verdim və hər zaman bu kəndi görmək arzusunda oldum. Yalnız 1990-cı ildə “Azərbaycan” qəzetində işlədiyim müddətdə kəndi görmək mənə qismət oldu. Doğulduğum və uşaqlığımın 3 ili keçdiyi evə getdim, pəncərənin qarşısında bir iydə ağacı da vardı. Elə iydələr də təzəcə açmışdı, ətri həyət-bacanı bürümüşdü. Içimi çox titrək və qəribə hisslər çulğadı. Cəfər əmigili o zaman tanımırdım, yəni Rafiqin atasını. Axı biz eyni kənddənik. Bu elə bir vaxt idi ki, onlar Köçvəlliyə, biz isə Kəmərliyə köçmüşdük. Bu köçhaköç dünyasında nə bilirdik ki, başımıza nələr gələcək...
1993-cü ildə Rafiq vətən torpaqları uğrunda böyük qəhrəmanlıqlar göstərərək şəhid oldu. Ata-ana üçün mətbuatda gedən hər kəlmə, hər söz onlara bir təsəlli idi. Cəfər əmi mənə zəng vurdu, Rafiq haqqında kitab yazmağımı xahiş etdi. Çox təəssüf ki, görüşə bilmədik. Amma,2008-cu ildə yazarlar-Salatın Əhmədli, Güləmail Murad və mən, qəhrəman eloğlumuzun xanımı Bəturə, qızı Mələk, oğlu Elvinlə Köçvəllidə Rafiqin ailəsində olduq, adını daşıdığı məktəbi və məzarını ziyarət etdik, ruhuna dualar oxuduq. Cəfər əmiyə bir söz vermişdim, gec də olsa, o sözü yerinə yetirdim. Sanki üstümdən yük götürüldü. Rafiqin ömür yolunu bir dastana çevirməyi özümə borc bilirəm.

Qan sızar,
Göz-göz yaram qan sızar.
Lalələr şəhid qanı,
Ləçəyindən qan sızar.

Nəbzi qələbə ruhu ilə vuran Rafiq 1992-ci ildə Müdafiə Nazirliyinin çağırışı ilə Dneprodzerjinski şəhərindən vətənə döndü. Füzuli bölgəsindəki mövqe döyüşlərində iştirak edən zabit Rafiq Alıcanov qeyri - adi qəhramanlıqlar və şücaət göstərdi. Ən çətin məqamlarda Kalininqrad Ali Hərbi məktəbində aldığı bilik və təcrübədən istifadə etdi. Fərrux dağında gedən döyüşlərin birində, başçılıq etdiyi dəstəni mühasirədən çıxarda bildi. Onun çevikliyi, düşüncə tərzi, operativ iş rejimi çoxlarını heyrətdə qoysa da, ermənilərin sinəsinə dağ çəkib, onlarda Rafiqdən canlı qisas hissini daha da gücləndirdi.
Öz tərcümeyi-halına igidlik salnaməsi yazan Rafiq Alıcanov son nəfəsinə kimi öz vətəndaşlıq adına və andına sadiq qalıb, mənfur düşmənə sirr vermədi. Şərəfli ölümü hər şeydən üstün tutdu, heç bir işgəncə onun mətin iradəsini sındıra bilmədi. Ruhun şad olsun Rafiq! Əziz həmkəndlim, igid və şərəfli oğul! Hər dəfə Qazax mahalına yolum düşəndə Ağstafa Dəmiryol vağzalında qoyulan büstünü salamlayıram, sən də mahala gələn Vətən dərdli, Vətən sevgili hər kəsi salamlayırsan. Allah sənə də, bütün şəhidlərimizə də rəhmət eləsin! Vətənin, dövlətin sənin cəsarətini Milli Qəhrəman adına layiq gördü. Bu yüksək adın mübarək olsun, Rafiq!

Şəhidim, sən ölməzsən,
Gül olsan da solmazsan.
Əbədi bahar küləyi
Əsir üstündə,
Xəzan sənə neyləyər?!
Nə eyləsə özünə
Anan, bacın,
Başında tacın eyləyər.
Mələk timsallı Mələyin,
Oğlun Elvin,
İgidin, arxan eyləyər.
Göz yaşları çiçək açar
Əzizlərinin,
Qəlblərində sənli duyğuları
Köz-köz olar.
Bulud gözləri boşalar, dolar.
Bir ayaq səsinə
Möhtacdı qulaqları,
Bir «oğlum», «qızım» sözünə,
Möhtacdı yavruların.
Həyalı yanaqlarında yaşları,
Şırım salmış Bəturən,
Çabalayar fikrin dəryasında.
Heyi qalmayıb,
Yorub onu həsrətin.
Gəl şəhidim,
Yuxulara gəl.
Təsəllini əsirgəmə,
Ər səsini əsirgəmə.
Sən ölməzsən, şəhidim!
Gəl, evinə baş çək,
Gəl, elinə baş çək.
Gör bir nə büsat var,
Amma, yağıya qarşı
Qisas var.
Müjdələr gözləyirik-
Zəfər müjdəsi,
Vətəndən, Torpağından
Narahat ruhunu sevindirək...

Fəridə Ləman



QafqazPRESS.az
banner125x125 banner125x125