Rafiq ODAY

Rafiq ODAY
1-07-2016, 16:18

GƏNC YAZARLARLA GÖRÜŞ

GƏNC YAZARLARLA GÖRÜŞ


Vəfa Mürsəlqızı və Faiq Hüseynbəyli ilə Qaradağ rayonunun Ələt qəsəbəsindəki 110 saylı orta məktəbdə şagirdlərin görüşü keçirilib.
Məktəb direktoru Şəfayət Orucova görüş iştirakçılarını və qonaqları salamlayıb, belə tədbirləri tez-tez keçirdiklərini, yaradıcı insanlarla şagirdlərin görüşünü mütəmadi təşkil etdiklərini vurğulayıb. Direktor müavini Sərvinaz Hüseynova yazarları məktəblilərə və müəllim kontingentinə təqdim edib: “Bu gün artıq neçə vaxtdan bəri görüşünə səbrsizliklə hazırlaşdığımız, “yerişində yolların gözü olan”, “günahlarının özünə bağışlanmasını istəyən” istedadlı gənc şair Faiq Hüseynbəylnin və “payız sevgisi” ilə yaşayan, “mələk kölgəsi”ndə dincələn Vəfa Mürsəlqızının yaradıcılıq yoluna birgə nəzər salacağıq. Bu gün buraya dəvət etdiyimiz yazarların çağdaş Azərbaycan poeziyasında öz üslubları, öz dəsti-xətləri var”. Sonra qiraətçilərin ifasında yazarların yaradıcılığından ibarət video çarxlar təqdim olunub. Şagirdlərdən Maya Əliyeva, Türkan İsrafilova, Aydan Yunusova, Əsmər Hüsüyeva, Vəfa Bayramzadə, Gözəl Səmədova, Dəstəgül Dəmirova, Qumriyyə Xəlilova, Həmidə Xəlilova, Günel Səmədova, Humay Hüseynzadə və İlahə Poladova müəlliflərin şeirlərindən nümunələr səsləndiriblər. Poetik kompozisiyalar alqışlarla qarşılanıb.
Azərbaycan dili və ədəbiyyat müəlliməsi Ulduz Dəmirova yazar Vəfa Mürsəlqızının hekayələrinə diqqət çəkərək bildirib ki, bu hekayələrin təhkiyyəsi çox gözəldir: “Vəfa xanımın müraciət etdiyi mövzular gündəlik həyat tərzimizdən qaynaqlanır. Bu hekayələrdə qaldırılan məsələlər öz aktuallığı ilə seçilir”. Müəllimə Solmaz Mahmudova da yazarlarla məktəblilərin görüşünü yüksək dəyərləndirib. Özünün isə belə görüşlərdən mənəvi qida aldığını deyib. Müəllimə Ayşən Məmmədrzayeva poeziya vurğunu olduğunu bildirib və yazdığı şeirlərdən birini söyləyib.
Gənc yazarlar Faiq Hüseynbəyli və Vəfa Mürsəlqızı yeni şeirlərini oxuyublar, çağdaş poeziyaya diqqət çəkdikləri üçün məktəb rəhbərliyinə təşəkkürlərini bildiriblər. Sonda onlar müəllimlərin və şagirdlərin suallarına cavab veriblər. Gənc şairlər tədbirin yüksək səviyyədə təşkilindən razı qaldıqlarını bildiriblər.
Sonda müəlliflər fərqlənən şagirdlərə avtoqraflı kitablarını hədiyyə ediblər və birlikdə xatirə şəkli çəkdiriblər.

GƏNC YAZARLARLA GÖRÜŞ
GƏNC YAZARLARLA GÖRÜŞ
GƏNC YAZARLARLA GÖRÜŞ
GƏNC YAZARLARLA GÖRÜŞ


QafqazPress


16-03-2015, 21:57

Gələcək əsrlərin kitabları müəyyən edildi

Gələcək əsrlərin kitabları müəyyən edildi


“Maraqlı kitab evi” İctimai Birliyinin ekspertləri Azərbaycan ədəbiyyatının XXII əsrə və daha sonrakı əsrlərə adlamağa layiq nümunələrindən ibarət kitabların müəyyən edilməsi məqsədilə rəy sorğusu keçiriblər. Müxtəlif qurumları və təhsil müəssisələrini təmsil edən alimlər, müəllimlər, tələbələr və ümumiyyətlə, kitabsevər insanlar arasında keçirilən rəy sorğusunun nəticələrinə görə ən çox səs qazanan üç kitab qalib elan edilib.

Sorğunun nəticələrinə görə Birinci yerə Avropa Təbiyyat Elmləri Akademiyası başda olmaqla dörd beynəlxalq akademiyanın akademiki olan Hacı Fərhad Mirzənin beş dildə dünya oxucularına çatdırılan “Kəlamlar” kitabı, ikinci yerə Dövlət müşaviri Kamal Abdullanın iki il qabaq Nobel mükafatına təqdim olunmuş “Yarşmçıq əlyazma” kitabı,
üçüncü yerə isə mərhum ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadənin baş redaktorluğu ilə çıxan “Kəlam” jurnalı layiq görülüb.

“Gələcək əsrlərin kitabı” adlı ilk diplomlar Novruz çərşənbələrindən birində öz sahiblərinə təqdim ediləcək. Qurumdan bildirilib ki, bu qəbildən olan növbəti sorğular müstəqillik dövründə yaranmış memarlıq və musiqi əsərlərinə həsr olunacaq.

Siyavuş İMANOV
16-03-2015, 21:48

ALQIŞ

ALQIŞ

Yel çərşənbəsinə
Yel çərşənbə,yel gətir,
Pətəklərə bal gətir.
Yurda ruzi – bərəkət,
Üzümüzə gül, gətir !
Sevinsin oğul – uşaq,
Yansın hər evdə ocaq.
Qazanımız qaynasın,
Dolu olsun künc – bucaq !
Dərdimizi apar get ,
Çap atını , çapar , get.
Uzaq olsun hər bəla,
Gələn ağrı , xətər, get !
Səyalı gəl elimə,
Çiçəklər düz telimə.
Xoş müjdə, xoş xəbərlər,
Gətir hər an dilimə !
Sil gözümdən yaşları,
Sal sevgi naxışları.
Eşit , Allahım , eşit ,
Dediyim alqşları !!!

Fəridə Ləman

QafqazPress
16-03-2015, 21:33

Baş tutmayan intihar

Baş tutmayan intihar

(hekayə)


Ağaclar artıq çiçəkləməyə başlamışdı. Həmişə olduğu kimi, nahar fasiləsində təmiz hava almaq üçün dənizkənarı parka yollandım. Burda adam çox idi. Kimisi xanımı ilə, kimisi rəfiqi, uşaqları, sevgilisi, hətta, pişiyi, itilə gəzişirdi...
Boş oturacaqların birində əyləşib dənizin seyrinə daldım. Həftənin beş gününü bilgisayarla işlədiyimdən gözlərimdə ağrılar baş qaldırmışdı.Həkim demişdi ki, yorğunluqdan, normal yatmamaqdan irəli gələn simptondandır.Kimsə demişdi ki, dənizi seyr etmək gözə xeyirdir. Mən də hər gün nahar fasiləsində parka çıxırdım.
Beş-on dəqiqə sonra 25-30 yaşlarında bir xanım gəlib məndən bir az aralıda əyləşdi. Hiss etdim ki, xanım dodağının altında nəsə danışır.O, bulvarda gəzişən adamlara baxıb dərindən köks ötürür, tez-tez ah çəkir və öz-özünə deyirdi: “Allahım, indi mən bu axşam nə edəcəyəm? Bəxtəvərlər, elə bilirlər ki, hamı bunlar kimi dünyanın bəxtəvərləridir.İnsanlarda insaf, mürvət qalmayıb. Biganəlik o həddə çatıb ki, daha heç kimsə bir-birinin halından xəbər tutmur.Nə ziddiyyətli zamanda yaşayırıq, İlahi! Bir yanda heç bir şeydən ehtiyacı olmayan, qayğısız, firavan yaşayan insanlar, o bir yanda qayğılar, problemlər, fikir, qəm-kədər, qüssə, əzab və iztirablar içərisində çabalayan, axşama körpəsini yedizdirmək üçün yavan çörək tapa bilməyən çarəsiz ana!Sanki xeyirxahlıq, insanlıq qəbiristanlıqda dəfn olunub. Bəs, indi mən nə edim?! Başqa qadınlar kimi... Yox, yox, lənət şeytana! Gör bir ağlıma nələr gəlir?! Əstəğfürullah!!! Əgər başqa qadınlar kimi mən də iyrənc yola düşsəydım, indi bu vəziyyətdə olmazdım.”
Onun öz-özünə danışması ötüb keçənlərin də diqqətini cəlb edir, güman ki, mənimlə danışdığını zənn edirdilər.
Bu yerdə özümü saxlaya bilməyib, üzümü xanıma tutub soruşdum:
- Xanım, üzr istəyirəm. Görürəm, dərdli adama oxşayırsınız, nəsə probleminiz var?
- Fərz edək, problemim var. Məgər siz problem həll edənsiniz? - Xanım gözləmədiyim bir əda ilə sualıma sualla cavab verdi.
Əvvəlcə tutulub qaldım, ancaq tez də özümü ələ ala bildım:
- Siz mənimlə tanış olmaq istəyirsiniz, yoxsa həqiqətən də problemimi həll etmək? Siz, kişilər hamınız bir bezin qırağısınız. Qadın gördünüzmü, özünüzü elə göstərirsiniz, guya onların halına acıyırsınız, onlara nəsə kömək etmək istəyirsiniz. Amma çox çəkmir əsl məqsədiniz aydın olur...
- Xanım, tanımadığınız bir adamı bu tərzdə ittiham etmək heç də yaxşı hal deyil. Ola bilsin ki, kimsə sizi aldatsın, amma bu o demək deyil, bütün kişilər eynidir. Mən bu fikirlə qətiyyən razı deyiləm. Hər kəsin özünə görə mənliyi, şəxsiyyəti var. Qaldı ki, bəndənizin də mənasız söhbətlərdən xoşu gəlmir. O ki ola, tanımadığım bir xanımla.Yəqin hamısı əsəb gərginliyindəndir. Gəzintiyə çıxmaqda düzgün seçim etmizsiniz.Dəniz insan əsəblərinin məlhəmidir.
- Mən bura, əsəblərimi sakitləşdirməyə deyil, özümü dənizə yem etməyə gəlmişəm, - Xanım üzümə tərs bir nəzər saldı.
Mən onu fikrindən daşındırmağa çalışdım:
- İntihar etmək Allah -təala yanında ən böyük günah hesab olunur.Özünüzü günaha batırmayın! Dərdinizi anladın, bəlkə çarə tapdıq. Ölümdən savayı hər şeyə çarə var.
- Əgər özünü öldürmək günahdırsa, bəs onda Allah-təala niyə yaratdıqlarının hamısına sahib çıxmır. Niyə insanları bir-birindən fərqləndirir? Kimisini bər-bəzəkli, cah-cəlallı saraylarda yaşadır, kimisini isə zillət içində çabaladır. Bəs deyirlər Allah adildir, rəhmlidir. Bəs hanı onun adilliyi, rəhmliliyi?! Ərim bu torpaq uğrunda şəhid oldu. Dörd yaşlı oğlumla çarəsiz qalmışam, kimsə də kömək əlini uzatmır. Əksinə, iş üçün kimə müraciət etdimsə, qarşılığında iyrənc təkliflər aldım. Budurmu insanlıq? İndi zillət içində yaşayanlardan Allahın da xəbəri yoxdur! Daha heç bir insana inamım qalmayıb! Sanki Allah-təala məni nəyə görəsə cəzalandırır.
Bu yerdə dözə bilməyib dilləndim:
- Xanım, küfr danışmayın! Allah hər şeyi görən və biləndir. O, lütf və kəramət sahibidir.O, yaratdığı bəndələri heç zaman darda qoymaz!
- Sözlə demək asandır. Bəs hanı Onun mərhəməti, hanı Onun lütfkarlığı? Bəs, niyə biz çarəsizə kömək etmək istəmir? Hər şeyi görəndirsə, onda niyə acından ölən körpəyə mərhəmət göstərmir?! - Xanımı ağlamaq tutdu, onu qəhər boğdu.
- Ağlamağa gərək yoxdur, xanım. Sizin vəziyyətinizi anladım. Amma Tanrı həmişə olduğu kimi yenə haqlı çıxdı.
- Başa düşmədim. - Xanım təəccüblə gözünü döydü.
- Deyim, başa düşün: Allah-təala sizi istəməsəydi, bu oturacaqda əyləşdirməzdi. Sizin burada oturmağınız məhz Tanrının istəyi ilə olub ki, dərdinizə çarə qılan tapılsın. Bəli, şükür olsun Onun böyüklüyünə ki, hər şeyə qadirdir. Sizin probleminizi mən həll edəcəyəm. Bu Tanrının sizə göndərdiyi qismətdir. Mən sizə maddi-mənəvi dəstək olacağam. İmkansız insanlara kömək etmək hər bir müsəlmanın borcudur. Bu həm də, böyük savab iş hesab olunur. Axirət dünyasında sorğu-sual zamanı insanlardan bu dünyada gördükləri savab işlərin haqq-hesabı sorulur.
- Sizin kimilərdən çox görmüşəm. Əvvəlcə kömək edirlər, sonra da ...
- Eh!.. – Xanım qəfil ayağa qalxdı və iti addımlarla məndən uzaqlaşdı.
Arxadan onu nə qədər səslədimsə, dönüb heç geri belə baxmadı.Mən isə bir neçə dəqiqə bu əhvalatın təsiri altında qaldım.Sonra oturduğum yerdən qalxıb, asta addımlarla işə tərəf getməyə başladım. Yüz əlli, iki yüz metr aralanmışdım ki, qarşıda adamların toplaşdığını gördüm.Nə baş verdiyini öyrənmək üçün mən də adamların toplaşdığı yerə gəldim. Hələlik, kimsə burada nə baş verdiyini dəqiq bilmirdi. Bu arada adamların öz-özlərinə danışıqlarını eşidirdim: “Yazıq, görən, özünü niyə öldürmək istəyirmiş?..Ailə münaqişəsinə görə də ola bilər... Bəlkə, əri onu atıb... Ola bilsin ki, maddi sıxıntısı olub... Bəlkə, kimsə onu aldadıb... Borc üzündən də ola bilər... Bəlkə, ruhi xəstədir...”
Mən adamları aralayıb, bir az da irəli getdim. Gözlərimə inana bilmədim.Bir az öncə, məndən “küsüb” gedən həmin qadın idi. Təcili yardım maşını çağırmışdılar. Amma hələ gəlib çıxmamışdı. Mən nə baş verdiyini öyrənməyə çalışdım. Qadınlardan biri dedi ki, yaxında oturub körpəsi ilə dənizə baxırmış. Həmin qadın iti addımlarla gəlib, “tükünü belə darağa vermədən” özünü dənizə atıb. Yaxşı ki, yaxınlıqda bulvarın mühafizə xidmətinin əməkdaşları varmış.Qadın haray salıb.Onlar qadını xilas ediblər. İlk tibbi yardım göstəriblər. Xanım gözlərini açıb maddım-maddım ətrafına toplaşmış adamlara baxırdı. Sanki qadının bu vəziyyətində bütün insanlar ona doğmalaşmışdı. Hamı heyfsilənib təəssüf hissi keçirirdi...
Bir azdan təcili tibbi yardım maşını gəldi. Qadın ağ xalatlı həkimləri görən kimi ayağa qalxdı:
- Mən heç bir yerə getmək istəmirəm. Mən ölmək istəyirəm. Axı, məni niyə xilas etdiniz?!
Həkimlər nə qədər cəhd göstərsələr də, qadını maşına mindirə bilmədilər. O, xəstəxanaya getməkdən qəti imtina etdi. Bir qadın ondan harada yaşadığını öyrənmək istədi. O, yaşadığı ünvanı da heç kimə söyləmədi. Mən onun ünvanını soruşan qadına dedim: “Əgər, sizə zəhmət deyilsə, təcili olaraq onu sizinlə birlikdə taksi ilə yaşadığı ünvana aparaq, yoxsa soyuqdan dona bilər. Mən bu qadının özünü dənizə atmasının əsl səbəbini bilirəm. Sadəcə, bu qadının insanların köməyinə ehtiyacı var.”
Qadın mənimlə razılaşdı. Mən taksi tutub, adamların köməyi ilə biçarə qadını mindirdik .Özüm keçib qabaqda, yardımçı olan qadın isə arxada oturdu. Çarəsiz qadın biixtiyar sürücüyə yaşadığı ünvanı söylədi...
Ümumi həyət idi. Həyətdəki qadınlar zavallı qonşularını görən kimi, bir ağızdan soruşdular:
- Sevda, sənə nə olub? Uşağı da evdə tək qoymusan. Biz də səndən ötrü nigaran qalmışdıq. Dedik görəsən, Sevda bu qədər vaxtı harada qaldı belə. Uşaq da sən gedəndən bəri oyanmayıb.
Sevda isə ona indi canıyananlıq göstərən qonşularının suallarına cavab vermək əvəzinə, onları nifrət dolu baxışlarla süzdü. Sonra mən birlikdə gəldiyimiz qadınla Sevdanın yaşadığı otağa girdik. Burada rütubətdən beyin çatlayırdı. Xırda, 15-18 kvadrat metr sahəsi olan kiçik bir otaq idi. Sınıq-salxaq çarpayıdakı körpə hələ də yatırdı.Otağın küncündə köhnə paltar şkafı və bir də qabaq şüşəsi qırılmış servant vardı...
Mənimlə gələn xanıma Sevdanın islanmış paltarlarının dəyişməsini xahiş edib, yarım saata qayıdacağımı bildirdim.
Evin yaxınlığındakı mağazadan iki zənbil bazarlıq edib, qayıtdım. Xanım aldığım ərzağı köhnə soyuducuya qablaşdırdıqdan sonra üzünü Sevdaya tutdu:
- Darıxma, bacım, hər şey yaxşı olacaq. Mən də sənə kömək edəcəyəm.
- Bundan sonra siz heç narahat olmayın. Mən sizə hər həftə kömək edəcəyəm. Yetər ki, siz bundan sonra bir daha özünüzü öldürmək fikrinə düşməyəsiniz, evi də təmir etdirərik, münasib işə də düzəltdirərik.Biz altı qadaşıq, bacımız yoxdur, sən də bacımız olarsan, - gülərək bildirdim. - Daha ünvanınızı da öyrəndik. Bundan sonra, sizdən yalnız o, bircə balanıza qulluq göstərmək qalır. Çalışın ki, o, körpəni heç vaxt ac saxlamayasınız. Bu da mənim mobil telefonumun nömrəsi. İstədiyiniz vaxt heç nədən çəkinmədən, mənə zəng vura bilərsiniz. Hətta, gecənin hansı vaxtı olursa-olsun məni narahat edə bilərsiniz. Eşitdinizmi?
- Heç bilmirəm, sizə necə təşəkkür edim, qardaş!.. Deyirdilər ki, dünya yaxşı insanların çiyni üstündə dayanıb, inanmırdım!..
Sevda yuxudan indicə oyanmış ciyərparəsini bağrına basıb kövrəldi.
Həyatım boyu özümü indiki qədər məmnun və rahat hiss etməmişdim. Və mənə elə gəldi ki, həyatda insanın Allah lütfi olan inamını özünə qaytarmaqdan şərəfli missiya yoxdur.


Camal Zeynaloğlu,
yazıçı-publisist


QafqazPress
16-03-2015, 21:29





© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.