QƏDİM SƏNƏT OCAĞININ BƏRQ VURAN KÖZÜ
Vidadi Rəcəbli. İndi bu ad Naxçıvan Muxtar Respublikasının hüdudlarını aşaraq Bakımızda, Azərbaycanımızın müxtəlif bölgələrində, həmçinin Türkiyə və İranın bir sıra şəhərlərində teatrsevərlərə yaxşı tanışdır. Bu məşhurluğa, bu şöhrətə Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Vidadi Rəcəbli özünün fitri istedadı, sənətinə vurğunluğu və zəhmətsevərliyi nəticəsində yüksələ bilmişdir.
Culfa rayonunun Nəhəcir kəndində doğulub boya-başa çatan Vidadidə səhnəyə maraq, aktyor sənətinə həvəs hələ məktəbli ikən özünü biruzə vermişdi. Təxminən 10 yaşından Nəhəcir Kənd Mədəniyyət Evində təşkil olunuan tədbirlərdəki deklomasiyaları ilə rəğbət qazanaraq burada fəaliyyət göstərən dram dərnəyinin ən fəal üzvlərindən birinə çevrilir. Əvvəlcə tamaşalarda epizodik və kiçikhəcmli rolların öhdəsindən bacarıqla gələn Vidadiyə sonralar əsas və hətta baş rollar həvalə olunur.
1982-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrı növbəti səfər tamaşası ilə Nəhəcir kəndində olarkən teatrın bir neçə aktyoru gündüz, mədəniyyət evində dram dərnəyinin hazırladığı yeni “Ər və arvad” musiqili komediyasının məşqinə baxır. Mərcan bəy rolunda çıxış edənin təbii oyun tərzi və aydın diksiyası aktyorların diqqətini cəlb edir. Məşqdən sonra həmin gənclə - Vidadilə yaxın tanışlıqdan sonra ona məsləhət görülür ki, məktəbi bitirən kimi bu sənətin ardınca getsin.
Gələcəkdə yaxşı bir aktyor olacağına onda inam yaradan sənətkarların tövsiyəsini unutmayan Vidadi 1983-cü ildə orta təhsilini başa vurub Naxçıvan şəhərinə gəlir. O, yenicə yaradılmış “Cavid” Poeziya Teatrının nəzdində əməkdar artist (indi xalq artisti) Tofiq Mövləvinin rəhbərlik etdiyi dram dərnəyinə yazılır. Burada o kütləvi səhnələrdə və epizodik rollarda çıxış etməyə başlayır. Bir neçə aydan sonra hərbi xidmətə çağırılan Vidadi ali ixtisas təhsili almaq barədə də düşünür. Lakin o, hərbi xidmətdən döndünkdə artıq İncəsənət İnstitutuna (indiki Dövlət Mədəniyyət və İncəsənət Universitetinə) sənəd qəbulunun vaxtı bitmişdi, yalnız texnikumlarda sənəd qəbulu davam edirdi. Vidadi vaxt itirmədən sənədlərini Bakı Mədəni-Maarif Texnikumuna təqdim edir və imtahanlarını müvəffəqiyyətlə verib dram fakultəsinə daxil olur.
Elə tələbəlik illərində də texnikumda hazırlanan irili-xırdalı tamaşalarda, səhnəciklərdə baş və əsas rolları ifa edir. Bu dövrdə onun oynadığı Cəlal (İ. Coşqun “Komsomol poeması”), rumın əsgəri (N. Həsənzadə “Vətənsiz”), İldırım (C. Məcnunbəyov “İldırım”) daha müvəffəqiyyətli və yaddaqalan olmuşdur.
Texnikumu bitirib təyinatla Culfa Rayon Mədəniyyət Şöbəsinin sərəncamına göndərilən V.Rəcəbli bir neçə il rayonun müxtəlif kənd mədəniyət evlərində direktor işləyir. Həmin müddətdə öz iş yerlərində saysız ədəbi-bədii gecələr, səhnəciklər, konsert-tamaşalar hazırlayır. 1995-ci ildə Naxçıvan Qarnizonunun Zabitlər Evində yenicə təşkil olunan “Yeddi ulduz – Meloman şou” konsert proqramının aparıcılığı məhz Vidadi Rcəbliyə həvalə olunur. Onun böyük məharətlə idarə etdiyi bu əyləncəli konsert proqramı çox qısa müddətdə şöhrətlənərək musiqisevərlər, xüsusilə gənclər tərəfindən daim böyük sevgilə və maraqla qarşılanır. Burada Vidadi özünün vokal imkanlarını, bədii qiraət qabiliyyətini və aktyorluq istedadını geniş nümayiş etdirmək imkanı qazandığından hər bir konsertdə yeni mahnı oxuyur, yeni şeirlər, monoloqlar söyləyir və səhnəciklər hazırlayır.
Lakin son on ildə çıxış etdiyi böyük-kiçik səhnələr Vidadinin heç də ürəyincə olmur. Uşaqlıq dövründən ovsununa düşmüş qədim sənət ocağının – Naxçıvan Teatrının cazibədar səhnəsi bir maqnit kimi onu özünə çəkməkdə idi. Nəhayət öz arzusunu teatrın rəhbərliyinə bildirən Vidadi Rəcəbli 1996-cı ilin əvvəlindən truppada işə qəbul edilir. Hədsiz sevinc və həyəcanla işə başlayan Vidadi böyük, sevimli səhnədəki ilk rolunun – Həmid Arzulunun “İtilənən xəncərlər” pyesi əsasında hazırlanmış tamaşada Akif obrazının öhdəsindən layiqincə gəlir. Böyük şövqlə ifa etdiyi ikinci rolundan – Şuludan (Z.Hacıbəyov “50 yaşında cavan”) sonra rejissorlar Vidadi Rəcəblinin müxtəlif səpgili obrazları məharətlə ifa edəcəyinə əminliklə ona yeni tamaşalarda əsas, xarakterik rolları həvalə edirlər.
Belə ki, 1996-2008-ci illər arasında Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində cürbəcür janrlarda 40-a yaxın obraz yaradan V.Rəcəblinin bir neçə rolu onun yaradıcılıq salnaməsinə qızıl hərflərlə həkk olunmuşdur. Həmin rolların siyahısı ilə oxucularımız da yaxından tanış olsalar yerinə düşər: Farmasyon Rüstəm – “Dəli yığıncağı” (C.Məmmədquluzadə), Saday bəy – “Hökmdar və qızı” (B.Vahabzadə), Qiyas – “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.Ordubadi), İlyas-Nizami Gəncəvi – “Məhsəti” (Kəmalə), Panteleymon Polikarpoviç – “Dəlixadan dəli qaçıb” (Elçin), Sağsağan – “Qarğanın iflası” (M.Quluyev), Əhəd –“Əlincə qalası” (H.Arzulu). Bu obrazlarda dramaturgiyanın bütün janrları öz əksini tapmışdır. Burada dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə
və alleqoriya vardır. Bu yeddi obraz bir daha Vidadi Rəcəblinin çeşidli janrlarda,
müxtəlif dövrlərə məxsus cürbəcür xarakterlərin öhdəsindən ustalıqla, layiqincə gələ bilməsinin bariz nümunəsidir.
Saday bəy – Vidadi Rəcəbli həm qəhrəmanının sevgilisinə olan saf və nakam məhəbbətini, həm də Qarabağa və onun xanına sadiqliyini, döyüşkənliyini, mərdliyini, təmkinliliyini rəngarəng çalarlarla tamaşaçıya çatdırır. İlyas isə dahi şairimiz Nizami Gəncəvinin gənclik dövrünü əks etdirir. V.Rəcəbli burada İlyasın ustadı Məhsəti Gəncəviyə olan hörmət və ehtiramını, qayğıkeşliyini, dövrünün haqsız oyunlarına, hakimiyyətin ədalətsizliyinə qarşı mübarizliyini və barışmazlığını düzgün ifadə etməyə nail olur. Məhsətinin Gəncədən sürgünolunma fərmanının verildiyi səhnədə İlyasın – Vidadinin emosional ifa tərzi, hökmdarın üzünə çılğınlıqla yağdırdığı ittihamlar, şairənin müdafiəsinə qalxan izdihamın başında duraraq bu fərmanın ləğvinə çalışması tamaşaçılar tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanır.
“Məhsəti” mənzum faciəsi Naxçıvan Dövlət Musiqili Dram Teatrında üç dəfə tamaşaya qoyulmuşdur. Əsərin ilk tamaşası 1964-cü il oktyabr ayının 24-də, Naxçıvan Teatrının bugünkü möhtəşəm binasının açılışı münasibətilə olmuşdur. Həmin gün əslində yeni bina ilə yanaşı adı və profili yenilənmiş qədim sənət ocağının – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının açılışı olmuşdur. “Məhsəti” də musiqili dram janrına cavab verən ilk tamaşa kimi 10 ilə yaxın repertuarda özünə möhkəm yer tutmuş, Naxçıvan Teatrının fəaliyyəti dövründə Bakıya ilk, tarixi səfəri zamanı – 1965-ci ildə paytaxt səhnəsində də nümayiş etdirilərək tamaşaçıların rəğbətini və görkəmli teatrşünasların, ədəbi tənqidin müsbət rəyini qazanmışdır.
1976-cı ildə “Məhsəti” yeni quruluşda tamaşaçılara təqdim olundu. Hər iki quruluşda İlyas rolunun ifaçıları özlərinəməxsus oyun tərzlərilə yadda qalmışdılar. Birinci və ikinci quruluşların həm məşqlərinin, həm də ilk tamaşalarının canlı şahidi kimi qətiyyətlə qeyd edə bilərəm ki, Vidadi Rəcəblinin İlyası tamamilə fərqli bir dəst-xətlə, lazım gəldikdə təmkini, lazım gəldikdə çılğınlığı ilə fərqlənən, humanistliyi, mübarizliyi, vətənpərvərliyi özündə birləşdirən istedadlı bir gənc şair kimi təqdim olunur və tamaşadan sonra xeyli müddət öz müsbət təsirini tamaşaçı hafizəsində saxlayır.
Məmmədsəid Ordubadinin eyniadlı əsəri əsasında Səid Rüstəmovun yazdığı “Beş manatlıq gəlin” musiqili komediyasındakı əsas qəhrəman – Qiyas obrazı Vidadi Rəcəblinin yeni aktyor keyfiyyətlərini üzə çıxartdı. Burada hər şeydən əvvəl
aktyor peşəkar bir vokalçı kimi istər solo, istərsə də duet ifalarını məharətlə yerinə yetirir. Digər bir tərəfdən o, komik situasiyalara özünün duzlu əlavələrilə rəngarənglik qataraq tamaşaçıya şirin gülüş və xoş ovqat bəxş edə bilir.
Panteleymon Poikarpoviç (Elçin “Dəlixanadan dəli qaçıb”) rolunda tamaşaçı tamamilə fərqli bir V.Rəcəbli görür. Bu, aktyorun ifa etdiyi qeyri-milli obrazlardan biri olmaqla yanaşı, demək olar ki, ən yapışıqlısıdır. “Aktyorun rol üzərində işləməsi” prinsipi müsbət nəticəsini Panteleymon Polikarpoviçdə - Vidadi Rəcəblidə özünü aydın biruzə verir. O, burada qəhrəmanına xüsusi danışıq tərzi taparaq, hərəkətlərində də məxsusi bir tərzlə fərqlənir. Komik anlarda bu obrazın – aktyorun ciddi davranışı çox təbii və səmimi gülüş doğurur.
Ümumiyyətlə, V.Rəcəblinin komik obrazlarında şarj yoxdur. O, tamaşaçını gülüş xatirinə güldürmür, düşündürərək güldürür. Onun faciəvi qəhrəmanları da belədir. Bu qəhrəmanlar sentimental səhnə yaratmaq xatirinə ağlamır, yaranmış vəziyyəti tamaşaçıya aydın dərk etdirərək ağlayır və onu da qəhərləndirir. Bu mənada aktyorun Əhəd rolu (Həmid Arzulu “Əlincə qalası”) qeyd olunanlara əyani sübutdur.
Vidadinin doğma kəndi Əmir Teymur kimi bir fatehə baş əyməyən məğrur Əlincə qalasının yaxınlığında yerləşir. Uşaq vaxtlarında, uzaqdan bu qalaya tamaşa edən, yeniyetməlik dövründə onun həndəvərində dolaşan, gənclik illərində isə dəfələrlə bura dırmaşıb ərazisini qarış-qarış gəzən Vidadi yəqin fikirləşməzdi ki, zaman gələcək və o, bu möhtəşəm qalanın qəhrəman müdafiəçilərindən birinin obrazını səhnədə canlandıracaq. Heç şübhəsiz ki, bu rol üzərində çalışarkən aktyor Əlincə qalasının hər bir daşında, divarında əbədi həkk olmuş insan surərlərini yadına salmış, onların mərdliyini, vüqarını, qeyrətini, azadlıqsevərliyini, vətənpərvərliyini gözləri önündə ümumiləşdirərək Əhədi canlandıra bilmişdir.
1998-ci ilin əvvəllərində - Naxçıvan Dövlət kukla Teatrının bədii rəhbəri və direktoru işlədiyim dövrdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktorluğu məni repertuarda olan alleqorik bir pyesin quruluşçu rejissoru olmağa dəvət etdi. Bu dəvəti məmnuniyyətlə qəbul edib Mərkəz Qacarın (Quluyevin) “Qarğanın iflası” pyesilə yaxından tanış oldum. Əsərdə respublikamızdakı 1989-cu ilin ictimai-siyasi prosesləri əks olunur. Hadisələr alleqoriya janrında təsvir edildiyindən buradakı obrazlar əsasən quşlardan və bir tülküdən ibarətdir. Rolları truppadakı gənc aktyorlar arasında böldüm. Qadın ifaçılardan bəziləri qədim sənət ocağında məhz bu tamaşada əsas rol almış, bəzisi də ilk dəfə səhnəyə çıxmışdı.
Baş rolları isə ( Qarğa, Sağsağan, Tülkü) təcrübəli kişi aktyorlara tapşırdım.
Qarğanın sağ əli, yaltaq və hiyləgər Sağsağan rolunda mən yalnız Vidadini görürdüm. O isə gümanımı yanıltmadı, etimadı layiqincə doğrultdu. Bu müvəffəqiyyət iki aydan artıq davam edən gərgin məşqlərin, səmərəli yaradıcı axtarışların, işin xeyrinə olan səmimi mübahisələrin, rejissorun tövsiyələrinə yerli-yerində əməl etməklə, səhnə mizanının və danışığının qayda və tələblərinə düzgün riayətin nəticəsi idi.
Tamaşada bütün obrazlar maskada görünürdü. İştirakçıların hamısı, o cümlədən Vidadi də əvvəldən axıradək bu “ağır yükü” səhnədə layiqincə çəkir və sonda rəğbətlə qarşılanmanın işarəsi olan alqışlarla maskanı çıxarıb baş əyirdilər. Sağsağan Vidadi Rəcəblinin yaradıcılığında yeni bir janr, yeni bir pillə, obrazları qalereyasında isə yeni, həm də orijinal bir portret oldu.
V.Rəcəblinin tarixi tamaşalarda yaratdığı obrazları xüsusi qeyd etmək lazımdır. Ayrı-ayrı dövrlərdən boylanan, müxtəlif xarakterli, bənzərsiz taleli bu şəxsiyyətlər aktyorun təqdimatında özünəməxsus yozumlarla tamaşaçıya çatdırılır. Onun İlyas-Nizami Gəncəvi, Saday bəy və Əhəd rolları ilə yanaşı duran Sabutay və Tus (H.Cavid “Topal Teymur”, “Səyavuş”), Cəfərqulu xan (N.Nərimanov “Nadir şah”), Əbubəkr (N.Həsənzadə “Atabəylər”), Veysəl bəy Ünüvar da (H.Eyvazlı “Araz sahilində doğan düşən”) gərgin zəhmətin, səmərəli axtarışların nəticəsi olaraq uğurlu yaradıcılığın parlaq nümunələridir.
Mahir aktyorun Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində bu günədək ifa etdiyi rolların sayı artıq 50-ni haqlayıb. Onlardan S.Vurğunun “Fərhad və Şirin”ində topal, Ü.Hacıbəyovun “Arşın mal alan”ında Süleyman, M.F.Axundovun “Lənkəran xanı vəzirinin sərgüzəşti”ndə eşikağası, “Quldurbasan ayı”sında Nəcəf, C.Məmmədquluzadənin “Qurbanəli bəy”ində aşbaz Əli, Mir Cəlalın “Dirilən adam”ında Sultanəli, Anarın “Qaravəlli”sində Əsgər Əsgərov, Elçinin “Mənim ərim dəlidir”ində dost, İ.Məlikzadənin “Gəl qohum olaq”ında Qarakişi, A.Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”nda Güloğlan, H.Arzulunun “Ərsizlər və arsızlar”ında türkiyəli, V.Qubarevin “Sehrli yaylıq”ında Pişikdiş kimi böyük-kiçik obrazlar sənətkara daha çox rəğbət və alqış qazandırıb ki, bu da dünyəvi teatr reformatoru K.S.Stanislavskinin “Böyük və ya kiçik rol yoxdur, böyük aktyor, yaxud kiçik aktyor vardır!” kəlamını Vidadi Rəcəblinin öz yaradıcılıq ampluası ilə təsdiqləyən bir cəhət kimi qiymətləndirilməlidir.
Teatrların “yaradıcılıq mətbəxi”ndə rast gəlinən hadisələrdən biri də aktyorun qəfildən tamaşaya gələ bilməməsidir. Bu cür hadisələr Naxçıvan Teatrının da tarixi ərzində dəfələrlə baş vermişdir. Belə bir əhvalat çağdaş günlərimizdə - “Atabəylər”
tamaşasının premyerası ərəfəsində də olmuşdur. İlk tamaşaya bir gün qalmış qəflətən məlum olur ki, Mahmud rolunun ifaçısı premyerada çıxış edə bilməyəcək. Bu tamaşada ümumiyyətlə iştirak etməyən, lakin vaxtaşırı məşq proseslərini izlədiyindən mizanları yaxşı bilən V.Rəcəbli Mahmud rolunun sözlərini bir günə, daha doğrusu 3 məşq ərzində mənimsəyərək böyük müvəffəqiyyətlə keçən premyerada bir neçə saat ərzində tanış olduğu obrazı uğurla canlandırır.
Vidadi Rəcəblinin 25 ildən artıq bir dövrü əhatə edən peşəkar yaradıcılıq fəaliyyəti çoxşaxəli olmuşdur. O, 1997-ci ildə səhnə fəaliyyətilə yanaşı özünü Naxçıvan Televiziyasının diktoru kimi də tamaşaçılara tanıtdırmış, burada ərsəyə gələn bir sıra teletamaşalarda yaddaqalan obrazlar canlandırmış, eyni zamanda Azərbaycan Televiziyasının Fəzlullah Nəimiyə həsr olunmuş ədəbi-bədii verilişindəki səhnəcikdə hürufi roluna çəkilmişdir.
1998-ci ildə muxtar respublikanın mədəni həyatında görülməmiş hadisə baş verdi – Naxçıvanda yerli kino həvəskarları tərəfindən ilk dəfə olaraq tammetrajlı bədii film çəkildi. Həvəskar “Vahid” Kino-Videostudiyasının məhsulu olan və əsasən Naxçıvanın peşəkar aktyorlarının çəkildiyi “Tale yükü” lirik-psixoloji filmində Vidadi Rəcəbli Səməd rolunu ifa etmişdir. Səməd aktyorun ilk bədii film təcrübəsi olsa da o, maraqlı oyun tərzilə öz rolunu filmdəki yaddaqalan obrazlar sırasına daxil edə bilmişdir.
2010-cu ildə V.Rəcəblinin “Kişilər bir olmur” adlı disk-albomu işıq üzü görmüşdür. Bu albomda aktyorun ifasında müxtəlif səpgili şeirlər səslənir. İndi həmin albomdan gələn səs Azərbaycan hüdudlarından kənarda da eşidilməkdədir. Bundan başqa internetin www.youtube.com saytında Vidadi Receb yazmaqla onun hərtərəfli yaradıcılığı ilə nəinki azərbaycanlı sənətsevərlər, həmçinin dünyanın hər hansı bir güşəsində milli aktyorlarımızla maraqlananlar ətraflı tanış olmaq imkanı əldə etmişlər.
V.Rəcəbli muxtar respublikanın ictimai həyatında da fəal iştirak etməklə vaxtaşırı dövlət tədbirlərində, Naxçıvan Dövlət Teleradiosunda, “Naxçıvanın səsi” Radiosunda, sərhəd bölgələrində, səngərlərdə, həmçinin el şənliklərində aparıcı və bədii qiraət ustası kimi çıxış edir. Bu hərtərəfli və səmərəli fəaliyyəti nəzərə alınmaqla onun fədakar zəhməti, istedadı hər zaman dövlətin diqqət və qayğısı əhatəsində olmuşdur. Görkəmli aktyor 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 2008-ci ildə - Naxçıvan Teatrının 125 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına, 2009-cu ildə isə Prezident mükafatına layiq görülmüşdür.
2004-cü ildə muxtar respublika rəhbərliyi tərəfindən yeni yaşayış binasında ikiotaqlı mənzillə təmin edilən Vidadi Rəcəbli şəxsi həyatında da bir neçə “fəxri ad” əldə edə bilmişdir. O, xoşbəxt ailənin qayğıkeş başçısı, iki övladının sevimli atası, nəvəsinin mehriban babasıdır. Məşhurluq ənənəsi ailədə davam etməkdədir. Oğlu Cavidan kikboksinq üzrə Azərbaycan çempionudur, qızı Nərmin isə “Gələcəyə inam” adlı şeirlər kitabının müəllifidir.
Bu il mart ayının 11-də 130-cu yaşına qədəm basmış qədim sənət məbədində bu ocağın bərq vuran közlərindən biri kimi istənilən anda alışaraq tamaşaçı qəlbini alovlandırmaq qüdrətinə malik olan sənətkara yeni-yenu yaradıcılıq uğurları arzu edirik.
ƏLƏKBƏR QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR