» » Firuzə Nəsibli : "Rus xarakteri" (Aleksey Tolstoy)-Tərcümə

Firuzə Nəsibli : "Rus xarakteri" (Aleksey Tolstoy)-Tərcümə

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 may 2014
//
Bölmə: Ədəbiyyat
Firuzə Nəsibli : "Rus xarakteri" (Aleksey Tolstoy)-Tərcümə


RUS XARAKTERİ

Rus xarakteri! – çox da böyük olmayan bir hekayə üçün olduqca əhəmiyyətli bir ad. Nə edəsən, sizinlə məhz rus xarakteri barədə danışmaq mənə xoşdur.

Rus xarakteri! Gəlin onu təsvir edək... Qəhrəmanlıqdan, igidlikdən danışaq! Onlar o qədərdir ki, onların hamısını yaxşı bilirəm. Elə mənim həyatımda ən yaddaqalan hadisələrdən biri də dostlarımdan birinin məni xilas etməsidir. O, faşistləri necə də məhv edirdi... mən nağıl danışmıram, hətta o, qırmızı ulduz taxır və sinəsinin yarısı ordenlərlə doludur. O, sadə, sakit adamdır. Saratov vilayətindəki kəndlərdən birində kolxozda işləyirdi. Dostlarının arasında gücü, qüvvəti, qədd-qaməti ilə seçilirdi və yaraşıqlı görünürdü. O, tankçı zirvəsinə yüksələndə müharibə başladı. Bu zaman o, tarladaca dəbilqəsini geyindi, şlemi yaş saçına keçirtdi və üzünə maz çəkib qətiyyətlə müharibəyə getdi.

Müharibədə nə etsən də, həmişə ölümə yaxın olursan. Müharibə səndə unudulmayan izlər də buraxır. İnsanın dərisi günəş şüalarının təsirindən yanır və s. Artıq cəfəngiyat sandıqlarına inanırsan.

Burada, əlbəttə ki, hər kəs istəyir ki, başqalarına yaxşı və sədaqətli yoldaş olsun. Ancaq mənim dostum Yeqor Dremov müharibəyədək ciddi davranışa malik biri idi və anası Mariya Polikarpovnaya da, atası Yeqoroviçə də son dərəcə hörmət edir və onları çox istəyirdi: “Mənim atam ciddi insandır, ilk öncə o, özünə hörmət edir. O, mənə həmişə deyir ki, oğlum, sən orada – cəbhədə çox şey görəcəksən, sərhədlərdə düşmənə qalib gələcəksən, bax o zaman rus olduğuna görə fəxr edəcəksən...”

Onun nişanlısı var idi. Biz onun nişanlısı ilə bağlı çox danışırdıq. Cəbhədə atışma olanda, bizə atəş açılanda nəsə danışmaq olduqca çətin olurdu. O zaman sanki yer, torpaq çatlayırdı. Lakin, ümumiyyətlə, onun hekayələrinə maraqla qulaq asırdıq. Misalçün, söhbətə belə başlayırdıq: “Sevgi nədir?”. Biri deyirdi: “Sevgi hörmət əsasında yaranır...”, digəri isə dava edirdi: “Ciddi heç nə olmur, sevgi bir vərdişdir, insan təkcə arvadını deyil, atası ilə anasını, hətta heyvanları belə sevir...”. O birisi deyirdi: “Tfu, kütbeyin! Sevgi elə bir şeydir ki, hər şey səndə coşub-daşanda, qaynayanda insan elə bilir ki, sərxoş kimi yeriyir...”. Və beləcə bir dost kimi hər vaxt, həmişə filosofluq edirdik, bir-birimizə söhbət zamanı müdaxilə edirdik. Aramızda starşinalar çox idi. Heç bir səs bizi söhbətimizdən yayındırmırdı. Yeqor Dremovu isə söhbət zamanı sıxışdırmalı olurduq. O mənimlə danışanda çox vaxt nişanlısını xatırlayırdı. Nişanlısı çox yaxşı qız imiş və onu gözləyəcəyini deyirmiş. Təbii ki, Yeqor sevə-sevə geri qayıtsaydı...

O, müharibədə göstərdiyi igidlik barədə də boşboğazlıq edib danışmağı sevmirdi: “Belə şeyləri yada salmaq istəmirəm!”. Belə söhbətləri dərhal yığışdırırdı. Onun döyüşlərdə göstərdiyi mübarizəni, şücaəti biz tankın ekipaj üzvlərinin danışdıqlarından bilirdik, xüsusilə də, sürücü Çuvilevdən eşitdiklərimizə təəccüblənirdik:

– Bilirsiniz, biz onda cəbhədə sıraya düzülmüşdük, bir də gördüm ki, uzaqdan nə isə gəlir. Qışqırdım: “Yoldaş leytenant, tank!”. “İrəli, – qışqırdı, – sürətlə!...” Mən tez küknarın budaqları ilə öz tankımızın üstünü örtdüm. Düşmən tankı isə dayanmadan bizə hücum elədi. Leytenant isə artıq ona zərbə endirmiş, atəş açmışdı... Hətta o, tankın üstündəki pulemyotun lüləsini də yuxarı qaldırdı... Üçüncü dəfə isə səngərlərin hər yerindən tüstü çıxmağa başladı... Yüz metr hündürlükdə üzüyuxarı alov qalxdı... Ekipaj isə ehtiyat qüvvələrlə birlikdə hücuma keçdi... Pulemyotçu Vanka Lapşin atəş açdı, düşmən əsgərləri yerə uzanmalı oldular... Beş dəqiqədən sonra özümüzü bir kəndə çatdırdıq. Mən ancaq orada sağ qaldığımı hiss elədim... Faşistlər isə hara gəldi qaçırdılar... Onlardan biri çəkməsini çıxardı, çəkmədən palçıq çıxdı, o və digəri ayağında corabla birlikdə anbara qaçdılar. Leytenant mənə əmr verdi: “Tez anbarın üstünə sür”. Biz topu çevirdik, mən isə tam sürətlə anbara tərəf sürdüm... Dəhşət! Taxtaları, kərpicləri, bir də damda oturan faşistləri gördük. Hitlerin şəklində isə təkcə onun yuxarı qalxmış əli qalmışdı...

Beləcə Yeqor Dremov vuruşdu və onun başına heç bir fəlakət gəlmədi. Kursk ətrafındakı döyüşlərdə almanlar artıq çox sayda itki vermişdilər və geri çəkilirdilər. Onun – Yeqorun tankını isə təpəlikdən – buğda zəmisindən vurub salmışdılar. Orada ekipajdan iki nəfər ölmüşdü. İkinci tankı da vurmuşdular və tank alışıb yanırdı. Sürücü Çuvilev isə qabaqdakı döngənin yanından sürüb keçdi. O, özünü yetirib leytenantı güclə çəkib çıxartdı. Leytenant Yeqor Dremov şüursuz şəkildə qalmışdı. Onun kombinezonu yanırdı. Çuvilev tez leytenantı sürüyüb apardı, amma tank çətinliklə görünürdü, təxminən əlli metr uzaqlıqda idi. Leytenantın üzündə, paltarında yanıqlar var idi. Çuvilev onun paltarının yanan hissəsini söndürdü. Sonra onu bombaların açdığı çuxurlardan keçərək çətinliklə məntəqəyə apardı... Çuvilev deyirdi: “Eşidirəm, onun ürəyi döyünür...”

Yeqor Dremov yaşayırdı, hətta görmə qabiliyyətini də itirməmişdi. Hərçənd ki, sifətində xəsarət çox idi. O, səkkiz ay hospitalda yatdı. Onun sifətində plastik əməliyyat apardılar, burnunu, dodağını, göz qapaqlarını, bir də qulaqlarını bərpa elədilər. Səkkiz aydan sonra onun sarğılarını açdılar. Və səkkiz aydan sonra o, özünə baxdı, sifətinə isə baxa bilmədi. Tibb bacısı ona balaca bir güzgü verdi, sonra isə arxasını çevirib ağladı. Yeqor həmin dəqiqə tez güzgünü ona qaytardı:

– Çox pisdir, – dedi.

O, bir daha tibb bacısından güzgünü istəmədi, ancaq tez-tez əlini üzündə gəzdirirdi və bu halına öyrəşməyə çalışırdı. Komissiya il ərzində onu tapıb yenidən hərbi xidmətə göndərdi. O, generalın yanına gələndə dedi: “İcazənizlə, sizdən alaya qayıtmağımı xahiş edirəm. General cavab verdi: “Axı siz əlilsiniz”. “Xeyr, mən şikəstəm, amma bu, mənə mane olmur, həm də üzüm tamamilə əvvəlki vəziyyətinə qayıdıb”, – deyə bildirdi. O, sağlamlığının tamamilə əvvəlki vəziyyətinə qayıtması üçün iyirmi günlük məzuniyyət aldı. Və evə, ana-atasının yanına getdi. Bu da həmin ilin mart ayına təsadüf edirdi.

O, stansiyada fikirləşdi ki, on səkkiz verstlik yolu piyada getsin və belə də etdi. Hər tərəfi qar örtmüşdü, hava rütubətli idi. Külək az qala şinelini aparırdı, qulaqları qıpqırmızı olmuşdu. O, kəndə çatanda artıq qaranlıq idi. Hündür bir qapı yırğalanır və cırıldayırdı. Bu, valideynlərinin daxması idi. Birdən dayandı, əllərini cibinə saldı. Başını buladı. Evin yanından geri döndü. Ayağını qarın içinə basdı, pəncərəyə tərəf əyildi, stolun üstündə qoyulan lampanın işığında anasını gördü. Başına tünd rəngdə yaylıq bağlamışdı, sakit, ağırtərpənən və mehriban görünürdü, şam etmək üçün süfrəni hazırlayırdı. Yeqorun arıq çiyni dik durdu... “Of, mən ona hər gün özüm barədə iki kəlmə də olsa, arzularımı yazmalı idim...”, – deyə düşündü. Anası stola fincanda süd, fal-fal doğranmış çörək, iki qaşıq, duzqabı qoydu və stolun yanında dayandı, arıq əllərini sinəsinə qoyub fikrə getdi... Yeqor Dremov pəncərədən anasına baxdı və onu qorxutmamaq qərarına gəldi.

O, kiçik qapıya tərəf çevrildi, həyətə girdi və artırmaya daxil oldu. Anası qa-pıya yaxınlaşdı: “Kimdir?”, – deyə soruşdu.

– Leytenant, Sovet İttifaqı Qəhrəmanı...

Ürəyi döyündü, çiynini qapının üst tirinə dirədi. Yox, anası onun səsini tanımadı. O, özü də bütün əməliyyatlardan sonra səsini birinci dəfə eşidəndə dəyişdiyini hiss eləmişdi. Onun səsi indi xırıltılı , boğuq və anlaşılmaz idi.

– Oğlum, sənə nə lazımdır? – soruşdu Mariya Polikarpovna.

– Baş leytenant Dremovdan salam gətirmişəm.

Onda qadın qapını açdı, ona yaxınlaşdı, əllərini yanaşı qoyub dedi:

– Mənim Yeqorum yaşayır? Yaxşıdır? Oğlum, gəl, içəri keç.

Yeqor Dremov ən çox sevdiyi yerdə, skamyada oturdu. Onun oturduğu tərəfdən ayaqları yerə çatmırdı. Ana isə onun qıvrımsaç başını sığalladı və dedi: “Uzan, quzum”. Yeqor ona oğlundan, yəni özündən təfərrüatı ilə – nə yediyindən, nə içdiyindən, heç nəyə ehtiyac duymadığından, öz tankı ilə haralarda iştirak etdiyindən danışmağa başladı.

– De görüm, müharibə qorxuludur? – qadın sözünü kəsdi və onun gözlərinə diqqətlə baxdı.

– Hə, əlbəttə ki, qorxuludur, anacan, hər halda həmişə belə olub.

Az sonra atası gəldi. Yeqoroviç də bu illər ərzində qocalmışdı: onun saqqalı un kimi ağappaq olmuşdu. O, yorğun görünürdü, tələsmədən şərfini açdı, soyundu, stola tərəf gəldi, əl verib salamlaşdı. Ax, necə də tanış, çox geniş, dürüst bir atanın əli idi! O, heç nə soruşmadı, ona görə ki hər şey aydın idi: burada ordenli bir qonaq oturmuşdu. Kişi əyləşdi və gözlərini qıyıb oğlanı dinləməyə başladı.

Leytenant Dremov isə tanınmaz bir halda əyləşib özündən danışırdı, lakin özünün olduğunu onlara açıb deyə bilməzdi. Amma bunu da düşünürdü: Hə, siz mənim valideynlərim, atamla anamsınız!... Valideynləri ilə bir stolda əyləşmək onun üçün xoş idi, həm də ona ağır gəlirdi... Atası dilləndi:

– Nə oldu, gəlin axşam yeməyini yeyək, qonaq üçün bir şeylər qoy.

Yeqoroviç köhnə bir şkafın qapısını açdı. Şkafın küncündə balıq tutmaq üçün tilov qoyulmuşdu. Burada lüləyi qırıq çaydan, çörək qırıntıları və soğan qabıqları var idi. Yeqoroviç şüşə qabı götürdü. Orada iki stəkan da var idi.

Əvvəlki illərdə olduğu kimi axşam yeməyi üçün süfrə arxasına əyləşdilər. Və yalnız yemək vaxtı baş leytenant Dremov gördü ki, anası olduqca diqqətlə onun əllərinə, əlindəki qaşığa baxır.

Sonra ordan-burdan, bu il yazın necə keçəcəyindən, camaatın əkinin öhdəsindən gələ bilməsindən, həmçinin bu yay müharibənin qurtaracağını gözlədiklərindən danışdılar.
– Yeqoroviç, nəyə görə belə fikirləşirsiniz ki, bu yay müharibənin qurtarmasını gözləmək lazımdır?
– Müharibə ucbatından çoxlu ölüm, itkilər oldu, – Yeqoroviç cavab verdi, – indi onu dayandıra bilmirsən, həm də almanlar təslim olurlar.
Mariya Polikarpovna soruşdu:
– Siz heç danışmadınız ki, ona nə vaxt məzuniyyət verirlər, o, bizə nə vaxt gəlib baş çəkəcək? Üç ildir ki, biz onu görmürük, bəlkə də böyüyübdür... Bax hər gün bir ölünü gətirirlər... Görəsən, onun səsi kobudlaşıb?
– Bəlkə də gələr, – leytenant dedi.

O, həmin gecə ocağın yanında yatdı. Yatarkən də hər bir kərpici, divardakı hər bir çatı, tavandakı hər oduncağı yadına saldı. Bu zaman damın üstündən mart küləyi əsirdi. Atası arakəsmədən otağa daxil oldu. Anası da gəldi, o da yatmamışdı. Leytenant isə uzandı, əlini üzünə tutub: “Görəsən, doğrudanmı, anam məni tanıdığını boynuna almadı? – deyə fikirləşdi, – doğrudanmı? Ana, ana...”

Səhər tezdən o durub cırıldayan qapını açdı. Anası ehtiyatla ocağı qurdalayırdı. Qapıda çəkmələrinin durduğunu gördü.

– Sən darı yarması ilə bişmiş fəsəli yeyirsən? – anası soruşdu.

O dərhal cavab vermədi, köynəyini geyindi, kəmərini taxdı və ayaqyalın stulda oturdu.

– Deyin görüm, sizin kəndinizdə Katya Malışeva – Andrey Stepanoviç Malışevin qızı yaşayır?

– O, keçən il kursu bitirdi, bizim kənddə müəllimə işləyir. Sizə onu görmək lazımdır?

– Oğlunuz mütləq ona salamını çatdırmağımı xahiş eləmişdi.

Anası onu qonşudakı qızın yanına yolladı. Leytenant Katya Malışeva ilə qarşılaşanda ona tərəf irəliləyə bilmədi. Onun iri solğun gözləri parladı, təəccüblə qaşlarını yuxarı qaldırdı, yanaqları sevincdən qızardı. Yaylığını başından açıb enli çiyinlərinə atanda Yeqor az qala özünü itirdi. İncə, şən, zərif, mehriban, həmçinin gözəl olan bu qız daxmaya daxil olanda bütün ev işıqlanmağa başladı...

– Siz Yeqordan salam gətirmişsiniz? Mən hər gün, hər gecə onu gözləyirəm, mənə ondan danışın...

Katya ona yaxın gəldi və leytenanta diqqətlə baxdı, sanki sinəsinə yavaşca zərbə endirdilər. Geri çəkildi, qorxdu. Bu anda Yeqor qətiyyətlə əsgər paltarında olan bu şəxsin özü olduğunu gizlətməyi qərara aldı.

Anası isti südlə, darı yarması ilə bişmiş fəsəlini gətirdi. Yeqor yenidən leytenant Dremovdan danışmağa başladı. Onun müharibədəki igidliyindən söz açdı. O, aramsız danışdı və başını qaldırıb Katyanın gözlərinə baxmadı, çünki onun mehriban sifətində öz çirkinliyini, pisliyini əks etdirmək istəmirdi. Sonra o, necə gəlmişdisə, eləcə də stansiyaya piyada getdi.
Bütün bu hadisələrə görə o, çox əzab çəkirdi, hətta o dayanıb əli ilə sifətinə vurdu və yalnız bu sözləri təkrar eləyirdi: “İndi nə edəcəm?”
O, öz alayına – arxa cəbhədəki əlavə qoşuna qayıtdı. Əsgər yoldaşları onu, həqiqətən, böyük bir sevinclə qarşıladılar. Yeqor belə qərara gəldi ki, onun bədbəxtliyi barədə heç nə bilməyən anasını uzun müddət xatırlamasın, Katya ilə bağlı nə var idisə, hamısını ürəyindən çıxartsın.

...İki həftədən sonra leytenanta anasından məktub gəldi: “Salam, oğlum. Sənin üçün narahatam, nə fikirləşim, nə yazım bilmirəm. Bizə sənin göndərdiyin bir adam gəlmişdi. Çox yaxşı adam idi, amma qəribə hərəkət edirdi. Qalmaq istədi, sonra da dərhal yığışıb getdi. Oğlum, o vaxtdan gecələr yatmıram. O gələn sən deyildin ki? Yeqoroviç buna görə məni danlayır, deyir ki, sən qocasan, dəli olmusan, bizə gələn oğlan bizim oğlumuz olsaydı, heç belə edərdi? Nəyə görə özünü bildirmirsən? Əgər belə sifətdə o bizə gələn oğlan sənsənsə, vətən uğrunda döyüşüb bu hala düşdüyünə görə fəxr etmək lazımdır. Yeqoroviç sonra mənə deyir ki, ancaq ana ürəyi hər şeyi hiss edir, görür, onda o, bizim oğlumuzdur!.. Sobanın yanında yatan mənim oğlum idi. Mən onu qızın yanına aparanda ağladım, hə, odur bizim oğlumuz!... Yeqoruşka, mənə məktub yaz, müqəddəs İsanın xatirinə, məni unutmusan sən, nə olub? Ya da doğrudan da, mən dəli olmuşam...”
Yeqor Dremov bu məktubu mənə – İvan Sudarevə göstərdi, öz hekayəsini danışdı, əlləri ilə gözlərini sildi. Mən ona dedim: “Bax, deyirəm də, xarakterləriniz üst-üstə düşür! Sən axmaqsan, axmaq! Tez ol, anana məktub yaz! Ondan üzr istə, onu dəli eləmə... Sənin siman ona çox lazımdır! O, hələ də səni çox sevir.”

O elə həmin gün məktub yazdı: “Əziz valideynlərim, Mariya Polikarpovna və Yeqoroviç, ədəbsizliyimə görə sizdən üzr istəyirəm, mən, həqiqətən, sizin oğlunuzam...” və beləcə balaca xətlə dörd səhifə, daha sonra isə iyirmi səhifə də yazdı.

Bir müddət keçdi. Bir dəfə biz poliqonda dayanmışdıq. Bir əsgər qaçaraq bizə tərəf gəldi və Yeqor Dremova dedi: “Yoldaş kapitan, sizi soruşurlar...!” Biz qəsəbəyə getdik, Dremovla birgə qaldığımız daxmaya çatdıq. Gördüm ki, o, özündə deyil. Daxmaya girdik, o, məndən qabaqda durmuşdu və mən eşitdim: “Anacan, salam, bu mənəm!...”. Gördüm ki, balacaboy qoca bir qadın başını onun sinəsinə qoyub ağladı. Ana ilə oğul bir-birilərinə baxdılar, sonra anası orada olan başqa bir qadını göstərdi. Bu gözəl qızın üzünü bu vaxtacan görməmişdim.

Yeqor anasını qoyub bu qızın yanına gəldi. Mən artıq başa düşdüm ki, bütün bu olanlar müharibədən qorxmağın təcəssümü idi. “Katya, – dedi, – niyə gəlmisiniz? Siz gözləyəcəyinizi söz vermişdiniz, bunu yox...”. Gözəl Katya cavab verdi: “Mən həyətə çıxanda, bu söhbəti eşitdim. Yeqor, mən sizinlə həmişəlik yaşamağı düşünmüşəm. Bu hala düşməyiniz sizin günahınız deyil, əksinə sizin üçün şərəfdir. Bu şərəf həm də mənə və sizin ailənizə də məxsusdur!”
Hə, bax budur rus xarakteri !

Ruscadan tərcümə edəni: Firuzə NƏSİBLİ



QafqazPRESS.az
banner125x125 banner125x125