» » Onlar üç kişiydilər-Vüqar, Knyaz, Rəşid

Onlar üç kişiydilər-Vüqar, Knyaz, Rəşid

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 avqust 2014
//
Bölmə: Ədəbiyyat
Onlar üç kişiydilər-Vüqar, Knyaz, Rəşid



Cəlil Cavanşir yazır...

Cəbhədən gələn xəbərləri hər gün narahatlıqla, gərginliklə izləyirik. Son günlər cəbhə xəttində atəşkəs pozulur və Qarabağ savaşında atəşkəs elan olunduqdan sonra dünyaya göz açan uşaqlar şəhid olur. Narahatlıqla izləyirik cəbhədə baş verənləri. Hansı səbəblə başlamasından asılı olmayaraq müharibə insan qırğınından başqa bir şey deyil. Hər şəhid xəbərini eşitdikcə içimdə nə isə qırılır.

Oğlumun və bütün vətən övladlarının taleyini düşünürəm...

...Uşaqlığım Qarabağ savaşının başlanması ilə üst-üstə düşür. Kəndimizə gələn şəhid cənazələri, 2-3 gün öncə boy-buxununa, yerişinə qürurla baxdığımız, barmaqla göstərdiyimiz cavanların balaca bir tabutda geri dönməsi uşaqlığımın ən ağrılı xatirəsidir. Hələ sinfimizə Qarabağın müxtəlif yerlərindən gələn solğun bənizli, ümidsiz gözlərini bir nöqtəyə zilləyib susan qaçqın uşaqların çarəsiz baxışları...

Könüllü gedənlər də vardı, zorla aparılanlar da...

Üstündən 20 ildən çox keçməsinə baxmayaraq hələ də unutmadığım xatirələr var.

Məsələn, kəndimizin ilk şəhidi Vüqarın döyüşə yollanmadan öncə valideynlərimlə görüşə gəlməsi yadımdadır. Valideynlərim Vüqarın; kəndimizin ilk şəhidi Vüqar İbrahimova dərs demişdilər. Vüqar Rusiyaya getmək üçün rus dili öyrənirdi və evimizin ən sevimli qonağıydı. Onun şəhid düşdüyü gün anamın necə hönkürüb ağlaması hələ də gözümün qabağındadır...Qeyri-bərabər döyüşdə, təxminən on beş erməni ilə əlbəyaxa döyüşdə şəhid edilmişdi Vüqar...
Məktəbimizdə keçirilən anım günlərində Vüqarı bu şeir parçası ilə anırdıq:

Kəndin ilk şəhidi oldun, ay Vüqar
Anan necə dözsün bu boyda dərdə
Qalacaq yadında xatirələrin
Səni görməyəcək axı o bir də...

Sinif yoldaşım Tələtin əmisi Rəşid... Ali məktəb imtahanlarını yarımçıq qoyub döyüşə yollanmağı seçmişdi. Kəndimizdə ot biçini idi. Gülərüzlü, mehriban və utancaq Rəşidin döyüşə yollanmamışdan bir neçə gün əvvəl bizi çaya çimməyə aparması hələ də xatirimdədir...

Və ya çəpər qonşumuz Knyaz... Çağırış vərəqini alanda yerə-göyə sığmırdı. Sanki toya hazırlaşdı. Birlikdə qonşudan məclis samovarı götürməyə getmişdik. Samovarı götürüb qapıdan çıxanda Knyazın sinif yoldaşıyala vidalaşmasını heç vaxt unutmayacağam.

“Hələlik ay....(adını özüm yazmıram, bəlkə də indi əsgər anasıdır), məni unutma ha... Bəlkə heç qayıtmadım...”

Qayıtmadı Knyaz... Döyüşlərin birində itkin düşdü və 20 ildən çoxdur ki, yaxınları ondan heç bir xəbər ala bilmir.
Atası da, anası da onun nisgili ilə köçdü dünyadan...

Kəndimiz on yeddi şəhid verdi Birinci Qarabağ savaşında. Hər il yanvarın 20-də bizi əvvəlcə bizi-üç məktəbin şagirdlərini kəndimizin “Şəhidlər xiyabanına” aparır, ordan da məktəblərdə keçirilən anım tədbirinə gətirirdilər... Süni qərənfillərdən hazırlanmış əklillər və başdaşılarından boylanan cavan, bığıburma oğlanlar hələ də gözümün qabağından getmir...
İlk yeddi şəhiddən sonra yazılan və az qala səkkiz il anım günlərində eşitdiyim bu şeir parçası da heç vaxt yadımdan çıxmaz:

Kəndimin neçə mərd, igid oğlunun
Şəhidlik yazıldı alın, baxtına
Bu yeddi igidin, yeddi şəhidin
Təkcə biri çıxdı bəylik taxtına...

...Hərbi xidmətdə olsam da, müharibələrə, döyüşlərə, hər cür silahlanmaya, hər cür silaha, qana nifrət edirəm. Düşüncə olaraq antimilitarizmə yaxınam. Amma başa düşürəm ki, antimilitarist düşüncə sərhədlərin və imperiyaların olmadığı bir dünyada aktualdır. Utopik arzularımın üstündən xətt çəkib Qarabağın geri qaytarılacağı həlledici savaşı dəstəkləyirəm. Bəladan qaça bilmiriksə, onu qarşılamağa tələsməliyik.

Şüarçılıq etmək istəmirəm, amma bu məqamda məhz şuarçılığa, ruh yüksəkliyinə ehtiyac var. Məsələ ciddidir. Bir xalq kimi üzərimizdəki ləkəni təmizləmək üçün sonuncu şansımız qələbədir. Qələbə üçün hamımız bir olmalıyıq!

Məhz tarixin bu dönəmində xalq olaraq qələbəyə ehtiyacımız var. Növbəti onillikdə oğlumun şəhidlərə həsr olunmuş şeirlərlə böyüməsini, marşlar əzbərləməsini istəmirəm. Oğlumun qələbə şeirləri oxumasını, qalib kimi böyüməsini, başı dik gəzməsini istəyirəm! Oğluma tez-tez şəhidlərdən danışacağam. Amma çox istərdim ki, oğluma qələbə günündə, arzuladığım o günün memarlarından danışım...

Yox, ən yaxşısı ona qəhrəmanlıq hekayələrini anası, nənəsi, babası, müəllimləri danışsın...

Mən isə hələ gəncəm, silah tuta, döyüşə bilərəm...

P.S.: Hər gün cəbhədən müxtəlif xəbərlər gəlir. Bəzən bu xəbərləri vicdansızcasına təhrif edənlər, bu xəbərlərlə alver edənlər, insanları çaşdıranlar da tapılır. Mediada qeyri-peşəkarların çoxalmasının ağrısını çəkirik. Hadisələrə heç bir dəxli olmayan xəbərlər, videolar, fotolar paylaşılır. Bütün bunlar vicdan məsələsidir. Belə həlledici məqamlarda vicdan hissindən məhrum olanların meydan sulaması yolverilməzdir. Şəxsən mənim üçün müharibə, savaş çox həssas məsələdir. Yalan xəbərlərlə əsəblərimizlə oynayanları bağışlamaq fikrim yoxdur. Belələrini qınamaq yox, lənətləmək lazımdır.



QafqazPRESS.az
banner125x125 banner125x125