NAĞILLARLA BAŞLAYAN SƏHNƏ SEVGİM

KƏMALƏ
Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi,
Prezident təqaüdçüsü
Mən nağılları çox oxuyar və onları səhnələşdirib, məhəllə uşaqları ilə oynayardıq. Həyətimizdəki taxtın üstü səhnəmiz idi. Mən gah rejissor, gah Məlikməmməd, gah üçüncü gözəl olurdum.
O zamanın yadigar uşaqlarından indi həyatda olanlardan tez-tez görüşdüyüm kiçik qaynım, tanınmış rəssam, poliqrafçı, 40 ildən artıq indiki “Azərbaycan” Nəşriyyatında bədii redaktor və məsul redaktor vəzifələrində çalışmış Həmid Qasımov və ən sevimli rəfiqələrimdən olan, hazırda F, Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru işləyən Fizurə xanımdır. Onları hər görəndə o nağıllı, səhnəli uşaqlıq illərim yadıma düşür, biz mehribanca görüşüb, o illəri xoş xatirələrlə yad edirik.
Qış aylarında mən, evimizdə bacı-qardaşlarımı bir yerə toplayıb sevinclə elan edərdim: “Teatr veririk!” Onlar düzülüb oturar, biri otaqların arasındakı pərdələri açmaqda mənə kömək edərdi. Mən divlə vuruşmağa hazırlaşan Məlikməmməd olardım. “Tamaşa” boyu atam kamançada müxtəlif havalar ifa edərdi. Qış aylarında həyətdəki səhnəmiz yalqız qalıb kədərə qərq olardı.
Mənim səhnə eşqim sonsuz idi. Naxçıvan Dövlət Dram Teatrında çalışan əmim arvadı Zərifə xanım (50 ildən artıq bu teatrda paltar sexinin müdiri olmuş, MR əməkdar mədəniyyət işçisi Z. Ağayeva) axşamlar işə gedərkən onun yanına düşüb teatra gedərdim. Baxmayaraq ki, anam məni danlayardı, amma ağlamaq həddinə çatsam belə istəyimə nail olurdum. Ən çox sevdiyim Mir İbrahim Həmzəyevi və Zəroş xanımı hər gün səhnədə görməsəydim, oturub ağlayardım. Bir dəfə əmim arvadı ilə gedə bilmədiyim üçün ona dedim: “Əmmə, nə olar, ordakı afişadan bir parça kəs mənə gətir, barı onu qoxulayım sakit olum, yoxsa ölərəm”.
Böyüdükdən sonra Allah mənə elə bir həyat yoldaşı nəsib etdi ki, onun vasitəsilə teatr aləminə həmişəlik bağlandım. O, mənə teatr aləminin, dramaturgiyanın sirlərini çox gözəl anladır, ilk pyesim üzərində işlərkən məni istiqamətləndirirdi. Tale belə gətirdi ki, Naxçıvan Teatrının ilk ədəbi hissə müdiri olmaq mənə müyəssər oldu (1968-1990-cı illər).
Mən 22 ildən çox – bu ştat teatrda təsis olunduğu vaxtdan – həmin vəzifədə çalışdım və dramaturgiya sahəsində uğurlar qazandım. Sonralar eyni vəzifəni yenicə təşkil olunmuş Naxçıvan Dövlət Kukla Teatrında 13 ildən artıq bir müddətdə yerinə yetirərkən uşaqlar üçün də mövzusu məşhur nağıllarımızdan alınmış mənzum-pyeslər yazdım
Böyük qürur hissi keçirirəm ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrının bugünkü möhtəşəm binasının təntənəli açılışı 1964-cü ilin oktyabrında mənim dramaturgiyada ilk qələm təcrübəm olan “Məhsəti” mənzum-dramımın premyerası ilə olmuşdur. Naxçıvan Teatrı və mənim üçün ən unudulmaz günün o sevincli anları indi də gözlərim önündə, pərdələrarası gurlayan və üst-üstə yarım saatı ötən sürəkli tamaşaçı alqışlarının sədası qulaqlarımdadır.
Həmin gün bütün tamaşaçıların xoş gülüşünə və alqışına səbəb olan əcaib, gözlənilməz bir hadisə də baş verdi. Əsəri və aktyorların gözəl ifalarını rəğbətlə qarşılayan tamaşaçılar finalı gözləmədən, ikinci pərdədən sonra kəsilməyən gurultulu alqışlarla bütün yaradıcı heyəti pərdə önünə dəvət etdilər. Mən də 5 yaşlı oğlumla tamaşa zalında, onları alqışlayanlar arasında idim. Bu zaman zaldan ucalan “Müəllif! Müəllif!” sədaları məni diksindirdi. Bir an yerimdə donub qaldım. Bu gün mən də sonda pərdə önünə çıxacağımı bilirdim, amma bu tezlikdə gözləmədiyimdən çaşıb nə qərar verəcəyimi bilmirdim. Ətrafımda məni tanıyanlar mütləq səhnəyə çıxmalı olduğumu xatırladırdılar. Mən çox utanırdım və ona görə də ilk sıralarda olmağıma baxmayaraq səhnəyə zaldan deyil, pərdə arxasından çıxmağıma qərar verdim. Oğlumun əlindən yapışıb onu özümə dayaq bilərək titrəyə-titrəyə bu alqışlar altında zaldan çıxdım və foyedən səhnəyə keçdim. Pərdə arxasında olan digər aktyorlar tez əllərimdən tutub məni pərdə önünə apardılar. Uşağı əmim arvadına tapşırıb bir anda özümü səhnəyə alqış yağdıran tamaşaçılarla üzbəüz gördüm. Bu qədər məşq günlərində tamaşa zalını belə nəhəng görməmişdim. Amfiteatrdan parterə, oradan da orkestr xəndəyinədək sanki insan seli gəlirdi. Üçüncü mərtəbədəki lojalar da dopdolu idi.
Artıq səhnənin tam mərkəzində idim. Mənə elə gəlirdi ki, həyəcandan bu dəqiqə tamaşaçılarla bizi uçurum kimi ayıran orkestr xəndəyinə yuvarlanacağam. Lakin oradan musiqiçilərin də böyük sevinclə məni alqışladıqlarını görüb bir az toxtaqlıq tapdım. Bir dəqiqə keçməmiş qucağıma dolan gül dəstələrindən artıq tamaşaçıları görməz olmuşdum. Üzümün görünməməsi də məni bir az sakitləşdirsə də həyəcanım keçməmişdi. 3-4 dəqiqədən sonra hamımız pərdə arxasına keçsək də alqışlar hələ də səngiməmişdi. Məni gül dəstələrilə birlikdə kimlərin tamaşa zalına gətirib yerimdə oturmağıma kömək etdiyini xatırlaya bilmirəm. Çünki hələ özümə gəlməmiş tamaşa zalına daxil olan kimi alqış sədaları yenidən gurladı. Mən başıaşağı birtəhər gəlib yerimdə oturdum. Gül dəstələrini yanımdakı boş kresloya yerləşdirib ətrafımdakı onlarla insanın təbrikinə minnətdarlığımı bildirirdim.
Zalın işıqları sönər-sönməz üçüncü pərdə başlamamış birdən tamaşaçıların qəhqəhə qarışıq alqışlarını eşidib nə olduğunu anlamaq üçün başımı qaldırıb qeyri-ixtiyari səhnəyə baxdım. Düz mərkəzdə, açılmamış pərdələrin arasından, projektorların işıqları altında balaca bir uşaq başı görünürdü. Yanımdakı bir səs sanki məni yuxudan ayıltdı: “O, Ələkbər deyil?” Bir anda kiminsə arxadan onu çəkib pərdəni düzəltdiyini hiss etdim və uşağı səhnədə unudub gəldiyimi, gül dəstələrini də onun oturduğu kresloya yığdığımı anladım.
İlk tamaşa böyük uğurla keçdi. Muxtar respublika rəhbərliyi, Bakıdan gələn qonaqlar və bütün tamaşaçılar teatrın yeni binasından və onun ilk tamaşasından xoş təəssüratla ayrıldılar. Biz gecədən xeyli keçmiş evə gəlsək də valideynlərinin sevincini bölüşən və hələ də yatmaq fikrində olmayan Ələkbərdən niyə pərdədən baxdığını soruşduq. O dedi: “Çıqqılı tyatrda pərdələr yoxuydu. Neçə gündü yekə tyatrda görürəm ki, ucaaa pərdələr açılır-bağlanır, açılır-bağlanır. Deyirdim görəsən onnarın bitişən yeri hardadı? İndi də gördüm səhnədəyəm, hamının başı qarışıb, papa da mənə baxmır, deyir: onu bura gətirin, bunu ora qoyun, papağıvın lələyi hanı, rübəndi möhkəm bərkit... nə bilim nə. Onda dedim yaxşı vaxtdı, görüm axı, bu pərdələrin bitişən yeri haradı? Lap qıraxda durmuşdum, elə ordan pərdəni vıra-vıra gəldim, bir də gördüm pərdə aralandı. Səhnəyə də rəyhbərəyh işıxlar düşmüşdü. İstədim baxım ki, bu biri tərəfə də işıxlar düşüb ya yox. Başımı çıxardanda gördüm qaranlıxda nə qədər adam var... Onlar da məni görüb güldülər, əl çaldılar. Noossun gör neçə vaxtdı siznən məşqə gedib-gəlirəm. Mənə də əl çalmalıdılar daa!”
Uşağın bu izahatına mən də, atası da xeyli güldük. Dedim: eybi yoxdur, böyüyəndə sən də rejissor olarsan, biz də sənin məşqlərinə gedib-gələrik. Ancaq yadında saxla ki, bugünkü gün səhnədən ilk çıxışını elədin, hamını güldürdün və alqış qazandın.
“Məhsəti”nin məşqləri teatrın “Böyük bağ”da yerləşən binasında (sonralar burada mədəniyyət evi, dövlət filarmoniyası, dövlət kukla teatrı yerləşmişdi) başlanmışdı. İlk stolarxası məşqlər bəzən günün ikinci yarısında bir neçə aktyorla bizim evdə də davam edirdi. Teatra yenicə baş rejissor gələn və “Məhsəti”yə quruluş verən Baxşı Qələndərli müvəqqəti olaraq ovaxtkı “Naxçıvan” mehmanxanasında (indiki tibb kollecinin binası) qalırdı. Teatrla üzbəüzdə yaşadığından Baxşı müəllimin son bir aydakı axşam məşqləri bəzən gecə saat 12-yə, hətta 1-dək davam edirdi. Bu avqust-sentyabr aylarına təsadüf etdiyindən və rejissorun tələbkar və maraqlı işi nəticəsində heç kəs narazılıq etmirdi. “Məhsəti” yeni binanın ilk tamaşası olacağına görə hamı demək olar ki, ikiqat məsuliyyətlə çalışırdı.
Həyat yoldaşım – Məmməd Qasımov tamaşanın quruluşçu rəssamı kimi bütün gün ərzində teatrda olurdu. Onsuz da baş rəssam kimi bütün sexlərin işinə nəzarət öhdəsində olsa da, bu dəfə həm də quruluşçu rəssam kimi ilk dəfə olaraq böyük masştablı və fırlanan dairəsi olan səhnə üçün dekorasiya eskizləri vermiş, onların maketlərini də özü hazırlamışdı. Ona görə də səhnə ilə əlaqədar olaraq yeni binaya da tez-tez baş çəkməli olurdu. Eyni zamanda şəhər internat məktəbi açıldığı ildən o da mənimlə bərabər burada pedaqoq kimi də fəaliyyət göstərirdi.
Mən gündüzlər dərsdə olduğumdan müəllif kimi yalnız axşam məşqlərində iştirak edə bilirdim. Məşqlərə gedərkən də o vaxt ilk və yeganə övladımız olan Ələkbəri də özümlə aparmalı olurdum. Hər gün son məşq prosesini 3-4 saat izləyən 5 yaşlı uşaq zaldakı kreslolarda mürgüləyib yuxuya gedir, gecə saatlarında atasının qucağında nə vaxt evə gəldiyindən və yatağına uzadıldığından bixəbər olurdu. İlk tamaşa gecəsi onun “izahatını” dinlədikcə bütün bunlar gözlərim önündə bir daha canlandı və hardasa uşağa haqq qazandırdım. Çünki teatrda onu maraqlandıran hər bir şeyi biz anlatmalıydiq, xüsusən də atası. Ancaq təəssüf ki, bizim buna vaxtımız qalmırdı.
İndi hər dəfə həmin premyera gecəsindəki bu gözlənilməz hadisəni öz-özümə xatırlayanda düşünürəm: o gecə kimin ağlına gələrdi ki, bu qocaman sənət ocağının yeni binasının açılışı günü özünü səhnə pərdəsinin arasından göstərən o uşaq ali teatr təhsili alıb muxtar respublikanın mədəniyyət nazirliyində işə başlayaraq məhz bu teatrın kuratoru kimi fəaliyyət göstərəcək. Daha bir neçə ildən sonra təşəbbüs göstərərək Naxçıvan Dövlət Kukla Teatrının yaradılması və təşkil olunması sahəsində, həmçinin onun püxtələşməsində müstəsna xidmətlər göstərəcək, uşaq vaxtı gecə saatlarında yuxuya getdiyi zalda əyləşib neçə-neçə tamaşaya quruluş verəcəkdir. Bağlı sərhədlər açılacaq, bu kukla teatrı qonşu ölkələrdə Naxçıvan mədəniyyətini, Azərbaycanın teatr sənətini təbliğ edəcək və günlərin birində pərdəsindən boylandığı səhnəyə quruluşçu rejissor kimi dəvət olunub burada da gözəl bir tamaşanın afişasına imza atacaqdır.
Çox qəribədir ki, Ələkbərin 2010-cu ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Naxçıvan Teatrının 80-ci illərin ortalarında təhrif olunmuş tarixinin elmi surətdə bərpasına həsr etdiyi dissertasiyasının müdafiəsində də həmin hadisəni xatırladım. Yenə öz-özümə düşündüm haradan-haraya. Taleyin nə qəribə işləri varmış. Onun da taleyinə teatr kəlməsi böyük hərflərlə, valideynləri kimi uşaqlıqdan yazılıbmış. Müdafiədən sonra həmin hadisəni Ələkbərin elmi rəhbəri, görkəmli teatrşünas, mərhum professor İnqilab Kərimova və opponenti, xalq artisti, professor Amaliya xanım Pənahovaya nəql etdim. Gülməklə yanaşı bunu bir qanunauyğunluq kimi qəbul etdilər.
Bu gün Ələkbərin fəaliyyəti yenə də bilavasitə teatrla bağlıdır. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu teatr və musiqi şöbəsinin böyük elmi işçisidir və hazırda doktorluq mövzusu üzərində çalışmaqdadır. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin müəllimi kimi incəsənət fakültəsinin aktyor sənəti şöbəsində səhnə danışığı fənnini tədris edir.
Böyük iftixar hissi duyuram ki, uşaqlıqdan bağlandığım teatr sevgisindən mənim teatral ailəm yarandı. Mən Azərbaycan ədəbiyyatında və milli teatrımızın tarixində mənzum pyeslərin ilk qadın-müəllifi kimi məşhurlaşdım. Sevimli, doğma teatrımın səhnəsində üç mənzum tamaşam oynanıldı. 1982-ci ildə Naxçıvanda yaradılan “Cavid” Poeziya Teatrının da təntənəli açılışı müəllifi olduğum mənzum “Mənim Tanrım gözəllikdir, sevgidir” tamaşası ilə oldu.
Bütün bu uğurlarıma görə öncə Allahıma, sonra həyat yoldaşım – 35 ildən artıq Naxçıvan Teatrının baş rəssamı işləmiş mərhum Məmməd Qasımova, daha sonra teatrın kollektivinə minnətdaram. Həyat yoldaşım dünyasını dəyişdikdən sonra mən doğma teatra əvvəlki kimi gedib-gələ bilmirdim. Foye, pillələr, otağının yerləşdiyi mərtəbə, xüsusən də səhnə daim onu xatırladırdı. Hər gün kövrəlib evə dönürdüm. Həyatımı isə teatrsız təsəvvür edə bilmirdim. Bədii Şuranın və ilk partiya təşkilatının katibi idim. Ancaq heç nəyə əlim yatmırdı. Bir neçə il tərəddüdlər içində işləmək məcburiyyətində qaldım.
Nəhayət, 1989-cu ilin dekabrında yenicə təşkil olunmağa başlamış Naxçıvan Dövlət Kukla Teatrına dəvət aldım. Bu teatrın da ilk ədəbi hissə müdiri oldum. 13 il də burada – oğlumun rəhbərlik etdiyi kollektivdə çalışdım. Bu teatr məni uşaqlar üçün də pyeslər yazmağa həvəsləndirdi. Vaxtilə “Məhsəti”nin məşqləri gedən səhnədə nağıllar əsasında qələmə aldığım üç mənzum pyesim tamaşaya qoyuldu. Ümumiyyətlə isə bu dövrdə uşaqlar üçün 6 pyes yazdım. Onlardan bir neçəsi bu gün də Bakıda, Gəncədə və Qaxdakı dövlət kukla teatrlarının repertuarındadır.
Beləliklə, mənim nağıllarla başlayan səhnə sevgim nağıllarla da davam edib. Bu gün də yeni pyeslər üzərində çalışarkən xatirələr məni kövrəldir. Düşünürəm ki, kaş o zamanlar olaydı. Sübhü oyaq gözlərimlə qarşılayanda mənim bir dramaturq kimi yetişib püxtələşməmdə əvəzsiz və unudulmaz xidmətləri olan həyat yoldaşım yanımda dayanıb yorğun gözlərimə baxaraq deyərdi: Sabahın xeyir olsun, yuxusuz şairə!
Bu xatiratımı doğma səhnəmizə həsr etdiyim şeirimlə tamamlamaq istədim:
Neçə sənətkardan ruhunu alıb,
Cəlil qələmiylə gülüb səhnəmiz.
Keçdiyi yollara hey şölə salıb,
Qəmi, rəzaləti silib səhnəmiz.
Qədim sinəsində min xatirə var,
“Sevil” seviləndə gəldi ilk bahar.
Açılıb atıldı qara çadralar,
İgidlər meydanı olub səhnəmiz.
Sənət yanğısıdır neçə ürəyin,
Yarandı qoynunda eşqin, diləyin.
Böyük Üzeyirin. Eynəli bəyin
Qolları üstündə gəlib səhnəmiz.
Bir əsrin əlindən o, cam alıbdır
Cavid ilhamından ilham alıbdır.
Ellərdən sönməyən bir şam alıbdır,
Onun ziyasıyla dolub səhnəmiz.
Bir elin, obanın könlünə düşüb
Hər an zirvələrlə qalxıb görüşüb.
Ölməz Səbuhinin qəlbidir düşüb
Əbədi yadigar qalıb səhnəmiz.
Cəlil qələmiylə gülüb səhnəmiz.
Keçdiyi yollara hey şölə salıb,
Qəmi, rəzaləti silib səhnəmiz.
Qədim sinəsində min xatirə var,
“Sevil” seviləndə gəldi ilk bahar.
Açılıb atıldı qara çadralar,
İgidlər meydanı olub səhnəmiz.
Sənət yanğısıdır neçə ürəyin,
Yarandı qoynunda eşqin, diləyin.
Böyük Üzeyirin. Eynəli bəyin
Qolları üstündə gəlib səhnəmiz.
Bir əsrin əlindən o, cam alıbdır
Cavid ilhamından ilham alıbdır.
Ellərdən sönməyən bir şam alıbdır,
Onun ziyasıyla dolub səhnəmiz.
Bir elin, obanın könlünə düşüb
Hər an zirvələrlə qalxıb görüşüb.
Ölməz Səbuhinin qəlbidir düşüb
Əbədi yadigar qalıb səhnəmiz.
Bakı, 2013.
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR