Lütfəli Abdullayevin yubileyi qeyd edildi
Görkəmli gülüş ustası Lütfəli Abdullayevin yubileyi qeyd edildi.
Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, yubiley gecəsini tanınmış rejissor, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzov idarə edib.
Gecədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Lütfəli Abdullayev mədəniyyətimizin, teatr sənətimizin ən parlaq və ləyaqətli korifey nümayəndələrindən, Azərbaycan gülüş sənətinin yaradıcılarından biridir.
Qeyd edilib ki, Lütfəli Abdullayev çox qısa, lakin son dərəcə zəngin bir ömür yolu keçib. Yaşadığı 59 il ərzində Azərbaycanın teatr və kino sənətinin ən möhtəşəm obrazlarını yaratmağa nail olub. 1938-ci ildən ömrünü bağladığı Azərbaycan Dövlət Musiqili Teatrı sanki onu ömrünün sonunadək buradan başqa yerə getməyə imkan verməmişdir. Vurğulanıb ki, qısa fasilələrlə bir sıra teatrlarda çalışdığı ayları çıxmaqla Lütfəli Abdullayevin bütün mənalı ömrü bu teatrda keçib.
Bildirilib ki, qüdrətli yumor ustası bu teatrda onun sənət yolunda bəxtinə çıxan, onunla yol yoldaşı olan korifey bəstəkarlar, rejissorlar, ifaçılar, artistlər, musiqiçilərlə çalışmış, yaddaqalan obrazlar yaradıb. Nəsibə Zeynalova, Bəşir Səfəroğlu kimi Azərbaycan tamaşaçılarına sevinc gətirən sənətkarlarla bir səhnəni bölüşüb. Qeyd olundu ki, bu üçlük teatr sənətimizdə komediya janrına sanki bir canlılıq gətirib. Onların səhnədəki hər oyunu minlərlə tamaşaçı üçün sağlam gülüş, əsl sənət və yaradıcılıq qaynağı olub. Bu sənətkarlar xalqla xalq dilində danışmış, onları güldürmüş, səhnədə göstərilənlərdən nəticələr çıxartmağa şərait yaradıblar.
Diqqətə çatdırılıb ki, Azərbaycan səhnəsinin nadir istedadlarından olan Lütfəli Abdullayev qısa zaman kəsiyində fəxri adlara layiq görülmüşdür.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən, paytaxtda və ölkənin bütün bölgələrində ilboyu gülüş gecələri, çoxlu sayda sərgilər, xatirə gecələri, filmlərin nümayişi və tədbirlər təşkil ediləcək.
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planı sırasında sentyabrın 19-da Şəkidə Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş birinci böyük gülüş bayramı və tədbir keçiriləcək.
Gecədə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Cahangir Novruzov sənətkarla bağlı xatirələrini bölüşmüş, onun səhnədə və televiziyada görünən tərəfləri ilə yanaşı, həyatdakı yerindən, insani keyfiyyətlərindən danışmışlar. Onlar Lütfəli Abdullayevi, eyni zamanda, gözəl insan, yaxşı ailə başçısı, humanist bir vətəndaş kimi xarakterizə ediblər.
Çıxış edənlər aktyorun tamaşaçıların qəlbində əbədi yer tutduğunu vurğulayaraq bildirmişlər ki, nə qədər Lütfəli Abdullayevin yaratdığı obrazlar yaşayır, bir o qədər də sənətkar yaşayacaq.
Gecədə görkəmli sənətkarın oynadığı film və tamaşalardan fraqmentlər göstərilmişdir. Həmçinin Azərbaycan Dövlət Musiqili Teatrının, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının və digər teatrların kollektivləri xüsusi olaraq yubiley gecəsi üçün hazırladıqları səhnəciklərlə çıxış ediblər.
Teatrın foyesində Lütfəli Abdullayevin fotoşəkillərindən ibarət sərgi də nümayiş olunub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR